“Rusiya işi” ilə bağlı ilk ittihamlar irəli sürülüb

28-10-2017, 12:37
Oxunub: 261
R. Müllerin nümayəndəsi şərh verməkdən imtina edib


ABŞ-da Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Donald Trampın komandasının Rusiya ilə gizli əlaqələrinə dair təhqiqat aparan xüsusi prokuror Robert Müller ilk ittihamlarını irəli sürüb.

APA-nın xəbərinə görə, bu barədə CNN məlumat yayıb. İttihamlar Vaşinqtondakı Böyük Jüri tərəfindən təsdiqlənib. Lakin federal hakimin qərarına əsasən cinayət işinin materiallarının əldə edilməsinə məhdudiyyət qoyulub. Bu səbəblə ittihamların xarakteri, eləcə də iş üzrə adı keçən şəxslərin kimliyi və sayı bəlli deyil. Lakin oktyabrın 30-dan etibarən ilk həbslərin başlayacağı bildirilir.

R. Müllerin nümayəndəsi şərh verməkdən imtina edib.    

Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun (FBI) sabiq direktoru Robert Müller bu ilin mayında “Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. Təhqiqatı baş prokurorun-ədliyyə nazirinin müavini Rod Rozenşteyn koordinasiya edir. R. Rozenşteyn prezident Donald Tramp tərəfindən FBI direktoru Ceyms Kominin işdən kənarlaşdırılmasından sonra xüsusi prokuror təyinatını həyata keçirib. R. Müller C. Kominin 2016-cı ilin iyulunda başladığı təhqiqatı davam etdirib və genişləndirib. Təhqiqat D. Trampın köməkçiləri, onların Rusiya təmsilçiləri ilə görüşləri, seçki kampaniyasının maliyyələşdirilməsi məsələləri üzərində cəmlənib. Əsas şübhəlilərdən biri Trampın seçki qərargahının sabiq rəhbəri Pol Manafortdur. P. Manafortun çirkli pulların yuyulmasında ittiham oluna biləcəyi iddia edilir.

Müxalif demokratlar təhqiqatın nəticələrinin Donald Trampın vəzifədə kənarlaşdırılması (impiçment) üçün əsas yaradacağına ümid bəsləyirlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti