Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu 2% artıb

15-09-2017, 18:10
Oxunub: 299
Bitkiçilik məhsullarının istehsalı isə 0,9% artıb


2017-ci ilin yanvar-avqust ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 4,431 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bunun 2,232 mlrd. manatı heyvandarlıq, 2,199 mlrd. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,7%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,5%, bitkiçilik məhsullarının istehsalı isə 0,9% artıb.

Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir və sentyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,4%-i, yaxud 935,5 min hektarı biçilib və həmin sahələrdən 2 mln. 675,3 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% az məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 28,6 sentner təşkil edib. Bundan əlavə, 14,9 min hektar qarğıdalı sahəsindən 84,5 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 56,8 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2 mln. 759,8 min ton olub.

2017-ci il sentyabr ayının 1-nə kimi tarlalardan 707,5 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,7% az kartof, 1 mln. 57,6 min ton (7,3% çox) tərəvəz, 400,8 min ton (7,9% az) bostan məhsulları toplanıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 2 sentner, tərəvəz üzrə 22 sentner, bostan məhsulları üzrə 7 sentner artmış və uyğun olaraq 150, 170 və 176 sentner olub.
 
2017-ci ildə 136,4 min hektar sahədə pambıq, 14,9 min hektar sahədə dən üçün günəbaxan, 14,1 min hektar sahədə şəkər çuğunduru və 3,2 min hektar sahədə tütün əkilib. Sentyabrın 1-i vəziyyətinə həmin sahələrdən 465,5 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 7 dəfə çox pambıq, 27,9 min ton (2 dəfə çox) dən üçün günəbaxan, 61,8 min ton (71,6 dəfə çox) şəkər çuğunduru və 2,9 min ton (13,3% çox) tütün yarpağı yığılıb.
 
Hesabat dövrünə 359,3 min ton (1,1% çox) meyvə və giləmeyvə, 37,7 min ton (9,3% çox) üzüm, 506,5 ton (31,4% az) yaşıl çay yarpağı toplanıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında diri çəkidə ət istehsalı 2,4% artaraq 312,6 min ton, süd istehsalı 1,3% artaraq 1 mln. 348,5 min ton, yumurta istehsalı 7,6% artaraq 1 mlrd. 154,4 mln. ədəd, yun istehsalı isə 3,5% azalaraq 15,4 min ton olub. Bundan başqa, ölkədə 245,2 ton barama istehsal olunub.


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti