"Nəsimi tanrının məcnunu idi" - OXUCUDAN MÜSAHİBƏ

2-11-2017, 17:07
Oxunub: 1626
"Axtardığım cənnəti kitablarda tapmışam"


Milli Fikir Mərkəzinin nəzdində fəaliyyət göstərən Kitabıstanın "Oxucudan müsahibə" layihəsinin növbəti müsahibi BSU-un beynəlxalq münasibətlər fakültəsinin 3-cü kurs tələbəsi Zərifə Axundovadır.

Etatist.com sözügedən müsahibəni təqdim edir:

- Niyə kitab oxuyursunuz?
- Kamilləşməyə çatan yolda kitabları bir işıq kimi görürəm. Əslində insan buna yalnız kitabla nail olmur. Bu, sadəcə nail olmaq üçün lazım olan vasitələrdən biridir. Məlumat əldə etmək, dünyagörüşünü artırmaq- oxumağıma bunlar səbəb ola bilər. Əlavə olaraq, kitablar sakitlik və dincliklə doludur. Bir sözlə, axtardığım cənnəti kitablarda tapmışam.

- Kitabsız bir cəmiyyəti necə təsəvvür edirsiniz?
- Kitabların fikirlərə, düşüncəyə mənfi və ya müsbət cəhətdən təsiretmə qabiliyyəti çox böyükdü. Baxır kim nə niyyətlə istifadə edir fikirlərini oxucuya təqdim etdiyi kitablarında. Bu vasitə olmasa, dünyada həm mənfi,  həm də müsbət, müəyyən qədər əskikliklər olacaq.

- Füzuli tanrıya eşq dedi, Sabir tanrıdan tərbiyyə vasitəsi kimi istifadə etdi, Axundzadə isə ona ehtiyac duymadı. Bəs Nəsimi?
-Bu barədə dəqiq fikir bildirə bilmərəm. Şəxsi fikrimcə onun düşüncələrini analiz edərək bu fikri səsləndirəcəm - Nəsimi tanrının məcnunu idi və məcnunluq ona bu sonu bəxş etdi.

- Ədəbiyyatın tarixdən fərqi nədir?
- Tarix reallığı (yaxud real olduğuna inandırılanları), ədəbiyyat isə xəyalları, düşüncələri yazır.

- Nəzm, yoxsa nəsr?
- Sırf mənə görə  ruhun qidası üçün şeir, düşüncələrin qidası üçün nəsr. Hər ikisinə də ehtiyac duyuram.

- Dedektiv romanları çox oxuyursunuz. Bu janrda sizi cəlb edən nə var?
- Sirr, müəmma.

- Ədəbiyyat sual verməlidi, yoxsa cavab?
- Bu yolda məsafələr qəth edən insanlara sual, yeni addımlayanların suallarına isə cavab verməlidir.

- Hansı yol?
- Ədəbiyyatla maraqlanan insanların yolu.

- Yaradıcılıq nədir?
- Bu da bir növ ruhun qidasıdır. Lakin həmin qidadan cəmiyyət də öz payını götürür. Məsələn, mən şeir yazıram, yaxud rəsm çəkirəm. Bu rəsmin mənə yaşatdığı sevinc, sevgi hissi ifadə olunmaz olacaq. Eyni ilə bu rəsmi dəfələrlə seyr edən, yaxud şeiri dəfələrlə oxuyan insanlar orada özlərini tapacaq, eyni hissi yaşayacaqlar. Yəni bu, həm də onların ruhlarının qidasıdır.

- Özünüzü "Kitabıstan" vətəndaşı kimi görürsünüz?
- Mən sadəcə düşüncələrimin və orada mövcud olan ölkənin vətəndaşıyam. Bu ölkəyə isə hələ ki, bir ad qoymamışam. Bəlkə, utopik olduğu üçün Tomas Mordan oğurluq edib “Utopiya” adlandıra bilərəm (gülür).
Rəvan Cavid
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti