85 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə yola salınıb

29-08-2017, 14:51
Oxunub: 231
Bu ilin yaz-yay mövsümündə 1100 nəfər əlilliyi olan şəxs istirahət mərkəzlərinə göndərilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili sahəsində görülən işlərin davamı kimi, bu təbəqədən olan daha 85 nəfər şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasında yerləşən istirahət mərkəzinə göndərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazirliyin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən bu ilin yaz-yay mövsümündə 1100 nəfər əlilliyi olan şəxs istirahət mərkəzlərinə göndərilib. Onlardan 485 nəfərinin Xaçmaz, 365 nəfərinin Lənkəran, 250 nəfərinin isə Quba rayonundakı istirahət mərkəzlərində istirahəti təşkil edilib. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və müəyyən müddətdən sonra geri qaytarılması üçün nəqliyyat vasitəsi də ayrılıb.

Əlilliyi olan şəxslərin yola salınması zamanı bildirilib ki, bu təbəqədən olan insanların hüquqlarının, maddi və mənəvi tələbatlarının dolğun şəkildə təmin edilməsi Azərbaycanda aparılan sosial siyasətin əsas hədəflərindəndir: “Hər ilin yaz-yay mövsümündə əlilliyi olan şəxslərin istirahətinin təşkili də onların cəmiyyətin digər üzvləri kimi bərabər imkanlara malik olmalarına yönələn tədbirlərdən biridir. Hazırda ölkəmizdə pensiya və sosial müavinət, sosial xidmət sistemi ilə əhatə olunanların mühüm bir hissəsini əlilliyi olan şəxslər təşkil edir. Həmin insanların reabilitasiya  xidmətləri ilə təminatı sahəsində də məqsədyönlü işlər aparılır. Təkcə bu ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11 min nəfərə yaxın əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib. Həmçinin onlara ümumilikdə  17,5 minədək  protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib”.

İstirahətə yola salınan əlilliyi olan şəxslər yaz-yay mövsümündə onlara  ölkəmizin səfalı guşələrində istirahət etmək imkanının yaradılmasına, ümumən sosial cəhətdən həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti