"Musiqidə hər kəs özünə uyğun məna tapa bilər" - "Gənc-Gələcək"

30-08-2017, 16:17
Oxunub: 1255
"Əvvəl həkimlik istəyirdim, sonra dil, müəllimlərimin sayəsində ən sonda musiqini seçdim"


Arfa ən gözəl səsli musiqi alətlərindən hesab olunsa da, Azərbaycanda bu musiqi alətinin ifaçısına çox az rast gəlmək olur. "Gənc-Gələcək" layihəsinin növbəti müsahibi arfa ifaçısı Pərvin Əşaridir. 

Pərvin xanım arfadan öncə pianoda ifa edib, bu üzrə təhsil alıb. Sonra özünün də dediyi kimi müəlliminin məsləhəti ilə arfaya keçir. Orta məktəbdə musiqi dərsi keçən Pərvin Əşari eyni zamanda Bakı Musiqi Akademiyasında magistr təhsili alır.

"GƏNC - GƏLƏCƏK" LAYİHƏSİ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.

Etatist.com "Gənc-Gələcək" layihəsi çərçivəsində arfa ifaçısı Pərvin Əşarinin müsahibəsini təqdim edir:
- Oxucularımız üçün özününüz haqqında qısa məlumat verin zəhmət olmasa.
- Mən Pərvin Əşari. 1990-cı il 22 iyunda Bakıda anadan olmuşam. Uşaqlıqdan musiqiyə marağım var idi. Təbii ki, ona da təsir edən cizgi filmləri olmuşdu. Uşaqlıqda baxdığım bir cizgi filmində musiqi alətlərini görürdüm. Musiqiyə marağım beşinci sinifdə oxuyanda məni piano ilə məşğul olmağa gətirdi. 4 il təhsil aldıqdan sonra isə ixtisasımı dəyişib arfaya keçdim. Hal hazırda Bakı Musiqi Akademiyasında magistr təhsili alıram - ikinci kurs tələbəsiyəm.

- Arfa Azərbaycanda, ümumiyyətlə, dünyada çox az insanın ifa etdiyi musiqi alətidir. Sizi buna cəlb edən elə onun az insanın bacarmasıydı? Marağınızı çəkən nə oldu?
- Yox, elə deməzdim. Əslində dünyada arfa ifaçısı çoxdur, Azərbaycanda azdır. Bizə ilk hazır struktur forması Fransadan gəlib. Dediyim kimi ilk dəfə cizgi filmlərində görmüşdüm. Həqiqətən də bilmirdim ki, realda elə bir musiqi aləti mövcuddur. İxtisasımı pianinodan arfaya Yusif adlı müəllimimin məsləhəti ilə dəyişdim. Elə ilk dəfə görən kimi sevdim. Cizgi filmlərində onun səsini eşitmişdim. Hamıdan soruşanda bir söz deyirdi: su axının şəlalədən axarkən olan effektinə bənzəyir. Məni cəlb edən də o oldu. İlk dəfə məhz o, başqa heç nə...

- Qəbələdəki musiqi festivalında iştirak etmisiniz. Necə təəssuratlarla qayıtdınız oradan?
- Əslində təəssuratlarım bir musiqiçi kimi əla idi. Amma dinləyici kimi deyə biləcəyim bəzi şeylər var ki, həm musiqiçi, həm dinləyici kimi çox üzücüydü. Əslində gözəl festivaldır, Azərbaycanda 9-cu dəfədir keçirilir. Mən isə bəzi səbəblərdən bu vaxta qədər gedə bilməmişəm. İkinci ildir ki, gedib canlı musiqini dinləyirəm. İlk dəfə opera səsləndi - Azərbaycanın və Şərqin ilk operası “Leyli və Məcnun” idi ki, o festivalda səsləndi. Xaricdən musiqiçilər gəlmişdi. Pis olan bir o idi ki, musiqi nə qədər gözəl olsa da, rahat dinləmək olmurdu. İnsanları ora məcburi gətirmişdilər ki, zal dolsun, dinləyici olsun. Maraq dairəsində musiqi olmayan insanların orada olması artıq səs-küyə səbəb olurdu, musiqiçilər sırf musiqini dinləyə bilmirdilər. Musiqidən zövq ala bilmirdin...

Mənə elə gəlir ki, musiqiçilərin orada tamaşanı, konserti dinləməsinə şərait yaratsaydılar, daha gözəl olardı. Ümumilikdə təəssuratım əla idi. Davamlı olsun deyərdim. Zövq aldım.

- Başqa nə üzücü oldu bəs?
- Üzücü ancaq o idi. Məsələn, sən musiqiyə qulaq asırsan. Vivaldinin hansısa əsəri çalınırdı, sən qulaq asırsan, ondan zövq almaq istəyirsən, arxada ya paket səsi, ya kimsə danışır, balaca uşaqlar gəlib və s. Yəni onun musiqidən heç bir anlayışı yoxdur. Amma sırf Qəbələdə və yaxın ətraf rayonlarda olan musiqi məktəblərindən uşaqları gətirsəydilər, onların dünyagörüşünü artırmağa çalışsaydılar, bu, daha gözəl olardı, nəinki Bakıdakıları. Amma belə heç maraqlanmayan insanları yığıb gətiriblər, onlar da maraqlı deyil. Bu, bir az narazıçılığa səbəb olurdu.

- Bildiyim qədəri ilə sizə musiqini öyrədən müəllimə həqiqətən çox böyük dəyər verirsiniz. Bəs özünüz də nə vaxtsa tələbələrinizin olmasını, müəllim olmağı düşünürsünüz?
- Əslində uşaqlıqdan peşə seçəndə bir neçə dəfə fikrimi dəyişmişəm. Müxtəlif peşələrə vurulmuşam. Əvvəl həkimlik istəyirdim, sonra dil, müəllimlərimin sayəsində ən sonda musiqini seçdim. Özüm heç vaxt müəllim olmaq istəməmişəm. Amma hal hazırda müəlliməyəm. Orta məktəbdə musiqi fənnini tədris edirəm. Uşaqların sevgisi ilə qarşılaşmaq maraqlıdır. Eyni zamanda bir də görürsən ki, zəif qiymət yazırsan, oxumur. Başa sala bilmirsən, nifrət ilə də qarşılaşırsan. O da bir az çətindir. Mənə bu ixtisası öyrədən Çiçək xanımdır. Düz deyirsiniz, ona həqiqətən tək müəllim kimi yox, həm də dost kimi, ikinci bir ana kimi çox dəyər verirəm. Artıq 4 ildən çoxdur ki, mən Çiçək xanımla çalışıram. O, gözəl insandır. Əslində müəllim olmaq çətin deyil. Məsuliyyətli işdir, çox məsuliyyətli... Uşağa sevdirməlisən ki, sənin fənnini oxusun. Təkcə orta məktəb fənnlərini demirəm. Öz ixtisasım olsun, hər hansı bir musiqi fənni də olsa, piano, skripka, fərqi yoxdur uşağa sevdirməlisən ki, o fənni oxusun, maraq oyatmalısan, yenilik etməlisən. Hər uşaq fərddir. Özünəməxsus xüsusiyyətləri var, kəşf etmək lazımdır. Çətindir, amma maraqlı peşədir.

- Adətən, musiqi ifaçıları çox vaxt yazılmış musiqiləri, mahnıları ifa edirlər. Bəs özünüz nə vaxtsa musiqi bəstələməyi düşünmüsünüzmü? Yarada bilərsinizmi?
- Deməzdim ki, istəyirəm. Bu, ilham pərisindən asılı olan bir şeydir. Əslində bir dəfə sadəcə oturmuşdum və ağlıma gələn bir neçə melodiyanı pianoda yığmışdım. Birini anamın ad günündə ona həsr etmişdim, çox da sevinmişdi. Birini isə sadəcə arfada qısa bir video da çəkmişəm, ağla gələn bir melodiyadır. Düzdür, mən bəstəkarlar qədər olmaram, çata bilmərəm, onun öz qanunauyğunluqları var.

- İstəməzdinizmi?
- Yox, istəməmişəm. O hissləri tam istədiyim kimi çatdıra bilmirəm.

- Öz hisslərinizi kifayət qədər ifadə edə bilmirsiniz?
- Bəli. Tam dolğun ifadə etmək üçün bəstəkarlığı bilmək lazımdır ki, hansı harmoniyalar var, nəyi necə ifadə etsəm, dinləyiciyə necə çatar. O dərəcədə, yox istəmirəm, çünki natamam alınır. Çatdıra bilmirəm, yarıda qalır. 

- Bəs nə vaxtsa musiqidən  başqa, musiqiyə aid olmayan bir işlə məşğul olmağı düşünmüsünüzmü?
- Əvvəllər, hə. Yəni, bəlkə, musiqiyə təzə başlayanda maraqlı deyildi, dil üzrə getmək istəyirdim. Yəni onda sırf ingilis dili ilə məşğul olmaq istəyirdim. O vaxt pianoda bir-iki il idi ki, oxuyurdum. Özümü tapa bilmirdim. Amma sırf arfaya keçəndən sonra, yox. Deyir bir də dünyaya gəlsən nəyi seçərsən? Musiqini seçərdim.

- Bəs uşaqlığınız barədə nəyi danışa bilərsiniz?
- Uşaqlığımdan nə danışım? Maraqlı hadisələrdən?

- Ümumi...
- Ərköyün böyümüşəm. Yəqin ki, çox uşaqlar elə olub. Nə bilim ağlıma heç nə gəlmir. Bir onu bilirəm ki, bir az çətin uşaq olmuşam. Beyindaxili təzyiqim olduğu üçün anam musiqi ilə məşğul olmağımı istəmirdi. O yadımdadır ki, qonşumuz pianoçu qız idi. Adı səhv etmirəmsə, Aygün olmalıydı. Hər dəfə pianoda ifa edəndə gedib divardan qulaq asırdım, ya da stəkanı tuturdum, axı onda səs daha güclü gəlir... Qulaq asırdım və düz 5 il ərzində, hər dəfə gəlib anama deyirdim ki, məni qoy musiqiyə - ibtidai sinifdən 5-ci sinifə qədər. Nəhayət, 5-ci sinifdə anamı razı saldım və məni musiqiyə qoydu. Bu yadımdadır.

- Gördü siz çox istəyirsiz ona görə razılaşdı...
- Hə, istəmirdi. Qardaşımın daha çox musiqi ilə məşğul olmağını istəyirdi. Onu qoymuşdu, amma özü musiqini seçmədi, ona maraqlı deyildi. Amma mən istəyirdim, o məni qoymurdu, qorxurdu, qoruyurdu.

- Hansısa ideoloji xətti dəstəkləyirsinizmi?
- Xeyr.

- Bəs sizin musiqiləriniz hansı mənanı daşıyır?
- Mənim musiqilərim... Mənim deməzdim, mən sırf öz yazdığım musiqiləri ifa etmirəm. Bəstəkarların musiqilərini ifa edirəm. Mənə elə gəlir ki, hər kəs özünə məxsus, uyğun nəsə bir məna tapa bilər. Yəni hərənin öz daxili aləminə uyğun nəsə bir şey olmalıdır. Hamının hisslərini cəmləşdirə bilmərəm ki... Məsələn, elə sonuncu ifa etdiyim, 1 ay bundan əvvəl “Debussy Arabesque” 1 nömrəlini, onu hər ifaçı bir cür duyub, bir cür çatdıra bilər. Həm temp, həm musiqi cəhətdən. Mənə elə gəlir ki, mənası hərənin öz daxili aləmi ilə bağlıdır. Kimin ona necə məna verməsi fərqlidir.
İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti