"Türk gəncləri bizdən daha intellektualdırlar" - OXUCUDAN MÜSAHİBƏ

25-10-2017, 11:43
Oxunub: 792
"Bizim insanlarımız daha səmimidir"


Kitabıstanın “Oxucudan müsahibə” layihəsinin növbəti qonağı Safura Zamanlıdır.

Etatist.com sözügedən müsahibəni təqdim edir.

- Kitabıstan layihəsi ilə tanışsınız?
- Bəli, tanışam.

- Nə düşünürsünüz layihəmiz haqqında?
- Düşünürəm ki, intellektual insanları bir yerə toplamaq üçün bundan gözəl şərait yaradıla bilməzdi. Həyatda əyləncə və bəzi sərgüzəştlərdən daha vacib və faydalı şeylər yaradılmalıdır. Kitabıstan uğurlu nümunədir.

- Oxuduğunuz ilk kitab yadınızdadır?
- Cəlil Məmmədquluzadənin "Poçt qutusu" əsəri.

- Sizcə, biz Novruzəliyə lağ etməli, ya onu başa düşməliyik?
- Əlbəttə, başa düşməliyik. Nəticədə cahil bir toplumun içərisində yaşayan və onun kimi yüzlərlə Novruzəlilərdən söhbət gedir. Bu fikir insana görə dəyişə bilər.

- Sizcə, Novruzəlilərin sayı artıb, ya azalıb? Yəni biz Mirzə Cəlilin yazdıqlarının faydasını görürükmü?
- Düşünürəm ki, ölkənin hazırki vəziyyətinə görə onlar çoxalmağa doğru gedir. Söhbət avamlıq, yaxud bisavadlıqdan getmir. Kitab oxuyan və oxumağa cəhd göstərən kadrlar azalır. Texnologiya dövrü bizdən bunu istəmir. C. Məmmədquluzadənin dediklərindən nəticə çıxaranlar, soyuq su üzünə çırpılmış kimi qəflət yuxusundan oyananlar var. Amma azalırlar...

- Bəs indi hansı kitabı oxuyursunuz?
- Hal hazırda Dostoyevskinin "İdiot" kitabını.

- Hansı obraz sizə daha maraqlı gəlir?
- Hələ ki, Nastasiya Flipovna obrazı daha çox cəlb edir. Kitaba yeni başlamışam deyə tam fikir söyləyə bilmirəm.

- Dostoyevskinin başqa hansı əsərlərini oxumusunuz?
- "Alçaldılmış və təhqir olunmuş insanlar" romanını. Əslində dövrümüzün təsvirinə uyğun gəlir. Burada xor görülən aşağı təbəqəli insanların alçaldılmasından söhbət gedir. Ümumiyyətlə, Dostoyevskinin bu əsərində hadisələrin axarı oxucunu sıxmayan şəkildə təsvir olunub. Buna ən uğurlu əsəridir deyə bilərəm.

- Türkiyədə təhsil alırsınız. Türkiyə ilə Azərbaycan arasında hansı oxşar və fərqli cəhətlər var?
- Düşünürəm ki, təhsil sistemi bizim ölkədəki təhsil istemindən daha uğurludur. Bizim təhsil sistemi də pis deyil. Ancaq ciddi çatışmazlıqlar hiss olunur. Bizim insanlarımız daha səmimidir. Şəhərləri gözəldir. Burada hər şey daha sərbəstdir. Buranın da mentalitetlə yaşayan əraziləri var, lakin bizə çata bilməz. Savadlı insanları və kitaba tələbat çoxdur. Dinə çox bağlıdırlar.

- Türk gəncləri bizim gənclərdən savadlıdırlar?
- Daha intellektualdırlar. Çünki ali təhsili olmayan vətandaşın belə dünyagörüşü kifayət qədərdir.

- Nəyə görə psixologiya ixtisasını seçdiniz?
- Bu, uşaqlıqdan ən çox arzuladığım və marağında olduğum ixtisas olub. Bununla belə, hər kəsi tanıyıb, bacardığım qədər onları dinləməyə, onların problemini azaltmağa cəhd göstərmək istəmişəm. Axı insanların hər zaman tanımadığı insana deməyə dərdləri olur.

- Özünüzü Kitabıstan vətəndaşı sayırsınız?
- Sayıram. Çünki nəsli kəsilməkdə olan kitabıstanlılardanam.
Nicat Həşimzadə
Kitabıstan
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti