Bu gün nələr baş verib? - Günün icmalı

23-10-2017, 20:57
Oxunub: 44
İlham Əliyev Şəki şəhərinin Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb


Etatist.com 23.10.2017 tarixində ölkədə baş verən hadisələrin qısa icmalını təqdim edir:


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.




Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya işgüzar səfər edib.
XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, nazir oktyabrın 24-25-də ATƏT-in Aralıq Dənizi Tərəfdaşlığı naminə Əməkdaşlıq proqramı çərçivəsində təşkil olunan “Aralıq Dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı konfransda iştirak edəcək.




“İraqın sərhədlərini qanunsuz olaraq keçdiyi üçün saxlanılan Azərbaycan vətəndaşlarının azad edilməsi istiqamətində işlər aparılır”.
Bunu Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib. R. Qafarov bildirib ki, hazırda həmin şəxslərin siyahısı, İraqa hansı yolla, nə vaxt gəldiklərinə dair məlumatlar dəqiqləşdirilir: “Bu işlər bitdikdən sonra onların həbsdən azad edilərək Azərbaycana göndərilməsi üçün çalışacağıq”.




Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbi qulluqçusu Zeynalov Cabbar Firuddin oğlu bu gün anadan olduğu Saatlı rayonunda dəfn edilib.
18 yaşlı şəhid əsgər rayonun Əhmədbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəis müavini vəzifəsinə yeni təyinat olub.
Polkovnik Şahverdiyev Mayıl Seminar oğlu SHÇDX-nin rəis müavini vəzifəsinə təyin edilib.



Azərbaycan prezidenti İlham Əliyev Şəki şəhərinin Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
17 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.



Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danq ilə görüşüb.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Pan-Afrika Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.




Biləsuvar rayonunda 500 kq pambıq yanıb.
Hadisə Əsgərabad kəndində pambıq məntəqəsinin ərazisində baş verib.




Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişlərinin həcmini açıqlayıb.
Fonddan verilən məlumata görə, ləğv prosesində olan "Yunayted Kredit Bank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3,55 mln. manat olmaqla, onlardan 3,23 mln. manatı qorunan əmanətlər, o cümlədən 2,099 mln. manatı kompensasiya olunan əmanətlərdir. 17 oktyabr 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1,837 mln. manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 87,5%-i) və 262,485 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.




Bakıda yanğın hadisəsi qeydə alınıb.
Bakının Xətai rayonunda yol kənarında 50 m2 sahədə taxta tullantıları yanıb.



Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti