Bu gün nələr baş verib? - Günün icmalı

21-09-2017, 20:36
Oxunub: 52


Etatist.com 21.09.2017 tarixində ölkədə baş verən hadisələrin qısa icmalını təqdim edir:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.



Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan daxil olan məlumata əsasən, sentyabrın 20-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 312 ədəd partlamamış hərbi sursat (PHS), 94 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 210 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 897 500 kv.m (89.75 ha) ərazi yoxlanılıb.


SOCAR-ın neft emalı kompleksinə aid müəssisələrin əməkdaşları 2016-cı ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayınadək olan dövr ərzində 5 mln. 817,5 min ton emal olunmuş xam neftdən 1 mln. 368,4 min ton müxtəlif benzin, 595,6 min ton reaktiv mühərrik yanacağı, 1 mln. 681,9 min ton dizel yanacağı, 262,2 min ton soba mazutu 197,1 min ton bitum, 220,9 min ton koks və sair məhsullar istehsal ediblər.
Bu barədə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədovun "İki sahil" qəzetinin xüsusi buraxılışında yer alan məqaləsində deyilir.

Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin salonunda, torpedanın içərisində 6 ədəd "Samsung J3-6" markalı mobil telefon aşkar olunub.


24 iyul 2017-ci il tarixdə elan edilmiş ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələr başa çatıb. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, müsahibələrdə 6 dövlət orqanında - Sumqayıt Apellyasiya Məhkəməsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində işə qəbul olmaq üçün 53 namizəd iştirak edib. Onlardan 25 nəfəri vəzifəyə uyğun, 21 nəfər uyğun hesab edilməyib, 7 nəfər isə iştirak etməyib.
Sumqayıt Apellyasiya Məhkəməsində 1 nəfər uyğun, 6 namizəd isə uyğun hesab edilməyib. 2 nəfər müsahibədə iştirak etməyib.


Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, ilkin araşdırma zamanı yoxlama dövrünü əhatə 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.


Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Yevlax şəhərində Yun zavodunun yaxınlığında partlamamış mərminin olması barədə məlumat daxil olub.
ANAMA-dan verilən xəbərə görə, daxil olan məlumat əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

“Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetində hansı şöbələrin birləşdirildiyi məlum olub.
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında və sərəncamlarında dəyişikliklər edilməsi barədə” qərarında əksini tapıb.

Təhsil Nazirliyi yanında Tələbə və Gənclər üzrə Daimi Şuranın ilk iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Daimi Şuranın yaradılmasının məqsədi, əhəmiyyəti, beynəlxalq təcrübə və gözləntilər haqqında təqdimat olub. Şura üzvləri tələbə və gənclərlə iş sahəsində yeni çağırış və yanaşmalar, mövcud imkanlar, eləcə də Daimi Şuranın fəaliyyətinin əsas prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin könüllülük, təşviqat kampaniyalarının aparılması, tələbələr üçün təcrübə proqramlarının dəstəklənməsi kimi mövzular müzakirə edilib.
Tələbə və gənclərin istəklərinin daha yaxından öyrənilməsi üçün növbəti görüşün ali təhsil müəssisələrinin birində keçirilməsi qərara alınıb.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının İş Yerlərinin Diaqnostikası Missiyası üzrə nümayəndə heyəti ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfərdə məqsəd ölkəmizdə məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılması, bu sahədə həyata keçirilən tədbirlər, qarşıda duran əsas hədəflər barədə təhlillərin aparılması, Dünya Bankının iş yerlərinin diaqnostikası üzrə yanaşmaları haqqında məlumatların verilməsi, birgə fəaliyyət yollarının müzakirə olunmasıdır.


Azərbaycan prezidenti İlham Əliyev Mali Respublikasının prezidenti İbrahim Bubakar Keytanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Mali Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Mali əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və inkişaf edəcək. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram”.


Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti