"Dövlətsizlik xaosdan başqa bir şey deyil"

9-11-2017, 10:49
Oxunub: 345
Fərd cəmiyyətdəki öz mövqeyini anlamırsa, bir neçə fərddən toplanan qrup son nəticədə sistemə zərbə vurur


Dövlət - ən vacib institutlardan biri kimi.

Bəşəriyyət müasir formasını birbaşa almayıb. İnsan nəslinin yaranması, onun təkmilləşməsi, bu təkmilləşmənin ətraf mühitə təsiri nəticəsində hamımızın “dövlət” kimi tanıdığı sistem formalaşır.

Bu sistem necə formalaşdı?

Bildiyimiz kimi, Darvinin təkamül nəzəriyyəsi ancaq biologiya elmi üçün yox, bir sıra elmlər üçün də vacib faktora çevrilmişdir. Bu nəzəriyyənin müddəalarının tamamilə doğru olduğunu əminliklə deyə bilmərəm. Amma ona əminəm ki, Darvinin nəzərdə tutduğu insan şüurunun təkamülü birmənalı şəkildə doğrudur. İnsan fərd olaraq yarandı. İlkin olaraq tək yaşaya bilmədiyi üçün icma şəklində, tayfa adlanan birliklərə  qədər birgə fəaliyyət göstərdi. Onda insan hələ təbiəti yenicə kəşf edirdi. İlk ailələr - dövlətin, belə desək, rüşeymləri yarandı. Ata ailəni idarə edir, ağırlığı üzərinə götürürdü. Ailə strukturu dövlət strukturuna aparan paralel xətt idi. Tarixi baxımdan tayfa ittifaqlarının daha da böyüməsi və s. amillər dövlətçilik ənənələrinin əsasını qoydu. Dünyada ən qədim ölkələrin məskəni kimi şərqdə - Mesopotamiya, Çin, Misir, Hindistan, İran və sairəni, eyni zamanda qərbdə - Yunanıstan, Roma və s. ərazilərdə meydana gələn dövlətləri qeyd etmək olar.

Dövlət nədir?

Dövlət dar mənada hakimiyyət, xalqı idarə edən qurum, bir qrup insan kimi başa düşülə bilər.

Dövlət - ali hakimiyyət orqanı tərəfindən təmsil və təşkil olunan, sosial qaydanın təmini vasitəsi ilə insanların müəyyən ərazidə birgə yaşayışını təmin edən siyasi cəmiyyət təsisatı, idarə sistemidir.

Dövlətin mövcud olması üçün üç xüsusiyyət əsasdır: ərazi, xalq və hökumət.

Tarixən dövlətin quldarlıq, feodalizm, kapitalist kimi formaları olub. Ancaq bunlar sırf istehsal üsulu ilə bağlı idi. Hal hazırda isə texnologiyanın hakimiyyətə qədər irəliləməsi amili yeni dövlət modeli - “informasiya” dövlətini mümkün edir. Eyni zamanda bir ərazi daxilində XV əsrə qədər, daha doğrusu, kapitalizm yarananadək milli dövlətlər yox idi. Həmin dövrdən etibarən milli dövlətlər yaranmağa başlayıb. Bununla bağlı xeyli fakt və qeydlər göstərmək olar. Ancaq dövlət sistemi bir xalq, millət, xüsusi  cəmiyyəti idarə etdiyindən onun necə olması daim filosof və dövlət xadimlərini düşündürmüşdür.

Sistem olaraq dövlət, cəmiyyət, fərd bu sahədə necə iştirak etməli və necə davranmalıdır? Dövlət əhalinin razılığı ilə ölkədə balansı necə qorumalıdır?

Liberal fəlsəfəyə görə dövlət plüralist olmalıdır. Bu konsepsiyaya görə çoxluq əsasdır, dövlət ikinci plandadır. Çoxluq daxilində çoxfikirlilik mövcud olmalıdır. Belə desək, çoxluq istəməsə, dövlət olmaz. Ancaq T. Hobbs da “dövlətsizlik xaosdan başqa bir şey deyil” deyə qeyd edib. Amma bütün dövlətlər də xaossuz deyil. C. Lokk “harada qanun yoxdursa, orada azadlıq yoxdur” deməklə əslində cəmiyyətdə stabil vəziyyət üçün ali hakimiyyəti zəruri görür.

Marksizmin ideyası özünü doğrultmasa belə, apardığı tədqiqatlar siyasi elmə müxtəlif yeni anlayışlar gətirib. Kapitalist dövlətlə bağlı fikirlər, eyni zamanda onun tənqidi üzərində də marksistlərin müəyyən rolu olub. Onlar hesab edirlər ki, burjuaziya fəhlələri istismar edib bütün kapitalı öz əlində cəmləşdirir. Bu isə sinfi fərqlərə gətirir. Onlar bunu “sərvət hərisliyi” ilə bir tuturlar. Ancaq marksistlər səhv edirdi. Axı dövlət ilkin kapitalsız qeyri-mümkündür. Hətta adi məhsul istehsalına belə kapital lazımdır.

Maraqlısı odur ki, “informasiya cəmiyyəti”ndən söz açan C. Qelbreyt, R. Aron və başqaları “sinfi bərabərsizlik” ifadəsini, məncə, haqlı olaraq “əqli bərabərsizliklə” əvəz ediblər. Dövlətlərdə (bu, daha yaxşı inkişafa malik ölkələrə xasdır) əqli üstünlüklər həm dövləti, həm cəmiyyəti seçilən edir. Yaponiya buna ən bariz nümunədir.

Leviafan dövlətdən onu qeyd edim ki, bu daha çox neo-liberallar və sağçılara aid edilir. Burada hakimiyyət özünə xidmət edir və özünü inkişaf etdirir. Onlar üçün dövlət çoxluğu sıxışdırmaq və iqtisadi azadlığı məhdudlaşdırmaqdır.

Dövlətin yaranması ilə bağlı çox maraqlı yanaşmalar var: patriarxal, teoloji, zorakılıq, ictimai müqavilə, sosial-iqtisadi, üzvi, psixoloji, demoqrafik, antropoloji.

Ən məşhurlarından biri ictimai müqavilədir. Bu ideyanı ilk dəfə C. Lokk irəli sürür. Digərlərindən fərqli olaraq bu nəzəriyyə daha rasional idi. Ancaq insanların bir dövlətdə birləşməsi onların heç də sərbəst yaşaması deyildi. Bu zaman həm dövlət, həm dövləti təşkil edən çoxluq uyğun olaraq “hüquq verməyi və qorumağı”, “vəzifəni qəbul etməyi, yerinə yetirməyi” öz üzərinə götürmüşdü.

Ərazi və idarəetməsinə görə bir neçə dövlət forması mövcuddur. Ərazi formasına görə dövlətlər unitar və federativ, idarəetmə formasına görə isə respublika, monarxiya və qarışıq adlanan bir neçə yerə bölünürlər.

Dövlətlə hakimiyyət məhfumu eyni məzmunda deyil. Hakimiyyət dövlətin daxilində mövcuddur. Ancaq dövlət olmadan da hakimiyyət mövcud ola bilər. Leqal hakimiyyət dövləti əlində cəmləşdirən ali orqandır. Bütün siyasi hakimiyyətin qrup və fərdləri isə bu orqanın tərkibində olmaya da bilər. Məsələn, iqtidar ali orqanı təmsil edir, onun üzərində daha ciddi məsuliyyət var, vəzifə və səlahiyyətləri həyata keçirir. Müxalifət isə siyasi hakimiyyətin tərkib hissəsi olsa da, iqtidar kimi səlahiyyətlərə malik deyil.

Bəs dövlətlə xalq arasında münasibətlər nədə özünü göstərir?

Rejim dövlətlə xalq arasında münasibətləri özündə əks etdirə bilir. Çox vaxt rejim həm də dövlətin potensialı, əhalinin siyasi şüuru haqqında müəyyən nələrsə ifadə edir.

Dövlətin mahiyyətini dərk etmək həm hakimiyyət, həm də xalq ilə güclənə və çökə bilər. Burada iradə aktını yaddan çıxarmaq olmaz. Hakimiyyət unutmamalıdır ki, dövlətdə tutduğu yer onun müvəqqəti vəzifəsidir və dövlət onun mülkü deyil. Eyni zamanda xalq anlamalıdır ki, hakimiyyət heç də təkbaşına dövlət gücü deyil. Xalqda kütləvi şüursuzluq daha genişdirsə, dövlətin əsasları sarsılır. Xalq və hakimiyyət qarşılıqlı şəkildə mənəvi bağları əsas tutaraq birləşirsə, bir tərəfdən dövlət bütün sahələrə inteqrasiya etmək imkanı qazanır, digər tərəfdən əhalinin rifahı onlara uyğun olaraq reallaşır.

Onu da qeyd edim ki, dünya bir sistemdir. Həmin sistemin əsaslarından biri dövlətdir. Dövlətin əsası xalq, xalqın əsası isə fərddir. Fərd cəmiyyətdəki öz mövqeyini anlamırsa, bir neçə fərddən toplanan qrup son nəticədə sistemə zərbə vurur. Cəmiyyətdə ailələr əsas mahiyyəti təşkil etdiyi kimi, dövlət də sistemdə tarazlıq yaradır.

Xalq dövlətdə niyə və necə birləşir?

Qədim dövrlərdən başlayaraq insan mübarizə aparır. Heç bir insan tək mübarizə apara bilməz. Ən azından bu mübarizə üçün ona bir ideya, mənəvi bağlılıq lazımdır. İnsanların tələbatlarının ödənməsi, hüquq və azadlıqların təmini, təhsil, sosial, siyasi sahənin təşkili bir neçə insan vasitəsilə qurula bilməz. Belə çıxır ki, xalqa və ya millətə təşkilatlanmaq lazımdır: bunun əsası isə dövlət adlı institutdur. Eyni zamanda xalq və ya millət dövlətdən narazıdırsa, ona bağlı deyilsə, dövlət də yox olar. Ancaq bu hal hakimiyyətin dövlətə öz mülkü kimi baxıb, əhali üzərində diktatura qurduğu hallarda baş verir. Dövlət adlanan təsisatda birləşmək üçün ancaq coğrafi bağlılıq rol oynamır. Xalqın və ya millətin dövlətlə vəhdəti üçün ideya lazımdır. Hansı ki, bu ideya bir qrupun deyil, xalqın marağına yönəlməlidir.

Dövlətin inkişafında iki tendensiya yer alır: etatik və deetatik. Birincidə dövlətin tənzimləyici, birləşdirici, nizamlayıcı kimi rolunun artırılması, ikincidə isə vətəndaş cəmiyyətinin dövlətə təsirinin gücləndirilməsi nəzərdə tutulur. Düşünürəm ki, bizim cəmiyyət üçün isə birinci daha uyğundur. Buna səbəb kimi hələ də əhalinin öz həyatını “məişətlə” çərçivələməsini, insanların əksəriyyətinin dar çərçivədə düşünməsini və s. göstərmək olar. Dövlətlə bağlı etatizm anlayışı var. Bu anlayış həm də böyük türkçü M. K. Atatürkün adı ilə bağlıdır. Hətta Azərbaycanda belə bir ideologiya var. Onun yaradıcısı isə Şəhriyar Məcidzadədir. Bu, hakimiyyətə yox, dövlət məfhumuna bağlılığı ifadə edən ideologiyadır. İdeologiyanın postulatları hamını birləşdirir. Bu, o deməkdir ki, bizim cəmiyyətdə vahid dövlət gücünü strukturlaşdırmaq üçün etatizmin böyük rolu ola bilər.
Gülşən Əlizadə
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti