Qondarma “Dağlıq Qarabağ Respublikası Ombudsmanı”nın çıxışının qarşısı alınıb

28-09-2017, 17:52
Oxunub: 224
Ombudsman İnstitutlarını həmrəyliyə və əməkdaşlığa çağırıb


Ombudsman Elmira Süleymanova Rumıniyanın Buxarest şəhərində üzvü olduğu Avropa Ombudsmanlar İnstitutunun Baş Assembleyasının iclasında iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən  APA-ya verilən məlumata görə, iclasda çıxış edən Ombudsman, BMT tərəfindən 2015-ci ildə qəbul edilən Dayanaqlı İnkişaf Məqsədlərinin icrasında Ombudsman İnstitutlarının və Milli İnsan Hüquqları İnstitutlarının rolununun əhəmiyyətinə diqqət çəkib, bu istiqamətdə Azərbaycan təcrübəsi haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O, eyni zamanda Azərbaycan Ombudsman İnstitutunun da üzvü olduğu Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansı tərəfindən qəbul olunmuş Merida deklarasiyasına da toxunaraq, həmin deklarasiyada insan hüquqları təsisatların üzərinə düşən funksiya və vəzifələr barədə də danışıb.

Daha sonra dünyada sülhün və ədalətin bərqərar olması naminə Ombudsman İnstitutlarını həmrəyliyə və əməkdaşlığa çağırıb, bununla bağlı bir sıra təkliflər səsləndirib:

“Tədbirdə Avropa Ombudsmanlar İnstitutunun fərdi üzvü, Ermənistan vətəndaşı olan Ruben Məlikyanın qondarma “Dağlıq Qarabağ Respublikası Ombudsmanı” kimi məruzə ilə çıxış etməsinin Azərbaycan Ombudsmanın əsaslandırılmış, təkidli etirazları nəticəsində qarşısı alınıb.

Əvvəllər də Avropa Ombudsman İnstitutuna işğal olunmuş Dağlıq Qarabağ ərazisində hökm sürən separatist rejimə dəstək verilməsi ilə bağlı Azərbaycan Ombudsmanı tərəfindən etirazlar edilib. Bu etirazlar nəticəsində sözü gedən quruma institusional üzv kimi daxil edilmiş “Dağlıq Qarabağ Respublikası” “Ombudsmanı” həmin üzvlükdən çıxarılıb”.

Tədbirdə Azərbaycan Ombudsmanı Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan hərbi qüvvələri tərəfindən zəbt olunduğunu və bunun nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün öz torpaqlarından didərgin düşdüyünü iştirakçıların diqqətinə çatdırıb. Ombudsman eyni zamanda BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən məlum dörd qətnaməsini diqqətə çatdırıb və indiyədək bu qətnamələrin Ermənistan tərəfindən icra olunmadığını bildirib”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti