Energetika Nazirliyi və AYİB arasında Niyyət Protokolu imzalanıb

8-09-2017, 17:58
Oxunub: 296
Bankın gələcəkdə əsas məqsədlərindən biri bu göstəricini 40%-ə yüksəltməkdir


Energetika Nazirliyində energetika nazirinin müavini Gülməmməd Cavadovla Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazir müavini AYİB ilə  əməkdaşlığın ölkəmizin enerji sahəsinə verdiyi töhfələri yüksək qiymətləndirib. O, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” üzrə görülən işlər barədə ətraflı məlumat verərək bildirib ki, sənəddə əksini tapan ən mühüm prioritet istiqamətlərdən biri enerji sektorunun effektiv şəkildə tənzimlənməsini əlaqələndirmək üçün mərkəzi orqanın yaradılmasıdır. “Enerji üzrə müstəqil tənzimləyici orqanın təsis edilməsi ilə bağlı  Avropa təcrübəsindən yararlanmağa ehtiyac var və bu prosesin sürətləndirilməsində  AYİB-in  dəstəyi  çox vacibdir” - deyə G. Cavadov bildirib.

S. Çakrabarti təmsil etdiyi qurumun enerji sahəsində böyük təcrübəyə malik olduğunu, sərmayələrinin 30%-nin məhz bu sahəyə yönəldildiyini diqqətə çatdırıb. Əlavə edib ki, bankın  gələcəkdə əsas məqsədlərindən biri bu göstəricini 40%-ə yüksəltməkdir.

S. Çakrabarti tənzimləyici orqanın yaradılması məsələsində kömək göstərməkdə maraqlı olduqlarını vurğulayaraq deyib ki, qurum Energetika Nazirliyi ilə əməkdaşlığı məqsədə çevirib. İki qurum arasında imzalanacaq sənəd işbirliyini daha da gücləndirərək, səmərəli fəaliyyəti təmin edəcək.

Görüşün sonunda Azərbaycanın Energetika Nazirliyi ilə AYİB arasında “Azərbaycan Respublikasının Kommunal Xidmətlər sektorunda Strateji Yol Xəritəsi üzrə Əməkdaşlıq” barədə Niyyət Protokolu imzalanıb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti