Amerikalı iş adamlarını aqrar sektora investisiya yatırmağa dəvət edib

18-10-2017, 15:29
Oxunub: 33
İnfrastruktur layihələr həyata keçirilir


Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Qil və bu ölkənin Ankaradakı Ticarət Xidmətinin rəhbəri, ticarət müşaviri Bill Çaykovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə məqsəd Azərbaycanla ABŞ arasında kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanlarının, eləcə də, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və bu sahədə sərmayə qoyuluşunun müzakirəsi olub.

Görüşdə İ.Quliyev ABŞ-la Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni müstəvidə inkişaf etdiyinə bildirərək Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı, dövlət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq və çayçılığa diqqət yetirildiyi barədə geniş məlumat verib. Nazir müavini ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyini nəzərə çatdırıb.

İ.Quliyev bildirib ki, Azərbaycan neft ölkəsi olsa da, hal-hazırda ölkə başçısı tərəfindən qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirilir. Bu məqsədlə dövlət tərəfindən strateji proqramlar, regionlarda sərmayə qoyuluşunu genişləndirmək üçün infrastruktur layihələr həyata keçirilir. Nazir müavini həmçinin ölkəmizdə fermer və sahibkarların torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunduğunu, gübrələrin 70%, kənd təsərrüfatı texnikalarının 40% güzəştlə verildiyini qonaqların diqqətinə çatdırıb. Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Göygöl rayonunda ən müasir texnologiyalara uyğun süni mayalama mərkəzinin tikildiyini nəzərə çatdırıb.

Nazir müavini ABŞ iş adamları üçün Azərbaycanda ekoloji, təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli investisiya mühitinin olduğunu bildirib.

İ.Quliyev ABŞ-ın "John Deere" şirkəti ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, şirkətlə əməkdaşlığı daha da genişləndirmək məqsədi ilə işçi qrupunun yaradıldığını və yaxın günlərdə qrupun geniş tərkibdə toplantısının keçiriləcəyini diqqətə çatdırıb.

Bundan başqa, nazir müavini FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə ofisi ilə də sıx əlaqələrin olduğunu və birgə layihələrin həyata keçirildiyini, həmçinin fermerlərin bu layihələrdən faydalandığını qeyd edib.

U.Qil Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti