Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncədə seminar keçirib

29-09-2017, 16:04
Oxunub: 392
Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən işlər barədə məlumat verilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Gəncə şəhərində “Uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə” mövzusunda seminar keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin və xidmətin 21 saylı region (Gəncə şəhəri, Samux və Göygöl rayonları) üzrə Dövlət Əmək Müfəttişliyinin, Ombudsmanın Gəncə Regional Mərkəzinin, Gəncə şəhər Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin, rayon ərazisində fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri, ayrı-ayrı ümumtəhsil məktəblərinin direktorları, müəllim və şagirdləri iştirak edib.


Tədbirdə mövzu ilə əlaqədar çıxışlar edilib, ölkəmizdə mövcud əmək qanunvericiliyi, uşaqların əmək hüquqları və onların müdafiəsi sahəsində aparılan işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən dövrdə Azərbaycanda əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair ümumbəşəri normaları özündə əks etdirən qanunvericilik bazası yaradılıb. Bu sahədə ölkəmiz BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, digər müvafiq beynəlxalq sənədlərə qoşulub. Hazırda Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Həmin yaşa qədər olan uşaqların əmək münasibətlərinə cəlb edilməsi qanunla qadağan olunub. Eyni zamanda, məcəlləyə əsasən, yaşı 18-dən az olan şəxslərin əmək şəraiti ağır, zərərli iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, eləcə də onların əxlaqi  kamilliyinin inkişafına mənfi təsir göstərə biləcək iş yerlərində işlərə cəlb edilmələri qadağandır.


Seminarda yaşı 18-dən az olan işçilər üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. ilə bağlı qanunvericilikdə əksini tapan əlavə təminat və güzəştlərdən də bəhs olunub. Bildirilib ki, yaşı 18-dən az işçilərlə əmək müqaviləsi bağlayarkən işəgötürən tərəfindən həmin işçilərin əmək və peşə vərdişlərinin artırılması üçün təmin edilməli olan əlavə şərtlər, öhdəliklər də həmin müqavilədə qeyd olunmalıdır. Həmçinin, belə işçilərin iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınmalıdır.

Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarının qarşısının alınması, yaşı 18-dən az olan işçilərin əmək hüquqlarının müdafiəsi sahəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən işlər barədə məlumat verilib, iştirakçıların mövzuya dair sualları cavablandırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti