“Yeni romanslar” müsabiqəsinin qaliblərinin təqdimetmə mərasimi keçirilib

18-10-2017, 18:01
Oxunub: 311
Gələcəkdə də belə layihələrin keçirilməsi nəzərdə tutulur


Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət” kanalının təşkilatçılığı ilə keçirilən “Yeni romanslar” müsabiqəsinin qaliblərinin təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə kanalın direktoru, müsabiqənin təşəbbüskarı Ramil Qasımov və əməkdar incəsənət xadimi Elnarə Dadaşova çıxış edərək, layihənin romans janrına, ümumiyyətlə, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışıblar. “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov çıxışında qeyd edib ki, ölkəmizdə keçirilən muğam müsabiqələri, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Şəki İpək Yolu Musiqi Festivalı, Caz Festivalı ölkə rəhbərliyinin mədəniyyətimizə verdiyi önəmin, diqqət və qayğının əyani sübutudur.

Ramil Qasımov həmçinin “Romans” müsabiqəsinin də keçirilməsi və gənc bəstəkarlara göstərilən diqqətin bu siyasətin bir qolu olduğunu vurğulayıb: “Bütün dövlət müəssisələrində gənclərə böyük etimad, diqqət və qayğı göstərilir. Bu müsabiqənin də keçirilməsində, gənclərə göstərdiyi dəstəyə, yaratdıqları şəraitə görə Azərbaycan Televiziyası rəhbərliyinə təşəkkürünü bildirirəm. Müsabiqədə seçilən on nəfər bəstəkarlardan səkkizi gənclərdir və bu gənclərdən dördü Azərbaycan Televiziyasında işə qəbul ediliblər”.

Qeyd edək ki, bu ilin iyun ayında elan olunan “Romans janrı üzrə müsabiqə”də iştirak edən bəstəkarlar arasından on ən yaxşı əsər pul mükafatına layiq görülüb. Həmin romanslar təqdimetmə mərasiminin sonunda tanınmış vokalçılar tərəfindən tamaşaçılara təqdim olunub. “Mədəniyyət” kanalının təşkilatçılığı ilə gələcəkdə də belə layihələrin, müsabiqələrin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqənin informasiya dəstəyi "APA Holding"ə məxsusdur. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti