Bu gün nələr baş verib? - Günün icmalı

11-10-2017, 20:16
Oxunub: 24
Bağlanan bankların əmanətçilərinə 748 mln. manat ödənilib


Etatist.com 11.10.2017 tarixində ölkədə baş verən hadisələrin qısa icmalını təqdim edir:


Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev vəfat edib.
A.Əliyev bu gün səhər 83 yaşında Bakıdakı evində dünyasını dəyişib.


TRT-nin Bakı təmsilçisi Yıldıray Arslan vəzifə müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk etməyə hazırlaşır.
TRT-nin Bakı təmsilçiliyindən verilən məlumata görə, 3 ildir Azərbaycanda fəaliyyət göstərən Y. Arslan Azərbaycanın problemlərini, iqtisadi durumunu, mədəniyyətini, ədəbiyyatını hazırladığı yüzdən çox xəbər və proqramlarla TRT kanalları vasitəsilə dünyaya çatdırıb. O, Qarabağ müharibəsini, cəbhə xəttindəki olayları dünyaya çatdıran ilk türkiyəli jurnalistlərdən biridir. Heydər Əliyevdən ilk müsahibəni o illərdə məhz Y. Arslan alıb.


Milli Məclis sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Minskə gedib.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli MəclisAparatının rəhbəri Səfa Mirzəyev və digərləri daxildir.


Azərbaycan prezidenti Rusiyanın Soçi şəhərində keçirilən MDB dövlət başçılarının sammitində iştirak edib.
Azərbaycan prezidenti MDB liderlərinin məhdud tərkibdə keçirilən görüşündə çıxış edib.


2017-ci ilin 9 ayında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanmış 405 cinayət işi üzrə aparılan araşdırmalar zamanı 13 mln. 433,2 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, 64 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib


AMEA-nın Dendrologiya İnstitutu və Botanika bağının direktoru vəzifələrinə seçkilər keçiriləcək. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
İclasda AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin rəisi vəzifəsinə də təyinat olub.


İlham Əliyev İspaniya kralı VI Felipeni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Dövlət başçısının məktubunda deyilir:
“Əlahəzrət, İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.


Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişlərinin həcmini açıqlayıb.
Fonddan verilən məlumata görə, ləğv prosesində olan "Yunayted Kredit Bank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3,55 mln. manat olmaqla, onlardan 3,23 mln. manatı qorunan əmanətlər, o cümlədən 2,099 mln. manatı kompensasiya olunan əmanətlərdir. 10 oktyabr 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1,837 mln. manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 87,5%-i) və 262,485 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tacikistanın paytaxtı Düşəndə şəhərinə yola düşüb.
Səfərin məqsədi MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının oktyabrın 12-də keçiriləcək növbəti iclasında iştirak etməkdir.


Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti