Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

29-08-2017, 14:25
Oxunub: 313
Tədbirin keçirilməsində məqsəd Avropa İttifaqının vəsaiti hesabına icra olunan “Tvinning” layihəsinin nəticələrini bildirməkdir


Təhsil Nazirliyi və Avropa İttifaqının “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” üzrə “Tvining” layihəsinin yekun konfransı keçirilib.

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, tədbirin keçirilməsində məqsəd Avropa İttifaqının vəsaiti hesabına icra olunan “Tvinning” layihəsinin nəticələrini, eləcə də Təhsil Nazirliyinin ali təhsilin və tədqiqatın keyfiyyətinin yüksəldilməsinə dair yeni planlarını ictimaiyyətin nəzərinə çatdırmaqdır.

Nazir müavini deyib ki, Təhsil Nazirliyi, Finlandiyanın Təhsilin Qiymətləndirilməsi Mərkəzi və Estoniyanın Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihə 2015-ci ilin sentyabr ayında başlayıb: "İki illik layihə çərçivəsində Azərbaycanda Avropa Ali Təhsil Məkanının prinsiplərinə və standartlarına cavab verən keyfiyyət təminatı və milli kvalifikasiyalar çərçivəsinin hazırlanması və tətbiq edilməsi üzrə iş aparılıb. Bundan başqa, Azərbaycan ali təhsilində koordinasiya və şəbəkələşmənin yaxşılaşdırılması, ali təhsil və akkreditasiya üzrə hüquqi sənədlərə müvafiq düzəlişlərin edilməsi istiqamətində tövsiyələr verilib. Layihənin əsas nailiyyətlərindən biri ali təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində yeni akkreditasiya və keyfiyyətin qiymətləndirilməsi standartlarının hazırlanmasıdır. Layihə çərçivəsində Azərbaycanın üç pilot universitetində - Dövlət İqtisad Universiteti, Dövlət Pedaqoji Universiteti və Texniki Universitetdə keyfiyyət qiymətləndirmələri həyata keçirilib və layihə çərçivəsində hazırlanmış standartlar sınaqdan keçirilib".
 
Konfransda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Jeroen Villems və Estoniyanın müvəqqəti işlər vəkili İnderek Kiverik çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti