Prezident Neftçalada əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak edib

24-09-2017, 13:29
Oxunub: 77
Neftçala magistral kanalının 13 min 490 metrlik hissəsinin dəmir-beton üzlükdə tikintisi tamamlanıb


Bu gün Azərbaycan prezidenti İlham Əliyev Kür çayından Neftçala magistral kanalı vasitəsilə Neftçala rayonunun əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak edib.

APA-nın məlumatına görə, Salyan və Neftçala rayonlarının əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 1949-cu ildə başlanğıcını Kür çayından götürən Akuşa kanalı torpaq məcrada inşa olunub.

Hazırda Akuşa kanalının xidmət zonasında Salyan rayonunun 18 min 600 hektar, Neftçala rayonunun 14 min 100 hektar suvarılan torpaq sahəsi mövcuddur. Kür çayından saniyədə 21 kubmetr su Akuşa kanalına 2 üzən və 1 stasionar nasos stansiyaları ilə verilir. Lakin Neftçala rayonunun qərb hissəsində yerləşən Xolqarabucaq, Dördlər, Mürsəlli, Xolqaraqaşlı, Xəzər və Qırmızıkənd, eləcə də Aşağı Surra kəndlərinin 13 min 400 hektar əkin sahələrinə qədər 47,5 kilometr uzanan Akuşa kanalı uzun müddət istismar olunduğundan məcrası genişlənib, nəticədə su itkisi kəskin artıb və faydalı iş əmsalı xeyli aşağı düşüb. Yay aylarında Akuşa kanalı əsasən Salyan rayonunun ərazisində yerləşən əkin sahələrini suvarma suyu ilə təmin etmək gücündə olduğu üçün kanalın sonunda olan Neftçala rayonunun əkin sahələrinə suvarma suyunun verilməsində ciddi çətinliklər yaranır. Ona görə də bu ərazilərdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı çox aşağı olur. Neftçalanın əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə 1988-ci ildə Kür çayı üzərində nasos stansiyasının və Neftçala magistral kanalının tikintisinin layihə sənədləri hazırlanıb. Layihənin həyata keçirilməsi ilə mövcud Akuşa kanalının son hissəsində yerləşən bu torpaqların Kür çayından nasos stansiyaları vasitəsilə su veriləcək Neftçala magistral kanalından suvarma suyu ilə təmin edilməsi, eyni zamanda, Salyan rayonunda Akuşa kanalı ilə suvarma suyu verilən mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına imkan yaranacaqdı. Lakin keçmiş SSRİ-nin süqutu ilə əlaqədar tikinti işlərinə başlanılması mümkün olmayıb. Hazırda isə dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində su ehtiyatlarından səmərəli istifadə olunması önəmli rol oynayır. Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə tikintisi də belə layihələrdəndir

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib. Bildirilib ki, 2004-2008-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilən “Neftçala rayonu üzrə pambıqçılığın və taxılçılığın inkişaf etdirilməsi” tədbirinin icrasını təmin etmək məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən “Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə tikintisi” layihəsinin icrasına 2006-cı ildə başlanılıb. İşçi layihədə rayonun 13 min 400 hektar əkin sahəsinin su təminatını yaxşılaşdırmaq üçün Kür çayı üzərində saniyədə 14,4 kubmetr suyun verilməsi üçün 6 və 2 aqreqatlı 2 üzən nasos stansiyası, uzunluğu 7020 metr və diametri 1220 millimetr olan dördxətli təzyiqli metal boru kəməri, təzyiqli hovuz və uzunluğu 24 min 900 kilometr olan dəmir-beton üzlüklü kanalın qurğularla birlikdə tikintisi nəzərdə tutulub. Neftçala rayonunda iri kənd təsərrüfatı müəssisələrinin və aqroparkların yaradılması ilə əlaqədar 5805 hektar azməhsuldar qış otlaq, eləcə də 1000 hektar dəmyə torpaq sahələrinə suvarma suyunun çatdırılması layihəyə daxil edilib. Bu halda layihə zonasına daxil olan torpaq sahəsi 20 min 205 hektar təşkil edir. Ayrılan vəsait hesabına Kür çayında 6 aqreqatlı üzən nasos stansiyası, onun elektrik təchizatı məqsədilə 29,1 kilometr uzunluğunda 35 kV-luq elektrik hava xətti, hərəsi 6300 KVA gücündə olmaqla 2 transformator yarımstansiyası quraşdırılıb. Nasos stansiyaları quraşdırılan ərazidə Kür çayının sahilinin mühafizəsi məqsədilə uzunluğu 204 metr olan ikicərgəli yığma dəmir-beton və monolit dəmir-beton konstruksiyalı svaylarla bərkidilmə işləri yerinə yetirilib. Eyni zamanda, Kür çayından suyun Neftçala kanalına verilməsi üçün nəzərdə tutulmuş dördxətli metal boru kəmərinin ümumi uzunluğu 3550 metr olan iki xəttinin, onların Salyan-Neftçala dəmir yolu və Baş Mil-Muğan Kollektoru ilə kəsişmələrindəki qurğularının və sonundakı təzyiqli hovuzun, Neftçala magistral kanalının 13 min 490 metrlik hissəsinin dəmir-beton üzlükdə tikintisi tamamlanıb. Görülən işlər nəticəsində cari ildə rayonun ümumilikdə 7772 hektar, o cümlədən yığcam yerləşən 5805 hektar qış otlaq sahəsi və 1000 hektar dövlət, bələdiyyə və xüsusi mülkiyyətə məxsus yeni suvarılacaq torpaq sahəsi su mənbəyi ilə təmin edilib, eləcə də 967 hektar mövcud əkin sahələrinin su təminatı yaxşılaşdırılıb ki, bu da həmin ərazilərdə pambıqçılığın, taxılçılığın və digər kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaradıb. Növbəti mərhələdə layihəyə uyğun Kür çayında iki aqreqatlı üzən ikinci nasos stansiyasının və təzyiqli boru kəmərinin qalan iki xəttinin, 11400 poqonmetr uzunluğunda Neftçala magistral kanalının dəmir-beton üzlükdə tikintisinin və digər işlərin başa çatdırılması ilə Neftçala rayonunun daha 12433 hektar əkin sahələrinin su təchizatının yaxşılaşdırılması təmin ediləcək.

Prezident İlham Əliyev əkin sahələrinə suvarma suyunun verilməsini bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti