Azərbaycan və Qazaxıstan XİN rəhbərləri arasında məktub mübadiləsi həyata keçirilib

30-08-2017, 18:44
Oxunub: 184
Diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib


Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Qazaxıstan Respublikasının xarici işlər naziri Kayrat Abdraxmanov arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elmar Məmmədyarovhəmkarına ünvanladığı məktubunda Azərbaycan və Qazaxıstan xalqları arasında dərin tarixi və mədəni-mənəvi əlaqələrin, qarşılıqlı hörmət və uzunmüddətli dostluğun iki ölkə arasında mövcud yüksək səviyyədə əməkdaşlığın təməlini qoyduğunu bildirib. Nazir diplomatik münasibətlərin qurulmasından etibarən bütün sahələri əhatə edən ikitərəfli münasibətlərin qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət etdiyini söyləyib.

E. Məmmədyarov əməkdaşlığın növbəti inkişafına dair mühüm qərarların Qazaxıstan prezidenti Nursultan Nazarbayevin cari ildə Azərbaycana rəsmi səfəri və Azərbaycan prezidenti İlham Əliyev ilə keçirdiyi görüşü əsnasında verildiyini diqqətə çatdırıb. O, iki ölkə arasında sözügedən qərarların həyata keçirilməsinə istiqamətlənmiş diplomatik fəaliyyətin qarşıdan gələn illərdə də uğurlu və səmərəli şəkildə davam etdiriləcəyinə əminliyin ifadə edib.

E. Məmmədyarov Qazaxıstanın ikitərəfli və çoxtərəfli müstəvidə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.

Qazaxıstan Respublikasının xarici işlər naziri Kayrat Abdraxmanov Elmar Məmmədyarova ünvanladığı məktubunda iki ölkə arasında tarixi dostluğa əsaslanan yüksək səviyyəli siyasi dialoqun, ənənəvi hörmət və qarşılıqlı inam mühitinin ötən müddət ərzində Qazaxıstan-Azərbaycan əməkdaşlığının əsas nailiyyətləri olduğunu bildirib. K. Abdraxmanov iki ölkə arasında bütün səviyyələrdə qarşılıqlı təmasların çoxtərəfli əməkdaşlığın genişlənməsinə gətirib çıxardığını deyib. Bu xüsusda nazir Qazaxıstan prezidenti Nursultan Nazarbayevin cari ilin aprel ayında Azərbaycana səfəri çərçivəsində gündəlikdə duran aktual məsələlərin müzakirə edildiyini və onların reallaşdırılması ilə strateji tərəfdaşlığın gələcək inkişafı üçün birgə səylərə təkan veriləcəyini diqqətə çatdırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti