Bu gün nələr baş verib? - Günün icmalı

12-09-2017, 20:07
Oxunub: 64
Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb


Etatist.com 12.09.2017 tarixində ölkədə baş verən hadisələrin qısa icmalını təqdim edir:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 134 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.


Xəqani Abdullayev Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini vəzifəsindən azad olunub.
Prezident İlham Əliyev bununla bağlı avqustun 1-də sərəncam imzalayıb.
X. Abdullayevin yerinə təyinat baş verməyib.


Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb.
"AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,76 dollar və ya 1,34% azalaraq 55,86 dollar təşkil edib.


Prezident İlham Əliyev sentyabrın 12-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın etimadnaməsini qəbul edib.
Bu barədƏ prezidentin mətbuat xidməti məlumat yayıb.


Bu il təcili yardıma 460 minə yaxın müraciət daxil olub, 8500-dən uşaq xəstəxanalara yerləşdirilib.
Bu ilin ilk 8 ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) 455 900-dən artıq müraciət daxil olub. BŞTTTYS-nın baş həkiminin müavini İradə Əliyeva bu gün keçirilən mətbuat konfransında bildirib ki, təcili yardıma daxil olan müraciətlər əsasında 43070-dən çox vətəndaş xəstəxanalara yerləşdirilib.


Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 602 min nəfər, gecələmələrin sayı 1,081 mln. adam-gecə olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilmiş şəxslərin sayında 42,9%, gecələmələrin sayında isə 52% artım müşahidə edilib. Yerləşdirilmiş şəxslərin 68,4%-i xarici ölkə vətəndaşları olub, onlar tərəfindən keçirilmiş gecələmələrin sayı ümumi gecələmələrin 65,9%-ni təşkil edib.


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 12-də Füzuli rayonu Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.
MN-dən verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.


Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7008 səviyyəsində formalaşıb.


Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi üzrə Seçki Komissiyasının iclası keçirilib.
Komitədən verilən məlumata görə, iclasda komitə sədrinin müavini, Seçki Komissiyasının sədri Niyazi Rəhimov bildirib ki, ölkənin demokratikləşməsi prosesində vətəndaş cəmiyyəti institutlarının rolu getdikcə artmaqdadır.


"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası məqsədi ilə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilir.
"Azəriqaz"dan verilən məlumata görə, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.


Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 12 mlrd. 523 mln. 794,46 min ABŞ dolları təşkil edib.
Bu, ötən ilin müvafiq dövrünə nisbətən 9,24% çoxdur.

Gəncədə şəhərində fəaliyyət göstərən Aleksandr Nevski adına olan Rus Pravoslav Kilsəsinin 130 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski Rus Pravoslav Kilsəsinə gələn xristianlar dini ayinlərini yerinə yetiriblər.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti