Azərbaycan və Meksika arasında hökumətlərarası saziş imzalanıb

20-10-2017, 19:52
Oxunub: 121
Səfir Rodriqo Labardini imzalayıb


"Azərbaycan Respublikası hökuməti və Meksika Birləşmiş Ştatları hökuməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş" imzalanıb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sazişi Azərbaycan Respublikası hökuməti adından xarici işlər nazirinin müavini Xələf Xələfov, Meksika Birləşmiş Ştatları hökuməti adından isə bu ölkənin Azərbaycandakı səfiri Rodriqo Labardini imzalayıb.

X. Xələfov Azərbaycan və Meksika arasında münasibətlərin uğurla inkişaf etdiyini deyib. O, 2017-ci ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edilməsi ilə əlamətdar olduğunu bildirərək bu illər ərzində Azərbaycan və Meksika arasında formalaşmış siyasi dialoqun məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Nazir müavini imzalanmış sazişin müvafiq sahələrdə əməkdaşlığın intensiv şəkildə inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib, bu istiqamətdə səylərin artırılması üçün iki ölkənin müvafiq qurumları arasında təmasların artırılmasının vacibliyini vurğulayıb. O, iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafından məmnunluğunu vurğulayıb və bu xüsusda Meksikanın qanunverici orqanı tərəfindən Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə əlaqədar qətnamələrin qəbul edilməsini yüksək qiymətləndirib.

Səfir Rodriqo Labardini ikitərəfli əlaqələrin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini söyləyərək Azərbaycanla Meksika arasında mövcud ticarət dövriyyəsinin 3 dəfəyə qədər artdığını nəzərə çatdırıb. O, 2016-cı ilin ikinci yarısında iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsinin keçirildiyini, bunun ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini bildirib. Səfir imzalanmış sazişin iki ölkə arasında təhsil, elm, gənclər, mədəniyyət və idman kimi humanitar sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyinə və münasibətlərin inkişafında böyük rol oynayacağına əminliyini ifadə edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti