Vəkillər mühafizə şirkətinin vəzifəli şəxslərinə bəraət istəyiblər

12-09-2017, 19:38
Oxunub: 37
Proses sentyabrın 19-da davam etdiriləcək


Bakı Ağır Cinayətlər Məhkəməsində "Qala BTX" MMC özəl mühafizə şirkətinin direktoru Vüqar Hüseynov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elşən Əzimovun vəkili Bəxtiyar Hacıyev və Məmməd Həsənovun vəkili Feyruz Quliyev çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxslər barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Vüqar Hüseynovun vəkili Feyzulla Mehdiyev isə sonda çıxış edəcəyini bildirib.

Proses sentyabrın 19-da davam etdiriləcək.

Dövlət ittihamçısı Vüqar Hüseynovun 16 il, Kamil Bayramovun 15 il, Mirabutalıb Cəfərovun 15 il, digərlərinin isə 12 ildən 14 ilədək azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.

"General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru V. Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabutalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb.

Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, ölkənin digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.

Həmin şəxslər Cinayət Məcəlləsinin 162-1.2-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, eyni əməllər təkrar törədildikdə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə), 218.3-cü (cinayətkar birlik (təşkilat) yaratma, bu Məcəllənin 218.1 və ya 218.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurlar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti