"Gələcəyimizə dəstək olaq" - "Kampaniyamız davamlı olacaq" (VİDEO)

2-10-2017, 11:53
Oxunub: 253
"Kampaniyaya başlayanda bu qədər böyük diqqət gələcəyini gözləmirdik"


Milli Fikir Mərkəzinin avqust ayında başlatdığı "Gələcəyimizə dəstək olaq" kampaniyası davamlı olacaq.

Bu barədə Etatist.com-a açıqlama verən kampaniya rəhbəri İlahə İbrahimova deyib. O bildirib ki, qış aylarında da buna bənzər kampaniyaya başlayacaqlar. Kampaniya haqqında danışan İ.İbrahimova qeyd edib ki, o, bu qədər diqqət olacağını gözləməyib:
"Kampaniyaya başlayanda bu qədər böyük diqqət gələcəyini gözləmirdik, ona görə də sadəcə 25 məktəblini qeydiyyata almışdıq. Amma başladığı ilk günlərdən böyük diqqət çəkdiyini görüb məktəbli uşaqların sayını 43-ə çatdırdıq. Təkcə Bakıda yox, bölgələrdən də, hətta xarici ölkələrdən də kampaniyaya böyük diqqət oldu. Dəstək olan - gələcəyimizə dəstək olan hər kəsə bir daha təşəkkür edirəm".

İlahə İbrahimova əlavə edib ki, qeydiyyata alınan məktəblilər içində böyük xəyalları olan, çalışqan, bacarıqlı uşaqlar olub ki, onlar maddi çətinliyə görə məktəbə gedə bilməyiblər:

"Buna göz yummaq, həmin uşaqları görməzdən gəlmək olmaz. Ona görə də əlimizdən gələn köməyi əsirgəməməyə çalışdıq və bundan sonra da belə kampaniyalara davam edəcəyik. Təkcə Bakıda deyil, bölgələrdə də belə kampaniyalar keçirməyə çalışacağıq. Məqsədimiz kömək istəyən uşaqlarla kömək edən insanlar arasında vasitəçi olmaqdır".

İ.İbrahimova bildirib ki, kampaniyaya görə tənqidlərə də məruz qalıb:

"Kampaniyaya görə tənqidlərə, böhtanlara da məruz qaldır. Amma iş görürsənsə, bunları gözə almalısan. Biz də belə etdik, yalnız öz gördüyümüz işə fokuslandıq və gördük ki, xeyirsevər insanlar boş-boş tənqid edənlərdən daha çoxdur".

Qeyd edək ki, Milli Fikir Mərkəzinin başlatdığı "Gələcəyimizə dəstək olaq" kampaniyası çərçivəsində 43 uşaq məktəbli ləvazımatları ilə təmin olunub və onlara bundan sonra da belə yardımlar olacaq. Kampaniya çərçivəsində pul qəbul edilməyib və kömək etmək istəyən şəxslər kampaniyaya yalnız məktəbli ləvazımatları ilə qoşulublar.

Günay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti