Saatlıda suvarma sisteminin təkmilləşdirilməsi layihəsi həyata keçirilib

13-10-2017, 15:57
Oxunub: 49
Layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib


Bu gün Saatlı rayonunun Varxan kəndində təkmilləşmiş suvarma sisteminin açılışı olub.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, tədbirdə ABŞ-ın Azərbaycandakı səfirinin müavini Vilyam Gil, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər.

Bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib, Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

“Amerika Birləşmiş Ştatları bu layihədə iştirak etməkdən məmnundur. Azərbaycanda həyat keyfiyyətinin yaxşılaşdırılması və iqtisadi inkişafın irəliləməsi üçün davamlı əməkdaşlığa ümid edirik”, - deyə səfir müavini V. Gil açılış mərasimində söyləyib.

Saatlı rayonunun Varkan kəndində saatda 1,700 m3 həcmində su axını təmin edən su nasosu quraşdırılıb. Təmir olunmuş 600 metrlik yol 1200-dən çox kənd sakininin həyat şəraitini yaxşılaşdıracaq. Yeni suvarma sistemi suvarma suyuna çıxışı artırmaqla, vaxt və resurslara qənaət etməkdə köməklik edərək yerli fermerlərin yaşayış səviyyəsini yaxşılaşdıracaq.

EWMI təşkilatı vasitəsilə ABŞ-la Azərbaycan hökuməti 89 icmada 152,000-dən artıq insanın faydalana biləcəyi 101 layihə həyata keçirib. USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı vasitəsilə EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti