Bu gün nələr baş verib? - Günün icmalı

6-11-2017, 19:49
Oxunub: 291
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfərə gedib


Etatist.com 06.11.2017 tarixində ölkədə baş verən hadisələrin qısa icmalını təqdim edir:




Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfərə gedib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun İsveç Kralığının xarici işlər naziri Marqot Vallström və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.




Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.





2018 “Formula-1” Azərbaycan Qran-prisinə bilet satışına start verilib. Noyabrın 6-dan dekabrın 31-dək həm xarici, həm də yerli avtoidman həvəskarları biletləri 20 faiz endirimli qiymətlərlə əldə edə bilərlər.
Bundan başqa, sırf yerli sakinlərə əlavə 25%-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib olan hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan xarici vətəndaşlar daxildi.




Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu ilin oktyabr ayının sonuna qədər müayinədən 344 729 nəfər keçib.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib 1 iyun 2015-ci il – 31 oktyabr 2017-ci il tarixində müayinədən keçmiş 23 652 nəfərdə talassemiya daşıyıcılığı, 1288 nəfərdə sifilis, 255 nəfərdə isə QİÇS aşkar edilib. Talassemiya daşıyıcısı olan cütlüklərin sayı 125 olub.




Bakıda səfərdə olan Fransa Milli Assambleyasının və Fransa - Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan Azərbaycan Taekvondo Federasiyasında (ATF) olub. Qonaq əvvəllər taekvondo ilə məşğul olduğu və idmana rəğbət bəslədiyi üçün bu addımı atıb.
Onunla birgə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov və Xarici İşlər Nazirliyinin nümayəndələri də federasiyanın idman kompleksi, milli komandanın və uşaq-yeniyetmə qruplarının məşq prosesi ilə, eləcə də kompleksdə taekvondoçulara yaradılan şəraitlə tanış olublar. Nümayəndə heyətinə taekvondonun inkişafı, nailiyyətləri və ATF-nın fəaliyyəti haqda ətraflı məlumat verilib.




Bu gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Qırğızıstanın Kənd Təsərrüfatı, Qida Sənayesi və Meliorasiya Nazirliyinin idarə rəisi Ağamat Canibekoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə məqsəd ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.




Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzər dənizinin milli sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 5,195 mlrd. ABŞ dolları məbləğində vəsait daxil olub.
Bu barədə Neft Fondundan bildirilib.




Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) prezidenti Darsi Spedi və SPE-nin Rusiya və Xəzər regionu üzrə direktoru Aizhana Jussupbekova ilə görüşüb.
Ali Məktəbdən verilən məlumata görə, görüş zamanı Elmar Qasımov SPE-nin builki sammitinin məhz BANM-də keçirilməsindən məmnun qaldığını deyib.





Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilən müsabiqənin test imtahanı mərhələsi başa çatıb.
İdarədən verilən məlumata görə, imtahanda təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə dəvət olunan 367 nəfərdən 229-u, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul üzrə dəvət olunan 168 nəfərdən 119-u, psixoloq vəzifəsinə işə qəbul üzrə dəvət olunan 179 nəfərdən 108-i, kitabxanaçı vəzifəsinə işə qəbul üzrə dəvət olunan 65 nəfərdən 42-si iştirak edib.




Fransanın Azərbaycandakı səfirliyi bu ölkəyə viza almaq üçün yeni qaydalar açıqlayıb.
Səfirlikdən verilən məlumata görə, noyabrın 7-dən etibarən səfirliyin viza bölməsində müraciətlər qəbul olunmayacaq.





Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti