"İnsan hansı musiqidə özünü tapırsa, ona meyil edir" - "Gənc-Gələcək"

5-09-2017, 14:08
Oxunub: 541
"Azərbaycanlılardan ən sevdiyim bəstəkar Emin Sabitoğludur"


"Gənc-Gələcək" layihəsi çərçivəsində növbəti müsahibimiz musiqiçi Aytac İbrahimlidir. O, Şəki Musiqi Kollecinin xalq çalğı alətləri fakültəsinin qarmon sinfini bitirib. Hal hazırda özü də bu ixtisas üzrə dərs deyir. A.İbrahimli musiqi fəaliyyətindən əlavə həm də ictimai fəaliyyətlə də məşğul olur.

"GƏNC - GƏLƏCƏK" LAYİHƏSİ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.

Etatist.com
"Gənc-Gələcək" layihəsi çərçivəsində qarmon ifaçısı və müəllimi Aytac İbrahimli ilə müsahibəni təqdim edir:

- Zəhmət olmasa oxucularımız üçün özünüz haqqında qısa məlumat verin.

- Aytac İbrahimli, 19 yaşım var. Naftalanda yaşayıram, Şəki Musiqi Kollecində "xalq çalğı alətləri" qarmon sinfində təhsil almışam.

- Kollecə daxil olduqdan sonra bu musiqi alətndə ifa etməyə başladınız, yoxsa əvvəldən məşğul olurdunuz?
- 5-ci sinifdən məşğulam. Ailəm musiqini seçməyimi istəmirdi, amma sonda onları da razı sala bildim.

- Başqa bir musiqi alətini də seçə bilərdiniz...
- Əslində düz deyirsiniz. Üzərindən 9 il keçməsinə baxmayaraq ailəm və digər yaxınlarımdan heç biri bunu normal qarşılamır, musiqini seçdiyim üçün bu gün də məni qınayırlar. Amma mən heç vaxt peşman olmamışam, olmaram da. Yaxşı ki, bu sahəni seçmişəm. Düzü, əvvəl pianoya həvəsim var idi, amma onu öyrənmək üçün yaşım çatmadı. Evdən də dedilər ki, yaşın çatmır, əl çək ondan. Sonra öyrəndim ki, qarmona yaşım çatır. Düzü, əvvəllər sevmirdim, amma yaxşı ki bu aləti seçmişəm. İnsanlar fərqli baxır, bu da mənə daha çox zövq verir.

- Sizinlə müsahibə haqda danışdığım zaman sanki tərəddüd etdiniz, suallara cavab verə bilməyəcəyinizi dediniz. Halbuki, qarmon dərsi də deyirsiz. Bəs nəyə görə hələ də özünüzü hazır hiss etmirsiniz?
- Cavab verə bilməmək yox, həyəcan deyək.

- Nəyə görə?
- Gözləmədiklərimdən həyəcan keçirirəm.

- Həm ifada, həm dinləyərkən daha çox hansı janrlara üstünlük verirsiniz?
- Musiqinin bütün janrları gözəldir, amma zövqlər müxtəlifdir. İxtisasımla heç bir əlaqəsi olmasa da ən çox sevdiyim musiqilərin 80 faizini rep janrı təşkil edir. İnsan hansı musiqidə özünü tapırsa, ona meyil edir, hansı musiqi hisslərini, düşüncələrini ifadə edirsə, onu sevir. Hansı janrı dinləyirsiz fərqi yoxdur, əsas odur ki, hər janrda professional olanı dinləyin. İfada isə bəstəkar mahnılarını daha çox sevirəm.

- Əsasən, hansı bəstəkarlar?
- Azərbaycanlılardan ən sevdiyim bəstəkar Emin Sabitoğludur. Xaricilərdən isə Şopeni dinləməyi sevirəm.

- Bəs ictimai fəaliyyətlə məğulsunuz?
- Bir vaxtlar olub, amma hazırda yoxdur. Bu, bir ildə də olmayacaq. Sonra isə əlbəttə, ola bilər, fərdi inkişaf üçün vacib olduğunu düşünürəm. Hal hazırda "Nida" Vətəndaş Hərəkatının üzvüyəm, amma fəaliyyətim yoxdur. Bunun da bəzi səbəbləri var. Əslində keçən il (səhv etmirəmsə) üzv olmuşam, amma keçən il yox gələcək iki, üç ildə üzv olmağı düşünürdüm. İki il tez oldu. Amma hər şeyin öz vaxtı var. Hələ ki, onun vaxtı deyil.

- Bəs nəyə görə "Nida"nı seçmisiniz?
- Siyasətə, dövlətə aid hər şeyi sevirəm.

- Başqa kimlərin fəaliyyətini izləyir, bəyənirsiniz?
- Hazırkı vəziyyətdə "Kitabıstan"ın.

- Gələcəyə dair ümidləriniz var, yoxsa hədəfləriniz?
- Ümid olmasa, hədəf də olmaz. İnsanın birinci ümidi olmalıdır. Ümidim də var, hədəfim də.

- Çatmaq üçün mübarizə apardığınız bir amalınız varmı?
- Bəli, var. Düşünürəm ki, hədəf insanın özünə xidmət edir, özü üçündür, amal isə başqalarına. Mən nitq qüsuru olan insanların istifadə etdiyi “işarət dili” ilə maraqlanıram. Azərbaycanda nitq qüsuru olan insanlar üçün az sayda məktəb var. İstərdim ki, onlar üçün nələrsə edim. Bu, məktəbdə və ya fərdi ola bilər. Əlbəttə, təmənnasız. Çünki mənim yaşadığım şəhərdə də nitq qüsurlu insanlar var və onlar özləri üçün olan məktəblərdə təhsil almayıblar. Onlar üçün hər şey çətindir.
İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti