Əbülfəs Qarayev iranlı və türkiyəli həmkarları ilə görüşüb

15-09-2017, 14:17
Oxunub: 146
Turizm Təşkilatının rəhbəri Əli Əsgər Munesan və Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Numan Kurtulmuşla görüşüb


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) 22-ci Baş Assambleyası çərçivəsində bir sıra görüşlər keçirib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ə. Qarayev İran İslam Respublikasının vitse-prezidenti, Mədəni irs, Əl işləri və Turizm Təşkilatının rəhbəri Əli Əsgər Munesan və Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Numan Kurtulmuşla görüşüb.

İran rəsmisi ilə görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, mədəni irs sahəsində həm ikitərəfli qaydada, həm də UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb. Ə. Qarayev İran rəsmisini ölkəmizə səfərə dəvət edib.

Türkiyəli həmkarı ilə görüşdə isə mədəniyyət və turizm sahələrində qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Nazirlər iki ölkənin dövlət başçılarının siyasəti nəticəsində formalaşan möhkəm dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə əməkdaşlığa töhfə verdiyini təsdiqləyərək bir sıra vacib layihələrin qısa müddətdə həyata keçirilməsini qərara alıblar.

Görüşdə yaxın aylarda Azərbaycan və Türkiyə mədəniyyət və turizm nazirliklərinin nümayəndələrindən ibarət Turizm üzrə işçi qrupunun görüşünün keçirilməsi, UNESCO çərçivəsində xalqlarımızın ortaq mədəniyyətini əks etdirən nümunələrin birgə təqdim edilməsi, xüsusilə TÜRKSOY ilə bu sahədə münasibətlərin dərinləşdirilməsinin vacibliyi qeyd edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti