"Etatizm azərbaycanlıların çıxış nöqtəsidir" - VİDEO/MÜSAHİBƏ

12-10-2017, 12:47
Oxunub: 1271
"Azərbaycan gəncliyində ciddi inamsızlıq hökm sürür"


Bu dəfəki müsahibimiz Milli Fikir Mərkəzinin nəzdində fəaliyyət göstərən Etatizm Akademiyasının direktor müavini Səid Əlizadədir. Səid Əlizadə Bakı Dövlət Universitetində politologiya üzrə təhsil alır və elə həmin universitetdə "Leviathan" tələbə klubunun rəhbəridir.

Sosial şəbəkələrdə tez-tez etatizmin nə olduğunu soruşan gənclərlə qarşılaşırıq. Ona görə də qərar verdik ki, onların suallarını elə Etatizm Akademiyasının direktor müavini Səid Əlizadəyə ünvanlayaq. Müsahibimiz etatizmin tezisləri, ziddiyətli məqamlar, üzvü olduğu təşkilat haqqında suallarımızı cavablandırdı. 

Etatist.com sözügedən müsahibəni təqdim edir:


- Zəhmət olmasa, etatizm nədir, qısaca bunu izah edə bilərsinizmi?
- Əslində tərif kimi nə qədər desək də, sona qədər insanlara aydın olmur. Belə deyək, etatizm dövlətin mütləqiyyətinə inanmaqdır. Dövlət dedikdə isə hüquq nəzərdə tutulur. Dolayısı ilə biz hüquqi cəmiyyətin qurulmasının və insanlar arasında münasibətlərin hüquq vasitəsilə həll edilməsinin tərəfdarıyıq. Etatizm də özündə bunu ehtiva edir.

- Bəs siz nəyə görə müxtəlif ideologiyalar arasında məhz etatizmi seçdiniz?
- Etatizm mənim ilk seçimim olmayıb. Mən MFM ilə tanış olanda liberal idim. O zamanlar MFM-in digər üzvləri ilə ciddi mübahisələrim belə olub. Bu gün isə onlar mənim yoldaşlarımdır. Nəyə görə etatizm? Çünki etatizm azərbaycanlı zehniyyətinin təzahürüdür, yəni biz etatizm dedikdə əslində bir ideologiya yox, bir bazisi nəzərdə tuturuq. Etatizm azərbaycanlıların çıxış nöqtəsidir. O, sonra istəsə, fəhlə sinfinin maraqlarını müdafiə edə bilər, yəni aşağı təbəqənin sosial haqlarını, istəsə, burjuaziyanın haqlarını müdafiə edə bilər, istəsə, milliyyətçi təfəkkürdə də don geyinib ortaya çıxa bilər. Amma bizim üçün təməl məsələ ondan ibarətdir ki, biz Azərbaycan dövlətinin və onun qanunlarının legitimliyinə toxunmadan fəaliyyət göstəririk və bu bizim üçün müqəddəs bir pillə hesab olunur. 

- Sizin fikrinizcə, bizim cəmiyyətin tək çıxış yolu etatizmdir? Başqa bir alternativ yaratmaq mümkündürmü?
- Mən etatizmi gənclik kimi başa düşürəm, etatizm sırf gəncliyə fokuslanmış düşüncə tərzi, ideologiyadır. Nə mənada? Çünki sağ, sol, mərkəz ideyası fərqi qoymur, kasıb və ya varlı, dil, din bölgüsünün tərəfdarı deyil. Buna siyasi məsələlər, iqtisadi, psixoloji məsələlər də daxildir. Bizim tək istəyimiz Azərbaycan gəncliyinin Azərbaycan dövlətinin və cəmiyyətinin taleyində rol oynamasıdır. Ona görə də biz artıq vaxtı keçmiş, hətta bir az kobud dildə ifadə etsək, "qıcqırmış" nəsillərin siyasi və ya iqtisadi zəmində cəmiyyətin taleyini müəyyən edən pillələrdən geri çəkilməsinin və bu postlarda gənclərin yer tutmasının tərəfdarıyıq.

- Bir qrup gəncin sosial şəbəkələrdəki reaksiyalardan görmək olur ki, onlar nəyinsə uğrunda mübarizə aparmaqdan çəkinirlər, ümummiyyətlə, idelogiyalardan çəkinirlər. Sizin fikrinizcə, gənclərin belə passiv olmasının səbəbi nədir?
- Sırf mənim fikrimə görə, buna səbəb Azərbaycanın son 2-3 əsrlik tarixidir. Çünki Azərbaycan gəncliyində ciddi inamsızlıq hökm sürür, bu inamsızlıq nəinki ətrafına, eyni zamanda özünə də, təfəkkürünə də şamil olunur, çünki Azərbaycan gənci addım atmaq istəmir, məğlub olmaqdan qorxur. Onun babaları, ataları bütün tarix boyu məğlubiyyətləri dadıb. Biz 200-300 ildir ki, daimi məğlubiyyətlərə düçar oluruq və qələbələrimiz tariximizdə çox kiçik, cüzi pay daşıyır. Amma biz tarixi prosesləri oxusaq, öyrənsək, başqa dövlətlərin, başqa xalqların, başqa millətlərin uğurla keçdiyi tarixi yolunu tədqiq etsək, görəcəyik ki, bu hər şeydən əvvəl inam və iradə məsələsidir. Ona görə də mən, bütün etatistlər belə düşünür ki, biz ortaya inam və iradə qoymalıyıq ki, nəyisə dəyişə bilək. Bu, ən azından boş-boş monitor arxasından nəsə yazmaqdan daha yaxşıdır.

- Bəzi insanların beynində belə bir fikir formalaşıb ki, ideologiyalar nəyisə reklam etmək, mənfəət əldə etmək üçün qurulmuş bir sistemdir. Bəs siz nə düşünürsünüz bu barədə?
- 3 ilə yaxındır ki, MFM-in üzvüyəm və burda yalnız fədakarlıq üzərinə qurulmuş bir sistem görürəm. Çünki səmimi etiraf etsək, buradakı uşaqların heç birinin maddi cəhətdən vəziyyəti ürəkaçan deyil. Biz bununla belə mübarizəni davam etdiririk. Mən özüm Bakı Dövlət Universitetində tələbəyəm, təhsil haqqımla bağlı problemlərim olub. Bəzən elə olub ki, kitab almaqla bağlı belə problem yaşamışam. Amma bu heç də ölümcül səbəb deyil. Ən azından səmimi desək, biz heç vaxt maddi rifah üçün çalışmamışıq və fəaliyyətimizin böyük bir qismi öz fədakarlığımızın hesabına olub. Ona görə də mən bu fikrə qatılmıram.

- Milli Fikir Mərkəzinin rəsmi ideologiyası etatizmdir. MFM-in məqsədlərindən biri gəncləri bir araya toplamaqdır. Bəs bir kommunist, bir liberal, bir milliyyətçi MFM-in üzvü olub fəalliyyət göstərə bilər?
- Əslində bayaq qeyd etmişəm. Bəlkə də bir daha da yerinə düşər. Biz MFM olaraq gəncliyin bölünməsinin tərəfdarı deyilik, yəni bu cür kateqoriyalar altında. Biz fikirləşirik ki, Azərbaycan adlı ölkənin gələcəyi və ona qarşı təhlükələr sırf başqa səbəblərdən yaranır. Bu səbəblər içərisində 300 illik psixoloji travmalar almış keçmiş nəsil, yüz illik psixoloji travmaları gəncliyə ötürən yaşlı təbəqə və insanlardır. Mən gəncliyin bu insanlar tərəfindən zəhərlənməsinin əleyhinəyəm və bunun üçün biz çalışırıq. Nəinki mən və mənim yoldaşlarım, bütün insanlar, əgər biz düşünsək, başa düşməliyik ki, Azərbaycan çox ciddi yol ayrımındadır. Bu gün XXI əsrdir, dünya dördüncü, hətta beşinci elmi inqilaba doğru gedir. Vəziyyətimiz çox pisdir və biz dərhal təkamül etməliyik, kütlə xalqa çevrilməlidir və öz həyatında, müqəddaratında, taleyində rol oynamağı bacarmalıdır, öz məsuliyyətini öz çiyninə götürməlidir. Bunun üçün biz dəyişməliyik, “dəyişmək üçün də keçmişimizdən imtina etməliyik” demirik, amma keçmişdəki səhvləri özümüzə etiraf edib dəyişməyə can atmalıyıq.

- Etatizmin tezis yox, ideologiya olduğunu deməyinizin səbəbi nədir?
- Bu məsələ əslində dərindir. Bəzən etatizmi faşizmlə də müqayisə edənlər və eyni şey olduğunu iddia edənlər olub. Mən ixtisasca politoloqam, bunu daha yaxşı bilərəm. Avropada və dünyada modern dövr olub, bu dövrdə 3 siyasi ideologiya yaranıb: liberalizm, marksizm və üçüncü yol ideologiyaları (faşizm, nasional sosializm və s.). Etatizm üçüncü yol idelogiyalara yaxın bir tezis olub, dövlətin ətrafında birləşən ideologiyadır. Həm marksizm, həm də liberalizm sonda dövlətin məhv olacağını, hətta olmalı olduğunu deyirdi. Liberalizm deyir ki, azad ticarət artdıqca, orta təbəqə öz vəziyyətini yaxşılaşdırdıqca, gömrüklər ləğv olunduqca, dövlətin təsir funksiyası başa çatdıqdan sonra ona artıq ehtiyac qalmayacaq və dolayısı ilə o, əriyib yoxa çıxacaq, vətəndaş cəmiyyəti yaranacaq. Marksizm deyir ki, ümummiyyətlə, kommuna yaratmalıyıq, bu haqda çox danışmağa dəyməz. Üçüncü yol isə tamam başqa əsaslarda fəaliyyət göstərirdi. Biz irqçiliyin tərəfdarı deyilik və qəti əleyhinəyik, bizim təşkilatın hər cür etnik nümayəndəsi var, biz dini ayrıseçkiliyin əlehdarıyıq, biz, ümummiyyətlə, ayrıseçkiliyin qaba mənada tərəfdarı deyilik. Bizim üçün məsələ ondan ibarətdir ki, dövlət hüquq aparatıdır və bu hüquq aparatı öz funksiyasını yerinə yetirmək iqtidarında olmalıdır. Bunun üçün də kifayət qədər gücü və nüfuzu olmalıdır. Biz bu gün öz vətəndaşımızı müdafiə etmək iqtidarında olmalıyıq.

Məsələn, yeni bir hadisə baş verib, avtobusda sürücünü döyüblər. Mənim şəxsi baxışım budur ki, bu, hüququn tapdalanmasıdır və buna yol vermək olmaz. Dövlət əgər güclü olmasa və hüquq mühafizə orqanları belə halların qarşısını almasa, onda dövləti dövlət adlandırmaq mümkün deyil. Biz bunun qəti tərəfdarı deyilik. Ona görə də etatizm tezisinin ideologiyadan fərqi ondan ibarətdir ki, biz dövləti hüquq kimi görürük və onun dövlət olaraq hər sahəyə baxışını ortaya qoyuruq, onu ideologiyaya çeviririk. Bu, tezisdən fərqlənir, tezis yalnız dövlət məsələlərini ehtiva edir. Burada isə dövlətin mahiyyəti, mənşəyi və s. - hər şeyi özündə ehtiva olunur.

- Bildiyimizə görə, siz həm də Bakı Dövlət Universitetində tələbə klubunun rəhbərisiniz. Bir az da bu barədə bizə məlumat verərdiniz, zəhmət olmasa.
- Mən Bakı Dövlət Universitetinin IV kurs tələbəsiyəm. Azərbaycanda bəzi reallıqlar var, hamı da bunun fərqindədir ki, Azərbaycandakı təhsil sistemi bir çox səbəblərdən dolayı ən yaxşı vəziyyətdə deyil. Ona görə də mən təhsildə gördüyüm boşluqları gücüm nəyə çatırsa, bu vasitə ilə bərpa etmək istəyirdim, yəni öz biliklərimi və yaxud da başqalarının biliklərini rabitə quraraq bir-birimizə ötürmək, tələbələr arasında informasiya mübadiləsi, yeni dostluqlar, tanışlıqlar, düşüncə tərzi, həyat tərzi yaratmaq üçün o klubu qurmuşam.

Əslində bir şey etiraf edim, düşündüyüm kimi olmadı, çünki mən Azərbaycanda ciddi potensiallı gənclərin olduğuna və bu gənclərin nəsə etmək istədiklərinə inanırdım, amma məyus oldum, çünki kluba üzv olmaq istəyənlər, kluba gələnlər mənimlə eyni məsuliyyəti paylaşmadılar. Ona görə də kifayət qədər çətinliklər çəkmişəm. Bu yay da klub fəaliyyətini davam etdirir. Biz başqa dillərdən tərcümələr edirik, məqalələr saytlarda paylaşılır, biz klubda dərslər keçirik, yeni araşdırma mövzuları qoyuruq, onları tədqiq edirik, ümummiyyətlə, mən öz sahəmdən nəyisə bilirəmsə, uşaqlara onları ötürürəm. Əgər hansısa bir gəncin, tələbənin müəyyən bilikləri varsa, hansısa paylaşmaq istədiyi bir şey varsa, o da gəlir, bütün biliklərini və təcrübələrini paylaşır, hər kəs ondan faydalanır. Bu klub yeni dostluqdur, yeni mühitdir, yeni məkandır.

Azərbaycan universitetlərindəki şərait qabaqcıl universitetlərdəki şərait kimi deyil. Məsələn, Avropada, Amerikada kampuslar var ki, o kampusların sırf tələbə şəhərcikləri belə var və tələbələr orada sırf tələbə həyatı yaşayırlar. Ətraflarında tələbələr var, Azərbaycanda bu şərait demək olar ki, yoxdur. Mənim ən böyük arzularımdan biri budur ki, kampuslu və ciddi əsaslarda yeni universitetlərin açılması, onların dövlət tərəfindən maliyyələşməsi təşkil olunsun və Azərbaycanda yetişə biləcək ciddi kadrlar o universitetlərdə gedib iş tapa bilsinlər. Ən azından təhsil... Yalnızca yuxarı və aşağı məsələsi deyil, Azərbaycanda tələbələrin əksəriyyəti də dərsə gələndə bilgi üçün gəlmirlər. Öz universitetimizdən misal göstərə bilərəm, universitetə daxil olanda onların qabağına qoyulan şərt diplomun olmasıdır, “cahil olmamalısan” deyil. Ona görə tələbə də ora gələndə diplomu olsun deyə gəlir, cahil qalmamaq üçün gəlmir. Qızlarda da həmin problemdir, “yenə də diplomum olsun, kənara atım”. Amma mən istəmərəm belə olsun, ona görə çalışıram ki, maarifləndirmə işlərində iştirak edim və əlimdən gələni əsirgəməyim. Hər bir gənci, tələbəni, Azərbaycan vətəndaşını belə məsələlərdə diqqətli olmağa və fəaliyyət göstərməyə səsləyirəm.

- Bəs deyirlər ki, etatistlər aqressivdir. Siz nəyə görə aqressivsiniz?
- Bilirsiniz, bu bir az maraqlı məsələdir. Çünki mənim sırf şəxsi ətrafım və yaxud da bizim uşaqları heç kim aqressiv kimi tanımır və biz normal ünsiyyət quran insanlarla normal ünsiyyət qururuq. Amma məsələn, elə odur ki, bir nəfər çıxır sizi təhqir edir, bir nəfər çıxır sizin toxunulmazınıza toxunur. Belə olan halda sizə özünüzünkünü müdafiə etməkdən başqa çıxış yolu qalmır. Ona görə də burada aqressiv demək bir az yersizdir. Çünki belə bir situasiya təsəvvür edin, yolla gedirsiniz və bir nəfər çıxır orda sizi söyür, siz ona xristiansayağı şəkildə üzünüzün bu tərəfini çevirə bilməzsiniz hər halda, ona cavab verməlisiniz. Azərbaycan xristian ölkəsi də deyil, yəni xristian əsaslarında yaşamır. Ona görə də belə məsələlər mənə ən azından gülünc gəlir, çünki biz hüquq cəmiyyətinin tərəfdarıyıq və istəyirik ki, insanlar sosial şəbəkədə belə olsa, başqalarının hüquqlarını tapdalamasınlar. Amma Azərbaycanda kibernetik aləmə qovuşmuş bir qisim insan var ki, o aləmdə nə istəyirsə, edir. Öz fəlsəfəsi ilə yaşayır, ona görə də belə problemlər ortaya çıxır. Əgər bir nəfər sizi təhqir edirsə, siz ona cavab verməlisiniz, düzdür? Əgər cavab vermirsinizsə, bu sizin xarakterinizin məsələsidir, artıq dərinə getməyə ehtiyac yoxdur. Amma cavab verirsinizsə, məncə, bu, haqlı cavabdır. Çünki biz həmişə elmi, fəlsəfi diskussiyanın tərəfdarı olmuşuq. Diskussiyanı bu qabilliyyətə malik olan adamlarla aparırlar. Ona görə də əgər kiminsə sualı olsa, kiminsə maraqlandığı məsələ olsa, kimsə fəaliyyətimizlə tanış olmaq istəsə, biz həmişə ofisimizə dəvət edirik, çay masası arxasında istənilən mövzu haqqında danışırıq. Amma belə hallar nadir baş verir, o da bizim günahımız olmur. Təəssüf ki, baş verir. Biz bunun tərəfdarı deyilik.
Günay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti