Bu gün nələr baş verib? - Günün icmalı

12-10-2017, 20:17
Oxunub: 27
SOCAR tərəfindən 4 mlrd. 457,8 mln. kubmetr qaz hasil edilib


Etatist.com 12.10.2017 tarixində ölkədə baş verən hadisələrin qısa icmalını təqdim edir:



Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə böyük diqqət yetirilir. Belə ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inşası artıq yekunlaşır. Bu ayın sonunda dəmir yolunun istismara verilməsi nəzərdə tutulub".
Bunu Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti 2017" adlı tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC -nin (ADY) sədri Cavid Qurbanov bildirib.



Bu gün Bakıda "Argus Media" beynəlxalq neft sammiti işinə başlayıb.
İki gün davam edəcək tədbirin əsas tərəfdaşı SOCAR-dır.



Nazirlər Kabineti "Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nı təsdiq edib.
Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.



"Bank VTB (Azərbaycan)" ASC-nin maliyyə departamentinin müdiri Roman Rudakov bankın İdarə Heyətinin yeni üzvü təyin olunub.
Bankın mətbuat xidmətindən verilən məlumata görə, R. Rudakov Belqorod Dövlət Universitetini, eləcə də Moskva Dövlət polad və ərintilər institutunu bitirib.



"Caspian European Club" özəl sektorda dövlət strukturlarının yoxlamalarının təxirə salınması müddətinin daha 2 il müddətinə uzadılma imkanının nəzərdən keçirilmə istəyi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
Bu barədə "Caspian European Club"un İdarə Heyətinin üzvü, Vergi və Gömrük komitəsinin rəhbəri Mustafa Abbasbəyli bildirib.


ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuper Azərbaycanda səfərdədir.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.



Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub.
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi bildirib ki, görüşün bu il noyabrın 1-də Tehranda keçirilməsi gözlənilir.



Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2017-ci ilin sentyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqlarına görə 53 nəfər saxlanılıb, onların 19 nəfəri Azərbaycan Respublikası, 9 nəfəri Özbəkistan, 2 nəfəri Rusiya, 16 nəfəri İran İslam Respublikası, 2 nəfəri Tacikistan, 1 nəfəri Əfqanıstan, 1 nəfəri Cənubi Afrika, 1 nəfəri Suriya, 1 nəfəri Misir, 1 nəfəri Konqo vətəndaşları olub.



DİN Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və avtomobil sahiblərinə mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar müraciət edib.
İdarədən bildirilib ki, son vaxtlar bəzi nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması hallarına rast gəlinir.



2017-ci ilin yanvar-sentyabr ayları ərzində SOCAR tərəfindən 4 mlrd. 457,8 mln. kubmetr qaz hasil edilib.
Bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5,3% azdır.



Azərbaycan prezidenti İlham Əliyev Pərviz Oqtay oğlu Şahbazovun energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı bəyanatla çıxış edib.
İnstitutdan verilən məlumata görə, bəyanatda deyilir ki, dərslikdəki uydurma “Böyük Ermənistan”ın ərazisini əks etdirən xəritə qədim Roma imperiyasını dirçəltmək xəyalına düşmüş olan faşist diktatoru Benito Mussolininin göstərişi ilə 1934-cü ildə Roma şəhərinin mərkəzi küçələrindən birinin (Via dei Fori İmperiali) divarına bərkidilmiş mərmər xəritələrdən biridir: “Həmin dövrdə tarixin müxtəlif hərbi-siyasi keçid zamanında öz çirkin niyyətlərinə nail olmağa çalışan erməni lobbisinin təsirilə məhz həmin xəritənin divara bərkidilmək üçün seçilməsi şübhəsizdir. Həqiqətən də saxta “Böyük Ermənistan” xəritəsinin dünyanın müxtəlif KİV-lərində və informasiya resurslarında, o cümlədən Vikipediyada yayılmasını məhz ABŞ-da fəaliyyət göstərən Erməni Araşdırmaları və Tədqiqatları üzrə Milli Assosiasiya təmin edir. Bunun üçün göstərilən millətçi erməni təşkilatı xüsusi qrant ayırmışdır. Bu cür xəritələri nəşr edən qədim tarix ensiklopediyası olan “Ancient.eu” adlı sayt göstərilən erməni təşkilatına onlar üçün ayrılmış qranta görə təşəkkür edib.




Oktyabrın 12-də müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev ölkəmizdə işçi səfərdə olan ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuperlə görüşüb.
Görüş zamanı qonağa regiondakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verilib, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfə, missiyanın gedişatı və Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.


Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti