"Mən hər gün özümə hesabat verirəm ki, bu gün nə etdim" - BAMF prezidenti

7-10-2017, 20:03
Oxunub: 926
"Yorulmayacaqsan, öyrənməyə çalışacaqsan, axtaracaqsan..."


Bu gün Milli Fikir Mərkəzinin ofisində “MFM-lə öyrən” layihəsi çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevin məruzəçiliyi ilə seminar keçirilib.

Etatist.com xəbər verir ki, U.Mirzəyev ilk olaraq təşkilatın tarixi haqqında məlumat verib:

“Təşkilatımız 1992-ci ildə Moskvada təsis yığıncağını keçirib, sonra biz Bakıda qeydiyyatdan keçmişik. Təxminən 25 ildir fəaliyyət göstəririk. O vaxtı ən böyük problem obyektiv informasiya almaq idi. SSRİ-də məlumatı sizə istədikləri şəkildə təqdim edirdilər. Hansısa kənd ermənilər tərəfindən yandırılırdı. Yalandan deyirdilər ki, kəndi azərbaycanlılar yandırıb. Ermənistan-Azərbaycan konfliktinin də bu nöqtəyə gəlməsində ən böyük səbəb də elə bu oldu.

Həmin ərəfələrdə qeyri-hökumət təşkilatı yaratmaq, inkişaf etdirmək çox çətin idi. Bizim missiyamız sülh yaratmaq, obyektiv informasiya verməkdir. Biz bu missiya ilə yola çıxdıq, iş görmək istədik.

1992-ci ildə dövlət strukturları işləmirdi, fövqəladə bir hal idi. Hər kəsin problemi var idi. Onların üz tutduğu qurumlardan biri də biz idik. Biz onlara hər sahədə kömək edirdik. Birinin çörəyi yoxdusa, sən onunla çörəyini bölüşməlisən. 1992-ci ildə Qarabağ müharibəsini işıqlandırmaq üçün biz bir çox xarici jurnalistin ölkəmizə gəlməsini təmin etdik. Düşünmürdük ki, onların qalmağa hoteli, yeməyi olacaqmı?! Elə olub ki, onlar bizim evimizdə qalıblar. Mən maşınımla onları regionlara aparırdım. Biz iş görməyə daha çox həvəslənirdik. Həmin adamların çox maraqlı reportajları olurdu. Bu az idi, amma bu bizim görə bildiyimiz iş idi".

Daha sonra BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina təşkilat haqqında daha geniş məlumat verib:

"Mən hər gün özümə hesabat verirəm ki, bu gün nə etdim" - BAMF prezidenti

“U. Mirzəyevin də dediyi kimi 1992-ci ildə əsası qoyulub təşkilatın. Həmin vaxtdan da bir çox layihələr keçirmişik.  Biz əsasən 4 sahədə fəaliyyət göstəririk: Media və vətədaş cəmiyyətinin inkişafı, icmaların inkişafı, qaçqın və məcburi köçkünlərin problemləri, sülh quruculuğu və münaqişələrin həlli.


Bizim həmçinin BMT ilə də əlaqlələrimiz var, onlarla müqavilə bağlamışıq. Biz 2007-ci ildə əməkdaşlıq yaratdıqdan sonra müxtəlif sahələrdə işləməyə başladıq. 2014-cü ildə bu status təzələndi. Bu o deməkdir ki, bizim təşkilatımız müxtəlif sahələrdə çalışa bilər. Biz müxtəlif görüşlərdə, müzakirələrdə iştirak edə, Baş Assambleyaya məsləhətlər verə bilərik. BMT-nin müxtəlif görüşlərində iştirak edərək çıxış edə bilərik. Hal hazırda bizim UNDP, UNDPİ, UNİCEF, UNESCO, UNHCR və sairlə əlaqələrimiz var.

Təşkilatın partnyorları kimlərdir: ABŞ Dövlət Departamenti, Beynəlxalq Media institutu, Yaponiya hökuməti və s.

Təzəlikcə biz Avrasiya Təhsil Mərkəzi yaratdıq. Bu, Avrasiya Mətbuat Fondunun tərkibindədir. Bu mərkəz müxtəlif xidmətlər göstərir. Buraya dil kursları, biznes təhsili ilə bağlı kurslar daxildir. Bizim xarici universitetlərlə əlaqələrimiz olduğu üçün xaricdə təhsil almaq istəyən gənclərə də yardım edə bilərik".

Daha sonra məruzəçilər gənclərin suallarını cavablandırıb:

Günay Əliyeva:

“Xaricdə təhsillə bağlı hansı ölkələrlə əməkdaşlıq edirsiniz?”

Anastasia Lavrina:

“Bir sıra ölkələrlə əməkdaşlıq edirik. Misal kimi Polşa, Amerika, Macarıstan, Ukrayna və s.”

Gülşən Əlizadə:

“Siz dediniz ki, 90-cı illərdə fəaliyyətə başlamısınız. O vaxtla indiki Azərbaycan cəmiyyəti arasında dəyişən ancaq müstəqillikmi oldu? Yoxsa Azərbaycan insanı dəyişdimi?”

"Mən hər gün özümə hesabat verirəm ki, bu gün nə etdim" - BAMF prezidenti

Umud Mirzəyev:


“Maraqlı sualdır. Mən təşkilatı yaradarkən məndə elə fikir var idi ki, kimsə mənə kömək etməlidir. Amma mən tez də anladım ki, bu belə deyil. İstədik və oldu. Mənim üçün müxalifət, iqtidar məhfumu yoxdur, Azərbaycan var. Mən burada Qandinin kitabını görürəm. O, dünyanın ən nəhəng insanlarından biridir. Qandi çox çətinliklərlə qarşılaşıb, amma sınmayıb. 

Bir məsələ də çox vacibdir - özünə güvənmək. Mən hər gün özümə hesabat verirəm ki, bu gün nə etdim. Sizlərə tövsiyəm budur ki, harada necə yaşadığınızı dəyərləndirin, özünüzə güvənin. Kimdənsə nəsə soruşmazdan əvvəl özünüzdən soruşun: Mən cəmiyyət üçün nə etdim?”.

Sadiq Qasımov:

“Qarabağ müharibəsi zamanı özünüz etdiyiniz fəaliyyətlərdən hansını deyə bilərsiniz?”

Umud Mirzəyev:

“Biz jurnalistlərin həmin bölgələrə getmələrini təmin edirdik. Hətta biz bir dəfə güllə yağışına düşmüşdük. O günlər getsin, birdə qayıtmasın... Oranı birlikdə almalı, birlikdə istəməliyik”.

Abbas Ramazanov:

“Təşkilatı quranda qarşınıza çıxan ən böyük problem nə idi və necə öhdəsindən gəldiniz?”

Umud Mirzəyev:

“Problemlər çox idi: maliyyə yox idi, bir neçə tərəfdaşımız var idi. Onlar da birbaşa kömək edə bilmirdilər. Ölkədə rəhbərlik yox, heç bir struktur işləmir, qaçqın, köçkün var... Siz onu fikirləşsəniz ki, problemlər var, necə edəcəyəm mən, onda siz heç nə edə bilməyəcəksiz. Biz yox yerdən maddi texniki baza, insan resursu yaratdıq”.

Qəmər Mustafayeva:

“Siz gənclərlə necə işləyirsiniz?”

Umud Mirzəyev:

“Bizim ofisimizdəki gənclərin çoxu könüllülərdir. Onlar müəyyən layihələrdə işləyirlər. Biz tez-tez təlimlər keçiririk, maarifləndirici söhbətlər aparırıq və s. hər cür gənclə rastlaşırıq. Bəziləri istəyir ki, hər şey dərhal olsun. Hər şey qəflətən olmur. Müəyyən bir yol keçməlisən. Əgər mənim hədəfim pul qazanmaq olsaydı, mən Azərbaycandakı ən zəngin adamlardan olardım”.

"Mən hər gün özümə hesabat verirəm ki, bu gün nə etdim" - BAMF prezidenti

Nicat Həşimzadə:


“Beynəlxalq təşkilatların əməkdaşlıq üçün ilk tələbləri nə olur?”

Umud Mirzəyev:

“Biz bu qurumlara çoxsaylı layihələrlə müraciət etdik. Onlar istədikləri qurumlarla əməkdaşlıq edirdilər. Biz Azərbaycandan kənardakı donorlara müraciət etdik. Az yox, 10 dəfə müraciət etdik və bizdə alındı. İşimizi elə qurduq ki, birbaşa Amerika Dövlət Departamentindən maliyyə aldıq. Yorulmayacaqsan, öyrənməyə çalışacaqsan, axtaracaqsan ki, sənin layihən niyə keçmədi. Bu şəkildə yanaşsan, qazanacaqsan”.

Sonda Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadəyə söz verilib:

"Mən hər gün özümə hesabat verirəm ki, bu gün nə etdim" - BAMF prezidenti

“Ümumiyyətlə, bu fond haqqında mənim məlumatım  var idi. Fəaliyyət göstərən bir qeyri-hökumət  təşkilatıdır. Sizə bu istiqamətdə uğurlar arzulayıram. Milli Fikir Mərkəzi 2012-ci ildə fəaliyyətə başlayıb. Biz bu günə qədər heç bir donor təşkilatla işləməmişik. 5 ildir fəaliyyət göstəririk. Bu illərdə təşkilat bütün işlərini yalnız gənclərin sayəsində, gənclərin hesabına görüb. Biz bir çox istiamətdə fəliyyət göstərmişik. Yeni yarananda flaşmoblar keçirirdik. Həmin vaxtlar mətbuata biznes kimi baxılırdı. Və biz də nə etmək olar deyə düşünüb etatist.com internet qəzetini təsis etdik. Ən önəmlisi, biz fikrindən asılı olmayaraq bütün gənclərin fikrini yayımlamağa başladıq. Bizim əvvəlki ofisimiz yarımzirzəmi idi, orada işləyirdik. Biz fikirləşdik ki, Azərbaycan qızları daha çox məişətin içindədirlər. Bir ideya lazımdır. Dedik ki, üstün cəmiyyət qadın tələbi ilə qurulur. Ona görə də “Tələb edirəm” komandasını yaratdıq. 


Mən öz dilimdə kitab oxumaq istəyəndə mənə Kafkanı verirdilər. Biz də özümüz oxumaq istədiyimiz kitabları tərcümə etdik. Biz istədik ki, alternativ təhsil mexanizmi olsun. Başladıq məktəblər yaratmağa. Gənclər gənclərə dərs deyəcəkdi. Biz universitet müəllimindən daha savadlı gənclər gördük.

Səhv fikirdir ki, Azərbaycanda gənclər oxumurlar. Onların sadəcə tribunaları yoxdur. Mən küçədəki boş-bikar insanları gördükcə mənə maraqlı gəlirdi ki, onların məqsədi nədir. Bundan sonra biz “United colors of Azerbaijan” səhifəsini yaratdıq. İnsanların məqsədsizliyi ortaya çıxdı və özləri-özlərini tənqid etməyə başladılar. Bütün bunların hamısı bir donor belə olmadan olub.

Nə istəyirsən et, sadəcə dayanma. Və beləcə, bir sıra xarici ölkə və şirkət nümayəndəlikləri bizim ofisə gəlir. Bütün bunların hamısını “təcrübəsiz” gənclər edirdi. Umud müəllimə gənclərə kolleqa deyə xitab etdiyi, gəlib görüşdüyü üçün təşəkkür edirəm. Ziyalısı, gənci, qadını, kişisi, bütün ziddiyyətləri birləşəndə, biz hamımız bir olanda Azərbaycan olacağıq!"

Qeyd edək ki, seminarda həmçinin Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbər müavini Jöel Mermet də iştirak edib.
İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti