İnkişaf inkardan başlayır - Fərdin vətəndaş cəmiyyətində rolu

13-10-2017, 16:41
Oxunub: 588
Əvvəlcə öz sektorumuzu təmizləməliyik


Fərdlərin cəmiyyətdə məqsədləri naminə birləşdiyi ən böyük anlayışlardan biri vətəndaş cəmiyyətidir. Vətəndaş cəmiyyəti anlayışı ilk dəfə Platon və Aristotel tərəfindən istifadə olunmağa başlanıb. Demokratikləşmə prosesinin ən vacib elementlərindən biri də məhz vətəndaş cəmiyyətinin qurulmasıdır. Vətəndaş cəmiyyəti bütün demokratik sistemlərin bazasıdır. Vətəndaş cəmiyyətinin demokratiya anlayışı ilə birlikdə işlədilməsi Aleksis Tokvilin adı ilə bağlıdır.

Vətəndaş cəmiyyəti əsasən aşağıdakılardan təşkil olunur:

- şəxsiyyət;
- ailə;
- məktəb;
- məscid (kilsə, sineqoq, və s.);
- sahibkarlıq və təşəbbüskarlıq;
- sosial qruplar, siniflər;
- vətəndaşların şəxsi həyatları və onların təminatı;
- demokratik qurumlar;
- ictimai birliklər, siyasi partiyalar və hərəkatlar;
- müstəqil məhkəmələr;
- təhsil sistemi;
- müstəqil KİV-lər;
- qeyri-dövlət sosial-iqtisadi əlaqələr.

Vətəndaş cəmiyyətinin ən əsas vəzifələrindən biri dövlətə alternativ yaratmaqdır. Lakin müasir dövrdə siyasi mədəniyyətin formalaşmadığı toplumlarda vətəndaş cəmiyyəti dövləti özünə qarşı təhlükə olaraq görür. Eyni zamanda dövlət də vətəndaş cəmiyyətini özünə rəqib olaraq görür. Vətəndaş cəmiyyəti dövlətdən fərqli olaraq rəngarəngdir, orada hər təbəqədən, düşüncədən olan insanlar toplanırlar. Bu isə vətəndaş cəmiyyətində müxtəlifliyə rəvac verir. Lakin dövlətin strukturlaşmasında vəziyyət eyni deyil. Dövlət daha çox bir proqram istiqamətində eyni fikir ətrafında toplanan insanların birliyidir. Vətəndaş cəmiyyətinin inkişafı eyni zamanda dövlətin də inkişafına zəmin yaradır. Çünki kadrlar öz bacarıqlarını vətəndaş cəmiyyətində göstərdikləri fəaliyyətlə sübut edirlər.

Bu gün Azərbaycan gəncliyinin ən böyük problemi iş təcrübəsinin olmamasıdır. Gəlin düşünək, necə olur ki, Qərb dövlətlərində eyni yaşda olan gəncin müəyyən təcrübəsi var, lakin bizim ölkəmizdə olan gəncin təcrübəsi yoxdur. Səbəb sadədir. Bizim ölkəmizdə vətəndaş cəmiyyəti inkişaf etmədiyi üçün gənclərin idarəetmə bacarıqları, təcrübələri formalaşmayıb. Ona görə də bu gün ölkədə ciddi kadr problemi var, bunun birinci səbəbi təhsildirsə, ikinci səbəbi vətəndaş cəmiyyətinin zəif inkişafıdır.

Vətəndaş cəmiyyətinin özünəməxsus xüsusiyyətlərindən biri könüllülük əsasında fəaliyyətdir, yəni sən maddi olaraq heç bir qarşılıq gözləmədən çalışırsan. Bəs hal hazırda Azərbaycanda vəziyyət necədir? Vətəndaş cəmiyyətində çalışan gənclər ilk olaraq ailələri, daha sonra dostları tərəfindən gülüş obyektinə çevrilib qınanırlar. Çünki Azərbaycanda münasibətlər bütün kateqoriyalarda maddiyyat üstünə quruludur. Gəlin baxaq:

- Valideyn-övlad;

- Müəllim-tələbə;

- Dost-dost;

- Oğlan-qız və s.

Artıq ölkəmizdə bütün münasibətlər iqtisadiləşdiyi üçün vətəndaş cəmiyyətində də həmin hadisə təkrarlanır. Bəzi insanlar gəlir əldə etmək üçün QHT-lər yaradırlar, gənclər qazanc əldə etmək üçün ora müraciət edirlər..

Vətəndaş cəmiyyətinin fəaliyyətinin maddi bazasını əsasən donorlar təşkil edir. Donorların ayırdığı qrantlar ölkələrdə vətəndaş cəmiyyətinin inkişafına yönləndirilməlidir və heç bir mənfəət güdməməlidir. Azərbaycandakı vəziyyətə baxanda isə biz tamamilə əksini görürük. Qrantlar yalnız fərdi istəklərə xidmət edir. Qrantlar hətta yeni biznes layihələrin həyata keçirilməsində sərmayə rolunu oynayır. QHT rəhbərlərindən bunun səbəbini soruşduqda, əlbəttə ki, ilkin olaraq bunu qəbul etməyəcəklər. Bir az daha səmimi münasibətiniz varsa, eşidəcəyiniz cavab budur: “Nə edək, biz də birtəhər dolanmalıyıq da.”

Fərd hər bir strukturun ən vacib hissəsidir. Çünki yaradıcı fərddir. Vətəndaş cəmiyyətinin də qurucusu odur. Məsuliyyət istər dövlət strukturlarında, istərsə də vətəndaş cəmiyyətində şəffaflığı təmin edə bilər. Vətəndaş məsuliyyəti hər iki sektorda da özünü göstərməlidir. Heç bir tərəfin etdiyi yanlış digər tərəfin etdiklərinə bəraət qazandırmamalıdır. “Dövlət orqanlarında korrupsiya var, niyə onu demirsiniz, qrantları deyirsiniz?” Baxın bütün toplumumuzun problemi bu sualdadır. Biz qarşı tərəfin etdiyi hərəkətlərdən özümüzə haqq qazandırırıq. İnkişaf inkardan başlayır. Biz əvvəlcə öz sektorumuzu təmizləməliyik ki, qarşı tərəfdən də nəsə istəyə bilək.

Məsələyə başqa prizmadan baxaq. Yuxarıda dediyim kimi, vətəndaş cəmiyyəti dövlət üçün alternativ bazadır. Əgər dövlət vətəndaş cəmiyyətinin içərisindəki bacarıqlı kadrlarla münasibətində “3 meymun”u (görmürəm, eşitmirəm, danışmıram) oynayırsa, o zaman kadr çatışmazlığı da yaranacaq, iqtisadi problemlər də.

Dövlət-Vətəndaş cəmiyyəti münasibətlərinin siyasi mədəniyyət çərçivəsində qurulacağı təqdirdə isə hər iki tərəf bundan faydalana bilər. Qarşılıqlı münasibət dedikdə bunu iqtisadi tərəfdən anlamamalıyıq. Bu sadəcə qarşılıqlı əməkdaşlıq tələb edir.

Pünhani Əsgərli (ACSIS Araşdırmalar Mərkəzinin sədri)
Etatist.com


Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti