"İtalyanlar çox etibarlı olmaları ilə azərbaycanlılara bənzəyirlər" - Müsahibə

8-09-2017, 14:58
Oxunub: 1388
İtalyada təhsil: "İtalyanlar bir az tənbəldirlər"


Bu dəfə İtaliyada magistratura təhsili alan azərbaycanlı gənc Rauf Məmmədovdan müsahibə aldıq. Bu müsahibənin həm də xaricə getməyə hazırlaşan tələbələr üçün faydalı olacağını düşünürük.

R.Məmmədov Roma Sapienza universitetində biznes menecment ixtisası üzrə təhsil alır. İlk ali təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Rauf Məmmədov deyir ki, italyanlar sima olara və xarakter olaraq azərbaycanlılara çox bənzəyir.

Etatist.com sözügedən müshaibəni təqdim edir:

- Zəhmət olmasa oxucularımız üçün özünüz haqqında qısa məlumat verin.
- Məmmədov Rauf. Bakalavrı Azərbaycan Dövlət İqtisad Universitetində marketing ixtisası üzrə oxumuşam. Artıq 2 ildir ki, İtaliyanın Roma Sapienza Universitetində biznes menecment ixtisası üzrə magistr təhsili alıram.

- İtaliyanı, həmin universiteti xüsusilə seçmişdiniz, yoxsa təsadüfən qəbul oldunuz?
- Əvvəl də xaricdə təhsil almaq fikrim var idi. Amma Romanı xüsusilə seçdim, çünki xalam oğlu burada təhsil alırdı və onun mənə çox köməyi olar deyə düşündüm.

- İtaliya, oradakı tәhsil, hәyat vә s. haqda bir çox mәnfi fikirlәr deyilir. Bunlar sizi heç narahat etmәdi?
- İstənilən yer haqqında mənfi və müsbət fikirlər olur. Biz bunları ancaq eşidirik, amma əsas görməkdir. Mən də gördüm. Deyərdim ki, əksinə, digər Avropa ölkələrinə nisbətən daha yaxşı yerdir. İnsanları çox istiqanlıdır. Əgər sizin bir probleminiz olsa, onlardan nəsə soruşsanız, işlərini buraxıb sizə kömək etməyə çalışacaqlar. Əlbəttə, istisnalar da var. 

- Qarşılaşmısınız o istisnalarla?
- Bəzən, hə. Mən və ya dostlarım rastlaşmışıq.

- İtaliyada yaşamağın çәtinliklәri varmı?
- İtalyanlar bir az tənbəldirlər desəm, səhv etmərəm. Əsas da onların nahar fasiləsi və başqa işləri olarsa, ilk olaraq öz işlərini həll edəcəklər. Həmçinin, burada əksəriyyət ingilis dilini bilmir və əsas problem budur. Bəzən onlara italyanca bilmədiyimizi deyirik, amma onlar yenə də italyanca cavab verirlər. İtalyanların bizə oxşadıqlarını deyirlər. Məncə də düzdür. Sima cəhətdən belə bizim insanlara çox oxşayırlar. İtalyanlar özləri mənim özümü italyan bilib ünvan soruşurlar.

Müəyyən qədər səhiyyə sistemində də problemlər var. Dövlət xəstəxanası, təbii ki, pulsuzdur. Amma növbə həddindən artıq çox olur, 6-7 saata qədər gözləmək məcburiyyətində qalırıq.

- İtaliyada başqa bir işlə mәşğul olursunuz?
- Burada əsas imtahanlardır, gəzmək isə ikinci planda olur. İmtahanlar bitdikdən sonra rahat gəzmək, yemək, istirahət… hər şey etmək olar. Viza əvəzinə “permesso di soggiorno” olduğu üçün istənilən Avropa ölkəsinə rahatlıqla gedib-gəlmək mümkündür. Boş vaxtlarımızda isə əsasən, şəhəri və ətraf yerləri gəzirik.

- Bәs digәr azәrbaycanlı gәnclәr, әsasәn, nәylә mәşğul olurlar?
- Mən digər azərbaycanlı gənclərlə bir yerdə çox vaxt keçirmirəm, amma mənlə eyni olduqlarını deyə bilərəm. İtalyanca öyrənir, imtahan kəsrlərinə hazırlaşır, ya da səyahət edirlər. Sözsüz ki, burada Azərbaycanın demək olar ki, bütün bayramları qeyd olunur. Səfirliyin dəstəyi ilə bayram və anım günləri daxil olmaqla, Bakı günləri Romada və digər şəhərlərdə keçirilir. Hətta 1-2 ay əvvəl film festivalı da oldu, “Əli və Nino” və  digər filmlər təqdim olundu. Azərbaycan istehsalı olan filmlər də həmçinin... Əlbəttə ki, ingilis dilində.

- Mәnә elә gәlir ki, ailәnizә çox bağlı birisiniz. Ayrı qalmaq sizin üçün çox çәtindir?
- Yəqin ki, Bakıya çox gəlib-getdiyimi gördüyünüz üçün belə dediniz. Çətin ola bilər, amma bu mövəqqətidir.

- Tәhsilinizi bitirdikdәn sonra orada yaşamaq, yoxsa Azərbaycana qayıtmaq qayıtmaq istəyirsiniz?
- Mən burada iş tapıb qalmaq fikrindəyəm. Bilirsiniz ki, burada valyuta avrodur və bizim manatla müqayisədə iki dəfə çoxdur. Müvəqqəti də olsa, burada çalışmağı planlaşdırıram.

- Yenә müvәqqәti?
- Dəqiq bir şey demək mümkün deyil. Həyatda hər şey ola bilər, yəni İtaliya yox, başqa bir ölkə də.

- İtaliyanın bölgәlәri bir birindәn çox fәrqlәnir? Mәsәlәn, Siciliya ya da digәrlәri mәrkәzdәn nə qədər fərqlənir?
- Əgər insanlarını nəzərdə tutursunuzsa, şimal tərəfdə yaşayanlar soyuq, cənubdakılar isə çox istiqanlı olurlar. Sözsüz, şəhərlərdə daha çox fərqlənir. Məsələn, Roma qədim, Milan isə daha müasirdir. Mən Almaniyada olmamışam hələ ki, amma insanları yadlara qarşı soyuqdur deyirlər. Yaxud da İsveç. Bu hal İtaliyanın bəzi yerlərində də var.

- Bәs azәrbaycanlılarla oxşar cәhәtlәri nәlәrdir?
- Üzlərinin görüntüsü bizə çox oxşayır. Həmçinin qonaqpərvər və çox etibarlı olmaları ilə azərbaycanlılara bənzəyirlər.

- İlk gedәndә təəssüratlarınız nə idi?
- Əvvəl universitetə çox getmirdim. Burada qayıb məsələsi yoxdur, əsl boloniya sistemidir. İlk 3 ay mənə çox soyuq gəldi, adaptasiya olmaq, dilinə öyrəşmək çətin idi. Mənim bəxtim gətirmişdi ki, bir qohumum həmin vaxt burada idi. Həmin vaxtlar mənim üçün daha asan keçdi. İlk gələndə bütün binalar mənə eyni gəlirdi, heç bir ünvanı tək tapa bilmərəm deyə düşünürdüm. Demək olar ki, hündür mərtəbəli binalar yoxdur. Ən yüksək bina 8 mərtəbəli olur. Hər biri də eyni rəngdə, dizaynda oxşar binalardır. Sözsüz ki, insan sonra öyrəşir, hər yeri tanıyır.

- İtaliyada incәsәnәtә verilәn dәyәrlә Azәrbaycanda verilәn dәyәri müqayisә etsәz, nә deyә bilәrsiniz?
- Düzü, mən bu sahə üzrə çox danışa bilmərəm, amma bizim ölkəmizdə də incəsənətin geridə qalmadığını düşünürəm. Təəssüf ki, incəsənət üzrə çox məlumatlı deyiləm. Bəlkə də marağım olmayıb.

- Sonda, orada oxumaq istәyәnlәr üçün nә deyә bilәrsiz?
- İtaliya təhsil üçün də, yaşamaq üçün də çox gözəl ölkədir. Əlbəttə, əvvəlcə oxuyacaqları dil üzrə sertifikat almaları daha yaxşı olar. Çünki bəzən tələbələr gəlir və təəssüf ki, dil bilgiləri zəif olur. Onda oxumaq da bir o qədər çətinləşir. Əsas nüanslardan biri də maddi problemlərdir. Düzdür, burada təqaüd proqramı var, amma bu ilk tədris günündən verilmir və 3-4 ay sizə pul lazım olur. Ona görə də gələcəkləri şəhər və universitet haqqında daha ətraflı maraqlanmaları yaxşı olar. Gəlmək istəyən tələbələrə də uğurlar arzulayıram. Əsas qarşılarına bir məqsəd qoysunlar və ona doğru getsinlər. Yavaş və ya sürətli fərq etməz, təki hədəfə doğru getsinlər.

İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti