Bakıda Novosibirsk filarmoniyasının Kamera Orkestrinin konserti olacaq

15-09-2017, 14:22
Oxunub: 218
P.Çaykovskinin məşhur orkestr əsərləri dinləyicilərə təqdim olunacaq


Azərbaycan Dövlət Akademik Filarmoniyasında  Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Həftəsi çərçivəsində dünyanın nüfuzlu musiqi kollektivlərindən biri olan Novosibirsk  Akademik Filarmoniyasının Kamera Orkestrinin konserti keçiriləcək.

APA-nın xəbərinə görə, tədbir Mədəniyyət və Turizm Nazirliyitərəfindən keçirilir. Konsertdə Novosibirsk Filarmonik Orkestri Azərbaycanın əməkdar artisti, Azərbaycan Akademik Dövlət Opera və Balet teatrının dirijoru, Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi altında çıxış edəcək.

Həmin gün ilk dəfə olaraq Bakıda görkəmli rus bəstəkarı,  professor Rodion Şedrinin fortepiano və orkestri üçün 6- saylı “Concerto lontano” konserti, Arvo Pyatrın “Qardaşlar” (Fratres), Giya Kançelinin “Daneliada”, Q.Qarayev, V.A.Mosart və P.Çaykovskinin məşhur orkestr əsərləri dinləyicilərə təqdim olunacaq.

Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin 70-lik yubileyi münasibətilə Novosibirsk filarmonik orkestri onun kamera orkestri üçün yazdığı “Metamorfozlar” (“Şüştər”) əsərini ifa edəcək. Konsertdə Rusiyanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, tanınmış skripka ifaçısı Yuliya Rubina və Moskva Konservatoriyasının aspirantı, Avropa Oyunlarının musiqi koordinatoru Riad Məmmədov solist qismində çıxış edəcəklər. Riad Məmmədovun ifasında görkəmli bəstəkar Rodion Şedrinin 80-lik yubileyi münasibətilə onun bəstələdiyi fortepiano konserti səslənəcək.

Sentyabrın 20-də isə Novosibirsk Filarmonik Orkestri Üzeyir Hacıbəyli Festivalı çərçivəsində Sumqayıtda yeni proqramla çıxış edəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti