"Bu məsələdə yerli yazarlarımız yalan deyirlər" - OXUCUDAN MÜSAHİBƏ

11-10-2017, 12:47
Oxunub: 719
"Dilimizin imkanları çox genişdir"


Kitabıstanın “Oxucudan müsahibə” layihəsinin növbəti qonağı vikiçi Tərxan Paşazadədir.

- Kitabıstan layihəsi ilə tanışsınız?
- Qismən. Bu barədə, əsasən, sosial şəbəkələrdən, xüsusilə də "Feysbuk"dakı müvafiq paylaşımlardan xəbərim olur. Təəssüf ki, bu layihə çərçivəsində təşkil etdiyiniz tədbirlərdə hələ iştirak etmək imkanım olmayıb.

- Hansı janrda kitablara üstünlük verirsiniz?
- Üstünlük verdiyim janrlar ilk növbədə elmi-fantastika, tarixi, xüsusilə də alternativ tarix janrlarını bəyənirəm. Sevmədiyim janrlar da var. Məsələn, sevgi-məhəbbətdən bəhs edən əsərləri sevmirəm

- Hansı tarixi romanları oxumusunuz?
- İlk oxuduğum tarixi roman səhv etmirəmsə, "Tomris" idi. Sonra isə "Xacə şah"ı oxumuşdum.

- Bəs indi hansı kitabı oxuyursunuz?
- Hazırda Xose Rodriqes dos Santosun türk dilinə çevrilmiş "Tanrının formulu" əsərini oxuyuram.

- Sizcə, Tanrı nədir? Tanrını necə izah edə bilərsiniz?
- Tanrının nə və necə olmasının cavabı mənə görə ziddiyyətlidir. Bu da suala konkret cavab verməyimi çətinləşdirir. Mənim üçün "Tanrı varmı?" sualının eyni səviyyədə olan 2 cavabı var. Bəli, "Tanrı həm var", "Tanrı həm də yoxdur". Bu cavabların içərisində təxminən 10 il bundan əvvəl "Tanrı var" üstünlük təşkil edirdisə, indi "Tanrı yoxdur" üstünlük qazanmaqdadır. Konkret "Tanrı nədir?" sualının cavabı isə indi mənə görə belədir: "Tanrı insan beyninin məhsuludur. Tanrı xilaskardır. Tanrı gündəmdə qala biləcək mövzudur."

- Nəyin uğrunda mübarizə aparırsınız?
- İnsanlıq, bəşəriyyəti inkişaf etdirə biləcək ideyalar uğrunda mübarizə aparıram.

- Bu mübarizədə hansı uğurları qazanmısınız?
- Mübarizə bitəndə bilinəcək. Mənim isə ömrüm, təbii ki, bunun üçün kifayət etməyəcək.

- Oxuduğunuz ilk kitab yadınıza gəlir?
- "Koroğlu" dastanı

- Sizcə, Azərbaycan dastanlarında ciddi fikir var?
- Ciddi mesajlar var. Bu dastanlarda mənə görə haqq-ədalət və sevgi uğrunda mübarizə daha çox ön plandadır.

- Bəs sizin fikrinizcə, Azərbaycan ədəbiyyatında ən ideal qəhrəman hansı obrazdır?
- Mənim üçün Azərbaycan ədəbiyyatında ideal obraz yoxdur.

- Sizi ən çox təsirləndirən kitab hansı olub?
- "İtmiş dünya" (Artur Konan Doyl). Hazırda oxuduğum kitab da çox təsirlidir, daha dəqiqi çox informativdir.

- Sizcə, Azərbaycan cəmiyyətində nəyə görə qeyri-ciddi hadisələr daha çox maraq yaradır?
- Məncə, qeyri-ciddi hadisələr tək bizim cəmiyyətimizdə deyil, bütün dünyada müəyyən qədər böyük marağa səbəb olur. Bunu şəxsən öz müşahidələrimə əsasən deyirəm. Belə hadisələrə mənim o qədər də marağım yoxdur. Amma istənilən halda müəyyən məqamlarda diqqətimi cəlb edir. Bu da görünür, sırf məşğulluqla və ənənəvi maraq dairələrindən ani uzaqlaşmaqla bağlıdır.

- Bəzən yazarlarımız deyir ki, Azərbaycan dili ədəbiyyat dili, ümumiyyətlə, kitab dili deyil? Bu haqda nə düşünürsünüz?
- Mən o haqda düşünmürəm. Sırf bu məsələdə yerli yazarlarımız sadəcə olaraq yalan deyirlər. Çünki Azərbaycan dili kifayət qədər zəngin dildir. Dilimizin imkanları çox genişdir. Yalnız xarici dillərdə olan əsərlərin ana dilimizə tərcüməsi ilə bağlı müəyyən problemlər ola bilər ki, zənnimcə, o problemləri də peşəkar tərcüməçilərimiz ustalıqla aradan qaldırmaq qabiliyyətinə malikdirlər.

- Özünüzü Kitabıstan vətəndaşı hesab edirsiniz?
- Özümü kitab əhlinin bir nümayəndəsi saysam da Kitabıstan vətəndaşı hesab etmirəm.                                             
Nicat Həşimzadə
Kitabıstan
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti