Bu gün nələr baş verib? - Günün icmalı

22-08-2017, 20:28
Oxunub: 38
Ramil Usubov Pakistan İslam Respublikasının Azərbaycandakıi səfiri Səid Xan Mohmandı qəbul edib


Etatist.com 22.08.2017 tarixində ölkədə baş verən hadisələrin qısa icmalını təqdim edir:


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 134 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.


Azərbaycan nefti bahalaşmaqda davam edir.
"AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,33 dollar və ya 0,62% artaraq 53,72 dollar təşkil edib.


“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət edib.
Biləcəri-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı 35 gün müddətində “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, 22.08.2017-ci ildən 26.09.2017-ci ilədək Bakıdan yola düşən ölkədaxili sərnişin qatarlarına, Bakı-Sumqayıt və Bakı-Yalama elektrik qatarlarına minik Biləcəri stansiyasında - “Meydan” adlanan tərəfdə aparılacaq.


Moskvada keçirilən “ARMİYA-2017” Beynəlxalq Hərbi Forumda iştirak edən müdafiə sənayesi naziri Yavər Camalovavqustun 22-də Rusiyanın sənaye və ticarət naziri Denis Manturovla görüşüb.
Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Azərbaycan Texniki Universitetində müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.
Avqustun 21-dən başlayan müsahibə avqustun 26-dək davam edəcək. Bu mərhələnin nəticələri növbəti həftənin əvvəlində açıqlanacaq və hər bir müəllimin şəxsi səhifəsində yerləşdiriləcək.


Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 9-cu nömrəsini nəşr edib.
“Abituriyent” jurnalının 9-cu nömrəsində 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub. 


Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Auqusto Massarini qəbul edib.
Səfir etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib. Nazir Auqusto Massarini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edi, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.


Prezident İlham Əliyev Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Gədəbəy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Pakistan İslam Respublikasının Azərbaycandakıi səfiri Səid Xan Mohmandı qəbul edib.
R. Usubov iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında son illər sıx münasibətlərin mövcudluğundan, imzalanmış beynəlxalq hüquqi sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiyaya və insan alverinə qarşı mübarizədə birgə səylərin göstərilməsindən, əməliyyat məlumatlarının mübadiləsindən məmnunluğunu bildirib, qarşılıqlı səfərlərin və bu görüşün birgə işbirliyinin daha da dərinləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.


Elmar Novruzova general-mayor ali hərbi rütbəsi verilib.
Bu barədə prezident İlham Əliyevsərəncam imzalayıb.


Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti