Qazaxıstandan Atambayevin çıxışına cavab gəlib

11-10-2017, 19:46
Oxunub: 39
Avtomobillərin, yük maşınlarının yoxlanması gücləndirilsə də, ölkəyə giriş-çıxış dayandırılmayıb


Qazaxıstan hökumətinin Qırğızıstan prezidenti Almazbəy Atambayevin Nursultan Nazarbayev barədə söylədiyi fikirlərə cavabı özünü çox gözlətməyib. Dünən axşamüstü saat 18.00-dan etibarən Qazaxıstan-Qırğızıstan sərhədində böyük tıxaclar yaranmağa başlayıb.

“Yeni Müsavat” “Sputnik Qazaxıstan”a istinadən məlumat verir ki, tıxaclara səbəb Qazaxıstan tərəfindən insanların və avtomobillərin sərhəd səhədləşmələrinin ləng həyata keçirilməsidir. Belə ki, Qazaxıstan sərhədçiləri bir nəfərin sənədlərini yarım saata, bir maşını isə 1,5 saata yoxlayıb buraxırlar. Bu üzdən də sərhəd-keçid məntəqələrində kilometrlərlı uzanan tıxaclar yaranıb.

Qırğızıstan Dövlət Sərhəd Xidməti onlar tərəfdən keçid prosedurlarının həyata keçirilməsində hər hansı məhdudiyyət tətbiq olunmadığını açıqlayıb. Bu ölkənin TV-lərində 6-7 saat sərhəd məntəqələrində növbə gözləyən insanların problemin Qırğızıstan prezidentinin Qazaxıstanlı həmkarı barədə söylədiyi fikirlərə görə yarandığını söylədikləri süjetləri efirə veriblər.

Qazaxıstan tərəfi bir neçə saat öncə Qırğızıstanla sərhəddə yaranan tıxaclarla bağlı açıqlama yayıb. Bu ölkənin Xalq Təhlükəsizlik Komitəsinin məlumatında bildirilir ki, Qazaxıstan bütün dövlət sərhədi boyunca, o cümlədən Qırğızıstanla sərhəddə də nəzarət-yoxlama prosedurlarını gücləndirib: “Bu əməliyyatın əsas məqsədi sərhəd ərazilərində hüquqazidd fəaliyyətlərin qarşısının alınması, terrorçuluq, qaçaqamlçılıqla məşğul olan şəxslərin aşkarlanması, sərhəd rejimi və miqrasiya qanunvericiliyinə əməl olunmasının təmin edilməsidir.”

Qurum bildirir ki, Qazaxıstan sərhədini keçən fiziki şəxslərin, avtomobillərin, yük maşınlarının yoxlanması gücləndirilsə də, ölkəyə giriş-çıxış dayandırılmayıb.

Xatırladaq ki, A.Atambayev oktyabrın 9-da ölkəsinin dövlət mükafatlarının təqdimetmə mərasimindəki çıxışı zamanı N.Nazarbayevi və Qazaxıstan rəhbərliyini dövlət malını talamaqda, korrupsiyada, Qırğızıstanın daxili işlərinə, həmçinin prezident seçkilərinə müdaxilədə ittiham edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti