"Öz dəyərlərimizi yox etsək, biz də yox olarıq"

20-09-2017, 12:48
Oxunub: 930
"Maarifləndirmə ən önəmli məsələdir ki, hər vətəndaş kimi biz də bunu etməliyik"


Etatist.com və Kitabıstanın “Oxucudan müsahibə” rubrikasının bu dəfəki qonağı Bakı Mühəndislik  universitetinin tələbəsi İsa Zeynaldır.

Etatist.com sözügedən müsahibəni təqdim edir:

- Zəhmət olmasa oxucularımız üçün özünüz haqqınızda qısa məlumat verin.
- Ağdamda doğulmuşam, Qarabağ türkmənlərindənəm. Hazırda Bakı Mühəndislik Universitetində təhsil alıram. İdarəetmə, marketinq və layihə idarəedilməsi ilə maraqlanıb günü-gündən bacarıqlarımı artırmağa çalışıram. Kitab oxumağı sevirəm. Həyatda məqsədim həyatdan nəsə almaq deyil, həyata pay verməkdir, dəyər yaratmaqdır.

- Niyə kitab oxuyursunuz? Kitablar sizə nə verir?
- Öz ayaqlarımız üstündə durmaq üçün kimlərdənsə, nələrdənsə müəyyən məsələləri öyrənməliyik. Bu mütləqdir. Kitablar ən yaxşı məsləhətçilərdir. Çünki onlar öz təcrübələrini deyib sənin fikrini dəyişməyə çalışmırlar. Hər şeyi göstərirlər. Nəticə çıxartmaqsa sənə qalır.

- Öyrəndiklərinizi həyatınızda tətbiq edə bilirsiniz?
- Nitqimin təkmilləşməsinə, təsəvvürün formalaşmasına, həmçinin intellektual səviyyənin inkişafı üçün kitabların təsiri aşkardır.

- Deyək ki, nitqiniz inkişaf etdi, intellektiniz artdı. Sonra bu imkanlardan necə istifadə etməyi düşünürsünüz?
- Bəzi kitablar, bəzi bilgilər var ki, bunları hamı bilməlidir. Məsələn hamı Nyutonu, Cek Londonu, Tolstoyu, Rəsulzadəni tanımalıdır. Bu intellektual bilginin əsasıdır, hər şeydən bilgili olmaq.

- İndi hansı kitabı oxuyursunuz?
- İndi Cek Londondan oxuyuram. Povestləri və hekayələri mükəmməldir. Qərb yazarlarının bir çoxundan fərqli olaraq Cek Londonun daha lakonik, birbaşa və həm məntiqi, həm duyğusallığı balansa uyğun yazması çox xoşuma gəlir. Remarkla Cek London ən sevdiyim yazarlardır.

- Sizcə Azərbaycan gəncləri niyə tənbəldirlər?
- Çünki bizim Sovet mühitində böyümüş valideynlərimiz var.

- Sizcə oxucular nəyə görə pessimist ruhlu kitablara üstünlük verirlər?
- Zövqlər müxtəlifdir, kiminsə zövqünə qarışa bilmərik. Amma əgər bu, kütləvi hal alırsa demək ki, nəsə çatışmır. Bəlkə də onlar zövq almaq üçün oxuyurlar, amma bildirmək istərdim ki, daha çox şeylər öyrənə biləcəyimiz kitablar var.

- Sizcə mentalitet nədir?
- Hər xalqın öz mental dəyərləri olur. Razıyam bəzən bunlar inkişafa, irəliləməyə çox mane olur. Bunları zaman-zaman aradan qaldırmaq lazımdır. Amma öz dəyərlərimizi yox etsək, biz də yox olarıq, başqasının dəyərlərini götürsək, öz dəyərlərimizi unutsaq biz də yox olub onların aslı olarıq

- Özünüzü "Kitabıstan" vətəndaşı hesab edirsiniz?
- Tam layiq bilməzdim, çünki həmişə səhifəni izləməyi, tədbirlərdə iştirak etməyi istəsəm də işlərdən dolayı alınmır. Tədbirləriniz, paylaşımlarınız mükəmməldir. Maarifləndirmə ən önəmli məsələdir ki, hər vətəndaş kimi biz də bunu etməliyik. Bu çətin, amma çox şərəfli yükü qaldırmağa çalışdığınız üçün sizə təşəkkür edirəm.
Nicat Həşimzadə
Kitabıstan
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti