DİM: Yazı işlərinin cavablarını 1 aydan tez açıqlamaq mümkün deyil

28-09-2017, 17:43
Oxunub: 55
Qarşılıqlı mübadilə və digər sahələrdə fikir mübadiləsi aparılıb


Sentyabrın 25-dən 28-dək Avropa İttifaqının (Aİ) Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) çərçivəsində Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda tətbiq edilən “emarkinq” sistemi ilə bağlı ekspert missiyası baş tutub.

APA-nın xəbərinə görə, bu gün DİM-də Avropa İttifaqının TAIEX aləti çərçivəsində mərkəz tərəfindən təşkil olunan imtahanlarda tətbiq edilən “emarkinq” sistemi ilə bağlı tədbir keçirilib. Tədbirdə imtahanlar zamanı yazı işlərinin yoxlanması texnologiyaları, əldə edilən nəticələr, qarşılıqlı mübadilə və digər sahələrdə fikir mübadiləsi aparılıb. 

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, bu ildən ilk dəfə olaraq IX siniflər üzrə  buraxılış imtahanlarında yazı işlərinin tətbiqinə başlanılıb. Onun sözlərinə görə, buraxılış imtahanlarının I mərhələsi aprel-may ayında keçirilib, nəticələr 2 ay ərzində yoxlanılıb və mayın 30-da açıqlanıb: “Buraxılış imtahanlarda ümumilikdə 115 min şagird iştirak edib. Bu ildən etibarən IX siniflər üzrə buraxılış imtahanında ilk dəfə olaraq tətbiq edilən belə yazı işlərinin nəticələrini 1 aydan tez vermək qeyri-mümkündür. Bu gün Dövlət İmtahan Mərkəzinin markerlərinin sayı 500 nəfərdir. Bu say 5000 nəfər olsaydı, yoxlama üçün vaxt 1 həftə -10 gün azalardı. Ancaq markerlərin sayını çoxaltmaq mexaniki olaraq mümkün deyil. Çünki bugünkü markerləri hazırlamaq üçün 4 il işləmişik. 2013-cü ildən keçirilən monitorinq imtahanları nəticəsində marker müəllimlər formalaşıb”. 

Qeyd edək ki, tədbirin proqramına uyğun olaraq 4 gün ərzində DİM əməkdaşları tərəfindən mərkəzin fəaliyyəti və imtahanlarda tətbiq edilən “emarkinq” sistemi, qiymətləndirmə materiallarının hazırlanması, yazılı cavablar üçün qiymətləndirmə meyarlarının hazırlanması, yazılı imtahanları qiymətləndirən markerlərin hazırlanması və onların fəaliyyətinin qiymətləndirilməsi, imtahanlardan sonra nəticələr və sualların məzmunu ilə əlaqədar müraciətlərin araşdırılması, yazılı imtahanlar üçün imtahan materiallarının nəşri, skan edilməsi və markerlərə çatdırılması, DİM-də imtahan nəticələrinin təhlili və digər sahələr üzə Sloveniya və Aİ ölkələrinin təcrübəsi ekspertlər tərəfindən müqayisəli şəkildə təqdim edilib.

Missiya çərçivəsində əldə edilmiş təcrübə və ekspertlərin tövsiyələri nəzərə alınmaqla Dövlət İmtahan Mərkəzinin imtahanlarda tətbiq etdiyi “e-markinq” sisteminin təkmilləşdirilməsi üzrə fəaliyyəti davam etdiriləcək. Layihə Aİ tərəfindən maliyyələşdirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti