"Şərqdə incəsənət mövzusunda Azərbaycana rəqib tanımıram" | (VİDEO)

20-09-2017, 12:21
Oxunub: 1121
"Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”unu Türkiyədəki opera sənəti ilə müqayisə belə edə bilmərəm"


"Gənc - Gələcək" layihəsi çərçivəsində növbəti müsahibimiz musiqiçi Fazil Hümbətlidir. O, musiqilərini özü bəstələyir və ifa edir. Özünün də dediyi kimi 14-15 yaşlarından musiqiyə həvəsi yaranan F.Hümbətli daha sonra özü musiqilər bəstələməyə və ifa etməyə başlayıb.

Onun musiqilərinin əksəriyyətinin ingilis dilində olması diqqətimi ən çox çəkən məqamlardan oldu. Müsahibə əsnasında marağımı boğa bilməyib bu sualı da onun özünə ünvanladım.

"GƏNC - GƏLƏCƏK" LAYİHƏSİ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.

Etatist.com "Gənc-Gələcək" layihəsi çərçivəsində musiqiçi Fazil Hümbətlinin müsahibəsini təqdim edir:


- Zəhmət olmasa oxucularımız və izləyicilərimiz üçün özünüzü daha yaxından təqdim edərdiniz.
- Azərbaycan Memarlıq və İnşaat Universietində təhsil alıram. Eyni zamanda musiqi ilə məşğul oluram.

- Bəs musiqi ilə nə vaxtdan məşğul olmağa başlamısınız? Ümumiyyətlə, sizi musiqiyə cəlb edən nə olmuşdu?
- Əslində musiqi ilə uşaqlıdan məşğul olmuram. Bir çox adam uşaqlıqdan sırf bu maraq ilə böyüyür. Məndə haradasa 14-15 yaşlarından musiqiyə maraq yarandı. O da daha çox musiqilərin yazılması, yaranması ilə maraqlanmağa başladım. Maraqlandıqca, araşdırmalar etdikcə gördüm ki, mən özüm də bu işlə məşğul olmaq istəyirəm. Bütün hər şey belə formalaşdı.

- Musiqiyə marağınız olduğunu gördükdə valideynlərinizin reaksiyası nə oldu? Adətən azərbaycanlı valideynlər övladlarının musiqi ilə məşğul olmasını istəmir.
- Bəlkə də bir tərəfdən ixtisas olaraq məşğul olmadığım üçün ola bilər ki, bizim ailədə çox da böyük dəyişiklik olmadı. Ancaq hər halda yenilik idi. Çünki birdən-birə musiqi ilə məşğul olmağa, musiqilər yazmağa başladım. Ancaq təbii ki, dəstəklədilər, dayaq oldular. Yəni yaxşı mənada, pozitiv mənada bu hala sevindilər.

- Bəs necə fikirləşirsiniz, nəyə görə azərbaycanlı valideynlər öz övladlarının istədiyi sənətlə məşğul olmasına razı olmurlar. Məsələn, elə musiqini götürə bilərik. Sizin valideynləriniz sizi dəstəklədi, amma nəyə görə başqaları dəstəkləmir?
- Mən hesab edirəm ki, bir çox valideyn belə bir halı dəstəkləyər. Mən öz şəxsi, subyektiv fikrimə görə belə deyərdim. Ancaq bəzi valideynlər iqtisadi cəhətdən fikirləşirlər ki, gələcəkdə öz övladları maliyyə problemləri yaşaya bilər. Ola bilər ki, cəmiyyətdə bu mövzuda başqa stereotiplər formalaşıb. Amma deyə bilərəm ki, əksər valideyn bunu dəstəkləyər. Cəmiyyətimizdə az tapılan bir şey olmaz.

- Musiqilərinizi daha çox ingilis dilində yazırsınız, öz dilimizdə yazdığınız musiqilər azdır. Bunun səbəbi nədir?
- Hal hazırda mənim paylaşdığım mahnıların əksəriyyəti ingilis dilindədir. Azərbaycan dilində sadəcə iki mahnı var. Amma əslində elə bir prinsipim yoxdur ki, Azərbaycan dilində yazmayım, mahnılarım ingilis dilində olsun. Əslində bu dəqiqə hazır olan lakin paylaşmadığım Azərbaycan dilində olan mahnılar var. Yəqin ki, gələcək zamanlarda onları paylaşacağam. Ancaq eyni zamanda fikirləşirəm ki, ingilis dilində yazmaq müəyyən qədər rahatdır. Çünki bu halda öz hisslərimi, fikirlərimi daha rahat ifadə edə bilirəm. Bu tərəfdən də məncə qaynaqlanır.

- Hazırda dünyada belə bir aksiom qəbul olunub ki, zövqlər müzakirə olunmur, uşaqdan-böyüyə hər kəs bunu deyir. Sən necə fikirləşirsən, səncə zövqlər müzakirə olunmalıdır? İnsanların musiqi zövqü, rəsm zövqü müzakirə olunmalıdır?
- Mənə elə gəlir ki, hər şeyin müzakirə olunması - fikirlərin də - inkişafın göstəricisidir və müzakirə olan yerdə, iki əks fikir olan yerdə hər zaman daha yaxşı məhsul əldə edirik. Yəni deyə bilmərəm ki, bu mövzuda sırf biz kimisə tənqid etməliyik. Ancaq məncə, müzakirə etmək yaxşı bir şeydir. Hər zaman mənim ortaya qoyduğum musiqi haqqında, iş haqqında da əks fikirləri, eyni zamanda neqativ fikirləri də almaq istəyərdim. Bu mənim özümü daha da inkişaf etdirməyimə gətirib çıxaracaq. Ola bilər ki, zövqlər fərqlidir və biz bəzilərini qəbul etməliyik. Qəbul etmək ayrıdır, inkar etmək ayrı. Qəbul etmək lazımdır, müzakirə etmək yaxşı haldı.

- Memarlıq üzrə təhsil alırsınız. Memar kimi Bakını memar kimi necə dizayn edərdiniz? Ümumiyyətlə, Bakının indiki memarlığından razısınız?
- Əslində bu bir az lap dərin mövzudur. Biz Bakının tarixinə baxırıq, yəni bu planın qurulması və s. Bakının indiki inkişaf planı göstərir ki, yaxın gələcəkdə Bakı daha da yaxşı formaya düşəcək. Əlbəttə ki, məncə ətraf rayonlarda və Bakının özünün şəhər mərkəzindən kənar hissələrində bəzi problemlər var. Bu da sırf əhalinin sayının nəzərə alınmamış artımı ilə əlaqədardır. Çünki Bakı mərkəzdir, ölkədəki inkişaf daha çox Bakıda gedir deyə insanlar Bakıya axın edir və bu çox çətindir. Siz memarlıq baxımından baxsanız əvvəlcədən təyin etmək lazımdır ki, nə qədər insan axını olacaq. Onlar gəlirlər ev çatmır, yaşayış yeri çatmır və insanlar şəhərin ətrafına doluşurlar. Bu halda planı ona uyğun tərtib etmək çətindir. Ona görə də hesab edirəm ki, Bakının mərkəz hissəsi ilə kənar hissə arasında böyük fərq var. Şəhərdə bizim tarixi yerlər var - İçərişəhər, müasir rayonlar var, yeni proyektlər var və mən onları çox bəyənirəm, dəyərləndirirəm. Bir az da digər tərəflərə, yəni mərkəzdən kənarlara da diqqət yetirmək olsa Bakının gələcək potensialını görürəm.

- Bildiyim qədəri ilə Türkiyədə də təhsil almısınız. Mənə oradakı və bizdəki teatr tamaşaçılarının fəallığı maraqlıdır. Bizim tamaşaçılarımızla və aktyorlarımızla Türkiyə tamaşaçı və aktyorlarının hansı oxşarlıqlıqları və fərqləri var?
- Sözün açığı sırf opera və teatrlar haqqında danışsaq, burada mənim müəyyən qədər baxış açım fərqlidir. Çünki Türkiyə ilə Azərbaycana baxsaq, təbii ki, Türkiyə Azərbaycandan qat-qat böyük dövlətdir. Yəni hər iki ölkənin iqtisadi gücü də tamamilə başqa yönlərdə qurulub. Təbii ki, fərqlər böyükdü. Ancaq incəsənət mövzusunda Şərq dünyasında Azərbaycana rəqib tanımıram. Bildiyiniz kimi Şərqdə ilk opera da Azərbaycanda yazılıb, opera binası da bütün müsəlman çoxluqlu ölkələr arasında Azərbaycanda olub. Türkiyənin operası Azərbaycana görə çox-çox cavandır. Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”unu Türkiyədəki opera sənəti ilə müqayisə belə edə bilmərəm. Üzeyir Hacıbəyovun şəxsi yaradıcılığı şedervdir. Bu, müqayisə oluna bilməz. Ancaq ola bilər ki, aktyor çatışmazlığı, avadanlıqlarda və sairdə Azərbaycanda çatışmazlıqlar var. XIX əsrin axrı, XX əsrin əvvəllərində Azərbaycanda teatr sənətinə çox böyük maraq var idi. Ancaq hal hazırda bundan dəfələrlə az tamaşaçı kütləsi var. Gedəndə özünüz də görürsünüz ki, zalın böyük hissəsi boş qalır. Ancaq Türkiyədə yeni-yeni formalaşsa belə orada böyük maraq var. Gənc nəsil tərəfindən tələb olunur.  

- Qayıdaq musiqiyə. Musiqilərinizi həm bəstələyir, həm də ifa edirsiniz. Ya bəstəkar, ya da elə ifaçı kimi özünüz üçün nümunə hesab etdiyiniz kimsə var?
- Əslində mən çox vaxt fərqli-fərqli janrlara müraciət etməyə çalışıram. Ancaq mənim ən çox ilham aldığım, ən çox sevdiyin müğənni Emi Vaynhaus olub. Bir neçə il əvvəl vəfat etmişdi. Mən o xanımın həm şəxsi yaradıcılığını, həm həyat yolunu özümə kumir kimi görürəm. Mən hesab edirəm ki, musiqi, bəstəkarlıq nəyisə ifadə etməkdir. Emi də sənətdə ən çox gördüyüm insandır ki, musiqisində hər şeyi ifadə etsin. Özü də bəstələrini yazır və ifa edirdi.

- Bəs mahnılarınızla insanlara hansısa mesaj vermək istəyirsiniz?
- Mahnıların mövzusu nə olursa-olsun çox vaxt qarşısına bir dənə çıxış ilə yazıram ki, bu mahnı parçası sülh və sevgiyə həsr olunur. Bu mənim həyatda inandığım ən böyük faktordur ki, mən bütün dünyada insanlar arasında sülhə və sevgiyə inanıram. Ola bilər ki, mahnılar ayrı-ayrılıqda başqa şey ifadə edirlər, amma istər vizual incəsənt - memarlıq, rəsm ya da musiqi hamısı mənə görə sırf bu faktora həsr olunub.

- Azərbaycanda musiqi janırında nəsə yenilik etmək istəyirsiniz ki, bu, Azərbaycana yeni bir nəfəs gətirsin, yenilik gətirsin...
- Azərbaycanda, ümumiyyətlə, bu müasir pop, rep, R&B - bir çox janrlar son dövrdə formalaşıb. Həmçinin rok da bura aiddir. Keçmiş dövrlərdə qruplar olub, lakin hələ tam formalaşa bilməyib. Ola bilər ki, kütlə də azdır. Ancaq sırf bu dəqiqə mənim üzərində işlədiyim elektro pop janrında bir mahnı var. İngilis dilində olacaq, lakin azərbaycan kütləsi üçün nəzərdə tutulduğuna görə yenilik ola bilər. Bu, həmçinin repi də özündə birləşdirəcək. Amma mənə elə gəlir ki, Azərbaycanda bu dəqiqə hər cür janrda yenilik etmək olar. Çünki kütlə azdır, bəstəkarlar da çox deyil. Yenilik etmək olar və musiqi sahəsində hər cür şərait də var.
Günay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti