“Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir”

20-09-2017, 12:41
Oxunub: 56
İsrail-Fələstin münaqişəsinin həll edilməməsi yalnız bu regiona deyil, beynəlxalq təhlükəsizliyə də təhdid yaradır


Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclasında çıxış edib.

Xarici İşlər Nazirliyindən APA-ya bildirilib ki, E. Məmmədyarov Azərbaycanın Fələstin məsələsinin ədalətli və davamlı həllini dəstəklədiyini diqqətə çatdırıb. Nazir bildirib ki,

Azərbaycan beynəlxalq ictimaiyyətin digər üzvləri kimi dünyanın müxtəlif yerlərində baş verən, bəzi regionlarda siyasi qeyri-sabitliyə, irimiqyaslı yerdəyişmələrə və misli görülməmiş humanitar böhranlara yol açan müharibə və silahlı münaqişələrlə bağlı ciddi narahatdır. İsrail-Fələstin münaqişəsinin həll edilməməsi yalnız bu regiona deyil, beynəlxalq təhlükəsizliyə də təhdid yaradır.

Onun  sözlərinə görə, Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir və Fələstin xalqının yanındadır: “Azərbaycan Fələstin münaqişəsinin, Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini dəstəkləyir. Bu xüsusda, qardaş Fələstin xalqının sülh, sabitlik və inkişaf uğrunda mübarizəsinə Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim. Qoşulmama Hərəkatının gələcək sədri kimi, münaqişənin beynəlxalq hüquq və Hərəkatın qəti mövqeyi əsasında sülh yolu ilə həllinə töhfə vermək məqsədilə Azərbaycan bu funksiyadan istifadə etməyə çalışacaq”.

Nazir qeyd edib ki, Azərbaycan və Fələstin arasında sıx siyasi dialoq mövcuddur və müxtəlif səviyyələrdə müntəzəm məsləhətləşmələr keçirilir. 2016-cı ilin mayında Azərbaycandan yüksək səviyyəli nümayəndə heyətinin Ramallaha rəsmi səfərini xatırladan E. Məmmədyarov deyib ki, səfər çərçivəsində praktik əməkdaşlığın daha da intensivləşdirilməsini nəzərdə tutan ikitərəfli müqavilələr imzalanıb. Həmçinin, Fələstinin Xarici İşlər Nazirliyinin nümayəndələrindən ibarət heyət 2017-ci ilin fevral ayında Bakıya səfər edib.

“Ortaq dəyərlər və mədəniyyətdən irəli gələrək, Fələstin və Azərbaycan tarixən bütün beynəlxalq forum və təşkilatlarda əməkdaşlıq edib və bir-birini dəstəkləyib. Bu həmrəylik ruhu müxtəlif mərhələlərdə öz sübutunu tapıb. Azərbaycan 2013-cü ildə “Əl-Qüds Əl-Şərif şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı” və “Fələstin Dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” kimi iki uğurlu konfransa ev sahibliyi edib və Müqəddəs şəhərin infrastrukturunun inkişafı və saxlanılması üçün mühüm ianə ayırıb. Bu il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının dəstəyi və BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının himayəsi ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib. Konfransda Şərqi Qüdsün işğal altındakı son durumu haqqında ən yeni məlumatlar bölüşüldü, son hadisələr təhlil edildi və praktiki yollar araşdırıldı”, - deyə nazir bildirib.

E. Məmmədyarov əlavə edib ki, 5-ci onillikdir, davam edən İsrail-Fələstin münaqişəsi humanitar hüquq və insan haqları da daxil olmaqla, beynəlxalq hüquq çərçivəsində nizamlanma baxımından kollektiv, təxirəsalınmaz və qətiyyətli fəaliyyətin təcililiyini zəruri edir: “Fələstin məsələsinin beynəlxalq hüquq və müvafiq BMTqətnamələri əsasında ədalətli və davamlı həllinə nail olunması beynəlxalq müdaxilə və münaqişənin özül səbəblərinin aradan qaldırılması üçün siyasi iradə tələb edir”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti