"Risklər bəzən uğur gətirir" - MÜSAHİBƏ

17-10-2017, 15:03
Oxunub: 1439
"İnsanın bütün fəaliyyəti ona təcrübə gətirir"


Bu dəfə xaricdə təhsil alan daha bir azərbaycanlı gənclə müsahibəmizi təqdim edəcəyik. Müsahibimiz Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu, hal hazırda Çində təhsil alan və şəxsi biznesi olan gənc Fərahim Hüseynzadədir. O, həmçinin bir sıra bilik yarışlarının da qalibi olub.

Özünün dediyinə görə Çində təhsil almağı seçməsinə səbəb Çinin inkişaf edən iqtisadiyyatı və Azərbaycanlı iqtisadi əlaqələridir.

Etatist.com
sözügedən müsahibəni təqdim edir:

- Zəhmət olmasa özünüzü təqdim edərdiniz... 

- 1994-cü ildə Bakı şəhərində anadan olmuşam. 2011-ci ildə Bakı şəhəri, Xətai rayonu, 55 saylı orta məktəbi bitirmişəm, həmin il BDU hüquq fakültəsinin ingilis bölməsinə daxil olmuşam.

- Bu günə qədər qazandığınız ən böyük uğur hansı olub?
- "Mən azərbaycanlıyam" oyunuda ilin qalibi olmağım. 2012-2013-cü illər mövsümü üzrə BDU hüquq fakültəsində iki il ardıcıl Tələbə Gənclər Təşkilatının sədri seçilməyim. Amma məncə tam olaraq ən böyük uğur hesab edəcəyim şeylər irəlidədir.

- Gələcəkdə özünüzü hansı yerlərdə görürsünüz?
- Əslində bu barədə danışmaq tezdir hələ ki. Çünki zaman, məkan, şərait, təsir edən müxtəlif amillər və s. var. Amma inanıram ki, magistr təhsilimi başa vurandan sonra daimi çalışdığım sahədə, müəssisədə və ya elə biznes mühitində davam etsəm həmin sahədə ən uğurlu 5 nəfərdən biri olacam yaxın gələcəkdə.

- Şirkəti açarkən önəm verdiyiniz əsas faktorlar nələr olub?
- Önəm verdiyim faktorlar əsasən, hədəf kütləsi, bazardakı rəqabət şəraiti idi. Mən hər şeyi çox götür-qoy edən biriyəm. Amma şirkətin əsasını yaxın bir dostumla qoymuşam və belə bir ideya yarananda açığı o qədər də düşünmədik. Çünki müəyyən qədər araşdırmışdıq və çətini başlamaqdır deyə düşünüb başladıq. Şirkət əsasən məhsulların daşınması və şirkətlərə çatdırılması ilə məşğuldur. Belə demək olarsa, alıcılarımız yalnız korporasiyalar və şirkətlərdir.

- Uğurlu karyeranın formulu nədir?
- Məncə gördüyün işi sevərək etmək, müəyyən bir yerdən sonra artıq mütləq qaydada maliyyə marağının təmin olunması, işindən zövq almaq, işə gələndə-gedəndə bunu həvəslə etmək. Lap işi bir kənara qoyaq. Mən 4-5 il müddətində gənclər sektorunda çalışmışam. İstər təşkilatlarda yardımçı vəzifələrdə, istər rəhbər kimi təcrübəm böyükdür. İnsanın bütün fəaliyyəti ona təcrübə gətirir - pis və ya yaxşı. Və hər bir fəaliyyət onu hansısa məqsədinə aparır. Bunun üçün də mən belə düşünürəm ki, ən vacib şeylərdən biri ətrafında sağlam mühitinin, ziyalı, intellektual təbəqənin olması, ruhdan düşməmək, bir az rəqabətə meylli olmaq, öz üzərində işləmək həvəsi, daim fərdi inkişaf insanı uğura aparır. Qazandığı uğuru qoruyub saxlamaq, inkişaf etdirmək və ya itirmək artıq insanın müdrikliyindən aslıdır.

- Sizi Uzaq Şərqdə təhsil almağa nə vadar etdi?
- Əslində bir çox Avropa ölkələrinin nüfuzlu universitetlərindən, həm də təqaüdlü proqramlara qəbul olmuşdum. Amma sonda seçimim Çin oldu. Başlıca səbəb kimi, düşünürəm ki, Çinin artan iqtisadi, siyasi gücünü hər kəs müşahidə edir və buna heç kimin şübhəsi yoxdur. Çin dilini bilən şəxslər (təhsilim ingilis dilindədir, amma iki il ərzində qarşıma qoyduğum məqsədlərdən biri çin dilini mənimsəməkdir), Çinin mühitini, Çindəki siyasi prosesləri yaxından izləyən, mədəniyyətinə bələd olan, insanlarla dil tapmağı bacaran, oranın hüquq sisteminə tanış olan, onun təhsilini alan insanlar əvəzsiz kadra çevriləcəklər. Nəzərə alaq ki, bütün bunların fonunda Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında artan əməkdaşlıq durur, ildən-ilə inkişaf edir... Mən belə hesab edirəm ki, xarici siyasətimizin prioritet sahələrindən biri məhz elə Çinlə əlaqələrdir.

- Son olaraq bu sahədə olmaq, öz biznesini qurmaq istəyən gənclərə nə kimi məsləhətlər verərdin?
- Mən gənclərə məsləhət vermək kimi bir nailiyyətim olduğunu düşünmürəm. Bunu, yaxın gələcəkdə, ümidvaram, arzuladığım pilləyə qalxdıqdan sonra edə bilərəm. Sadəcə müəyyən sahələrdə çalışmış, az-çox uğurlu olmuş, daha çox aktiv tələbəlik yaşamış, "Xəmsə", "Ağıl Dəryası", "Nə? Harada? Nə Zaman?", "Breyn-Rinq", "Parlaq Zəka" kimi layihələrin iştirakçısı və qalibi kimi təcrübəmi bölüşə bilərəm.

Öncə onu bildirim ki, təhsilləri ilə ciddi məşğul olsunlar, sosial fəallıq göstərsinlər, intellektual oyunlara qatılsınlar, ən azından sınasınlar özlərini və nəyə həvəsləri varsa, onu etsinlər. Yox, əgər hansısa bir işi görməklə digər sahəni axsatdıqlarını düşünürlərsə, o zaman ilk olaraq əyləncələrindən, boş vaxtlarından bir az kəsib, təhsillərinə sərf etsinlər. İnanın ki, uduzmayacaqlar. Çünki həyatda hər şeyə, adicə bir dostunla görüşməyə, qohumunu yad etməyə, elm əldə etməyə, dostlarla əylənməyə - hər şeyə vaxt var. Sadəcə bu prioritet məsələsidir. Mütləq qaydada prioritetlərini müəyyən etsinlər. Hər şeyin ardı gələcək. Biznes sahəsində yeni olduğum üçün sadəcə bunu deyə bilərəm ki, istədikləri, qəlbən uğurlu olacaqlarına inandıqları şeyləri etsinlər, çox düşünmək bəzən çox fəsadlar törədir, insanı uğurlu olacağı şeylərdən ayırır. Risklər bəzən uğur gətirir.
Nigar Həsənova
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti