Kiyevdə Avropa Azərbaycanlıları Konqresinin toplantısı keçirilib

13-09-2017, 13:38
Oxunub: 38
S.Qasımov AAK-ın yeni iş planından danışıb


Kiyevdə Avropa Azərbaycanlıları Konqresinin (AAK) toplantısı keçirilib.

APA-nın məlumatına görə, toplantıya Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, AAK prezidenti Sahil Qasımov, Niderland, Belçika, Finlandiya, İsveç, Almaniya, Fransa, Macarıstan, Estoniya və Ukraynadan olan diaspor təşkilatları, Ukrayna-Azərbaycan parlamentlərarası İşçi qrupunun rəhbəri Maksim Kuryaçiy, Ali Radanın deputatı, Avropa ŞurasıParlament Assambleyasının vitse-prezidenti, Azərbaycan əsilli Georgi Loqvinski qatılıblar.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) ev sahibliyi ilə keçirilən toplantı iştirakçıları Kiyevdə Heydər Əliyevin abidəsini ziyarət edərək əklil qoyublar.

Tədbirdə çıxış edən N. İbrahimov bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ölkələrinə çatdırılması, kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişaf etdirilməsi, azərbaycanlıların yaşadıqları ölkələrin siyasi həyatında daha fəal iştirakı məsələsində diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür: "Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasının, diasporun formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirərək diasporumuzun təşkilatlanması, inkişafı, Azərbaycan ilə əlaqələrinin gücləndirilməsi üçün daim yüksək diqqət və qayğı göstərir. Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımıza hər zaman dayaq olub və bundan sonra da dəstəyini əsirgəməyəcək.  AAK ən fəal diaspor təşkilatlarından biridir. Bu qurumun fəaliyyətində yeni texnologiyaların tətbiqinin vaxtı çatıb”.

AAK prezidenti Sahil Qasımov isə qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Avropadakı Azərbaycan icmaları rəhbərlik etdiyi qurumun başçılığı ilə yeni yol xəritəsi hazırlayır: "Buna görə də hər bir soydaşımız xaricdə gücünü səfərbər edib Azərbaycanı layiqincə təmsil etməlidir, bu işdə yaxından iştirak etməlidir".

S.Qasımov daha sonra AAK-ın yeni iş planından danışıb.

AAK-ın vitse-prezidenti, BUAK sədri Rövşən Tağıyev bildirib ki, bütün diaspor təşkilatları təmsil olunduqları ölkələrdə mövqelərini daha da gücləndirərək yerli siyasi-ictimai xadimlərlə sıx işləməlidirlər.

R. Tağıyev eyni zamanda Ukraynada yaşayan azərbaycanlıların son vaxtlar bəzi media qurumları tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına etirazını da diqqətə çatdırıb.

Georgi Loqvinski isə çıxış edərək əslən Azərbaycanın Göyçay rayonundan olduğunu xatırladıb, bununla qürur duyduğunu və Ukraynada Azərbaycan diasporuna yaxından dəstək olmağa hazır olduğunu bildirib. O, Azərbaycanın işğal olunmuş əraziləri, problemin həlli yolları haqda danışaraq həqiqətlərin dünyaya çatdırılmasında yaxından iştirak edəcəyini bildirib.

Maksim Kuryaçiy isə deyib ki, Ukrayna ilə Azərbaycan arasında münasibətlər qədim tarixə malikdir və xalqların dostluğu bu səbəbindən möhkəmdir: "Ukrayna hər zaman Azərbaycanın yanında olub və Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Ukrayna bu məsələdə qətiyyətli mövqeyini davam etdirəcək".

Toplantıda AAK İcra komitəsi üzvləri, İsveç "Azərbaycan" Cəmiyyətinin sədri Nadir Hollenbrand, Paris "Azərbaycan Evi"nin sədri Mirvari Fətəliyeva, Estoniyadakı Azərbaycan Cəmiyyətinin sədri Niyazi Hacıyev, İsveç Azərbaycanlıları konqresinin sədri Emil Mirzəyev danışaraq Avropada diasporun fəaliyyəti ilə bağlı təkliflər irəli sürüblər.

Tədbirin sonunda Azərbaycan prezidentinə müraciət qəbul olunub.

Tədbirdə qəbul olunan bəyanatda son zamanlar Avropa ölkələrində Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması pislənilib, diaspor təşkilatlarının bu iyrənc siyasətə qarşı mübarizəni gücləndirmələrinin vacibliyi vurğulanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti