Bu gün nələr baş verib? - Günün icmalı

23-09-2017, 20:10
Oxunub: 36
Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın paytaxtda keçirdiyi mitinqlə bağlı açıqlama yayıb


Etatist.com 23.09.2017 tarixində ölkədə baş verən hadisələrin qısa icmalını təqdim edir:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub.
Ermənistan ordusu Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə; İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Ağstafa rayonunun Köhnəqışlaq; Qazax rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Nerkin Karmirağbur, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərindən Tovuz rayonunun Hacıalılı, Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində; Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən isə Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.


Daxili İşlər Nazirliyinin rəhbərliyinə yeni səlahiyyət verilib.
Nazirlər Kabineti bununla bağlı "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Vanuatu Respublikasının xarici əlaqələr, beynəlxalq əməkdaşlıq və xarici ticarət naziri Bruno Leingkone ilə görüş keçirib.

Görüş zamanı Azərbaycanla Vanuatu arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalanıb. Bruno Leingkone Azərbaycanın Vanuatu ilə sözügedən kommünikeni imzalayan 104-cü ölkə olduğunu qeyd edib.


Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Belçikanın xarici işlər naziri Didye Reynders və Malayziyanın xarici işlər naziri Dato' Sri Anifah Aman ilə ikitərəfli görüşlər keçirib.
Görüşlərdə ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub və məmnunluq ifadə edilib. Mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Fələstinin xarici işlər naziri Riyad Əl-Məliki ilə görüşüb.
Görüşdə Azərbaycan və Fələstin arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Azərbaycanın Fələstin məsələsinə ayırdığı diqqət və humanitar dəstəyi, Azərbaycanda Fələstin məsələsi üzrə keçirilən beynəlxalq tədbirlər yüksək qiymətləndirilib.

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşüb.
Görüşdə Azərbaycan və ATƏT arasında əlaqələrin hazırkı səviyyəsi nəzərdən keçirilib və əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər Azərbaycanla ATƏT arasında konstruktiv dialoq və anlaşma ruhunda əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Bakıda, Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris Mərkəzində ilk dəfə olaraq maneəli ekstremal “Mübarizlər” yarışı keçirilir.
 Yarış FHN, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin (MOK) və “Gilan Holding”in təşkilati dəstəyi ilə baş tutur.

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın paytaxtda keçirdiyi mitinqlə bağlı açıqlama yayıb.
İdarədən verilən məlumata görə, açıqlamada bildirilir ki, sentyabrın 23-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib: “Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və bir sıra müxalifyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.

Azərbaycan neftinin qiyməti 59 dolları ötüb.
"AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,40 dollar və ya 0,68% artaraq 59,12 dollar təşkil edib.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti