Qadınların önçüsü, feminizm əleyhdarı - Hanna Arendt

19-08-2017, 11:25
Oxunub: 1042
Hanna insanların "nə" olduqları ilə deyil, "kim" olduqları ilə maraqlanıb


Hanna Arendt  - alman əsilli, ABŞ siyasi filosofu. 1906-cı ildə Almaniyanın Hannover şəhərində yəhudi ailənin tək uşağı olaraq dünyaya gəlir. Heyranı olduğu İmmanuel Kantın şəhərində, Berlində böyüyür, 18 yaşında isə Martin Haydeqqerdən fəlsəfə dərsləri almağa başlayır. Eyni zamanda Haydeqqer ilə intellektual ve tutqulu eşq yaşamağa başlayır... Bu münasibət də onun dünyagörüşünü genişlədir. Haydeqqer diz çöküb ona "eşqə ən böyük dəvət qarşıdakının səndən öncə aşiq olmasıdır",- deyib.

Arendtin filofoslarla təması onun baxış bucağına, düşüncəsinə öz təsirini göstərib. Marburq və Frayburq universitetlərində təhsil alır və doktorluq dissertasiyanı Karl Yaspersin yanında tamamlayır. Dissertasiyasını tamamlayanda onun hələ 22 yaşı var idi. Yaspersin də onun üzərində təsiri olur; fəlsəfə, ilahiyyat, yunan dili təhsili alır.

Nazilərin heyranı olan Haydeqqerlə münasibətləri bitdikdən sonra özünə ayrı yol çəkir, Əziz Avqustin düşüncələrinin təsiri ilə eşq qavramı haqqında tezis yazır. Bu tezis 1929-cu ildə yayımlanır. Lakin qısa bir müddətdən sonra yəhudi olduğuna görə Almaniya universitetlərində işləməsi qadağan olunur.

Qadınların önçüsü, feminizm əleyhdarı - Hanna Arendt

Arendt 1933-cü ildə Hitlerin iqtidara gəlməsi ilə Almaniyadan Fransaya köçür. Parisə qaçmaq məcburiyyətində qalan Arendt orda Volter Benjaminlə tanış olur. Parisdə yəhudi köçkün hərəkatında aktiv yer alır. İkinci Dünya Müharibəsində alman ordularının Fransanın bəzi bölgələrini işğal etməsi nəticəsində yəhudilərin düşərgələrə göndərilməsi səbəbilə Fransadan da qaçmaq məcburiyyətində qalır. 


1940-cı ildə alman şair və filosof Henrix Blüxer ilə evlənir. 1941-ci ildə həyat yoldaşı ilə birgə ABŞ-a gedir, ABŞ vətəndaşı olur. Burdakı ilk illərində akademik bir iş tapmaqda çətinlik çəkir. 1944-1946-cı illərdə Yəhudi Münasibətləri Konfransında araşdırma üzrə işləyir. 1953-də Prinstonda Kristian Qaus konfranslarına çağırılır. 1959-da tam heyətli ilk qadın professor olur. 1963-1967-də Çikaqo Universitetində, daha sonra isə Nyu Yorkdakı Sosial Axtarışlar üzrə Yeni Məktəbdə (New School for Social Research) təhsillə bağlı işlər görür. Hanna Arendt 1975-ci il 4 dekabrında dünyasını dəyişir.

Hanna siyasət elminə "kütlə cəmiyyəti" anlayışını gətirən ideoloqlardandır. Arendtin sualları dövlətin cəmiyyətdən qopması ilə bağlıdır. O, istehsal fəaliyyətinin kölələrə buraxıldığı, vətəndaşların isə siyasətə birbaşa qatıldıqları antik yunan şəhər-dövlətlərini ideal quruluş olaraq görüb. Arendt müasir Qərb cəmiyyətlərində ictimai həyat ilə özəl həyat, dövlət ilə cəmiyyət, praktiki siyasi fəaliyyət ilə iqtisadi fəaliyyət və azadlıq ilə rifah arasında kəskin ayrılıqlar olduğunu irəli sürüb.

Arendt Qərb cəmiyyətlərindəki liberal azadlıq anlayışını da tənqid edib. Həqiqi azadlığın xoşbəxtliyi maddi rifahla çulğalaşdırılan və siyasi fəaliyyəti ictimai rifah faizini yüksəltmək üçün istifadə edilən yerdə inkişaf etməyəcəyini müdafiə edib. Həqiqi azadlıq siyasi iştirakla təmin olunur. Halbuki müasir cəmiyyətlərdə ortaq ictimai həyatın son izləri də yox olmaqda, toplumsal həqiqilikdən gedərək qopan fərd öz varlığına yadlaşmaqdadır. Bu fikirlərini 1951-də yazdığı "The Origins of Totalitarism" ("Totalitarlığın kökləri") adlı kitabında inkişaf etdirən Arendt siyasi fəaliyyət sahəsindən təcrid olunmuş "kütlə cəmiyyət"inin totalitar rejimlərin çiçəklənməsi üçün lazımi zəmin yaratdığı fikrini irəli sürüb. Arendtə görə XIX əsrdəki "sinifli cəmiyyətin" yerini alan XX əsrdəki "kütlə cəmiyyəti" cəmiyyətin bütün sinifləri tərəfindən bənzər formada göstərilən təsirlər və dəyərlər tərəfindən formalaşdırılıb. "Kütlə cəmiyyətində" siniflər kütlə içində əriyib və yaxud onlarla çulğalaşıb.

Hanna Arendt həm siyasi, həm də duyğusal təcrübəyə sahib olub öz düşüncə cizgisi daxilində iqtidar, totalitarizm, azadlıq, siyasət, fəlsəfə, ritorika, ideologiya, insan haqları, antisemitizm, imperializm və başqa sahələrlə bağlı fikirlərini söyləyib. Bununla yanaşı, o, ictimaiyyət üçün də bir çox iş görüb.

Qadınların önçüsü, feminizm əleyhdarı - Hanna Arendt

Arendt, özəlliklə, şiddət və şiddətin qaynağı barədə düşünüb. Şiddəti saya və fikirlərə görə deyil, istifadə olunan vasitələrlə əsaslandırır. Onun fikrincə, şiddət hər zaman vasitəyə möhtacdır və içində hər zaman özbaşınalıq ünsürü daşıyır. Dövlət də ən güclü şiddət vasitələrini əlində saxlayan mərkəzi gücdür. Arendt bəzən şiddətin lazımsız olmadığını və onu insanlıq durumu olaraq gördüyünü də söyləyib. O deyir ki, "kiminsə qanuni özünümüdafidə məqsədilə gerçəkləşdirdiyi şiddət sorğulanmaz. Çünki şiddət yalnız açıq-aşkar deyil, eyni zamanda mövcuddur və vasitəni haqlı göstərən məqsəd elə orda dayanmaqdadır". Və əlavə edir ki, bir yəhudi yəhudi olaraq şiddət görürsə, özünü müdafiə etməli və qorumalıdır.


Arendti aldığı mükafatlar və həyatı çərçivəsində dəyərləndirdikdə "ilk qadın" statuslarına sahib olduğunu görə bilərik. Buna rəğmən qadın olmağı düşüncə problemi etməyib, hətta gedişatdan gözlənildiyi kimi feminist olmayıb. Hanna insanların "nə" (irq, din, dil və s.) olduqları ilə deyil, "kim" (nə etdikləri, söylədikləri və s.) olduqları ilə maraqlanıb. Bu cür perspektivə sahib olmasından dolayı yəhudi kimliyi ilə ön plana çıxmaqdan qaçıb. Yəhudi problemləri ilə bağlı düşüncəsinə də toxunmadan keçmək doğru olmaz.

"Yəhudi olmaq politik problem olmasa da, "yəhudi problemi", anti-semitizim siyasi problemdir. Beləliklə də, bunun üçün siyasi çözüm lazımdır. Burdakı problemin siyasi əhəmiyyət daşıması problemin yəhudi olmaq deyil, yəhudiliyə qarşı olmaqdan qaynaqlanmasıdır", - deyə bu məsələyə öz fikrini bildirib.

Bənzər düşüncə tərzi qadınlar üçün də keçərlidir. Onun üçün "qadın problemi" siyasi məsələ deyil. Onun şəxsi həyatına baxdıqda qadınla, gördüyü işlərə baxdıqda isə filosofla qarşılaşırıq. Bu durumu Arendtə uyğun şəkildə "özəl sahə" və "ictimai sahə" kimi ayıra bilərik. Arendt yaratdığı siyasi qayda gərəyi və bu anlayış istiqamətində qadın probleminin siyasi problem olmadığını düşünüb. Onun üçün bu, şəxsi seçim deyil, siyasi və fəlsəfi seçimidir.

Qadınların önçüsü, feminizm əleyhdarı - Hanna Arendt

Qadın olmaq ya da hər hansı bir etnik kimliyə aid olmaq doğuşdan gələn özəllikdir. Bu da zərurət olaraq qavranıla bilər. Arendtə görə qurtuluş və azadlıq fərqli anlayışlardır. Çünki qurtuluşu hərəkatın məqsədi etmək, əslində, olduğundan fərqli bir şey istəməkdir. İnsan bu durumda varoluşu rədd edir. Bu da kimlik yaradacaq (formalaşdıracaq) bir hərəkət deyil. Kimlik yaratmaq eyniləşmədən, çox olana bənzəmədən özünü var etmək deməkdir. Qadının kişilərin də olduğu ortaq dünyada özünü ifadə etməsi yerinə, qadınlar qrupu olaraq görünüb amiranə güc kimi ortaya çıxması onu eyniləşdirir və siyasi səmərəsizliyin qaynağı halına salır. Çünki avtoritar olan, hökm edən, zorbalıq göstərən bir çox hallarda səhv etmiş hesab olunur. Bu həqiqi azadlığın önündəki maneədir. Cinsiyyət olaraq bərabər olmaq istəyi adına siyasi sahəni göz ardı etmək kimlik inşasını müşkül iş halına gətirir. Bu səbəblə də, Arendt feminist olmayıb. Onun fikrincə, feminizm qadınların bərabərliyi naminə qadınları bir sinif olaraq görüb onları cinsiyyətsizləşdirən siyasət inşa edir. Bu qadının özünü aşağı gördüyünə işarədir. Bu qurtuluş istəyi və hərəkətidir. Bu halda qadın öz xüsusiyyətlərindən qurtularaq kişilərin dünyasında kişi kimi var olmaq istəyir. Arendt bunu "Pariya mədəniyyəti" adlandırır (Pariah -Hindistanda sinifləndirmədən kənarda qalanlar, təcrid olunlara deyilir). 


Alçaldılmış və təcrid edilmiş şəxsin özünü mərkəzə almaq istəyi pariya davranışıdır. Bunun da gedə biləcəyi yer qurtuluş ola bilər, azadlıq ola bilməz.

Qadın qadınlar olaraq təşkilatlanıb qurtuluş istəyini gerçəkləşdirmək yerinə, söylədikləri və etdikləri ilə insan olmaq adına ədalət tələb etməlidir. Özünü digər cinsdən üstün görüb qurtuluş istəmək əvəzinə, sosial sahədə bərabər həmsöhbətlərlə yeni qavrayış təsis etməyə yönəlməlidir. Qadın ədalət arayışı içində olmalıdır. Çünki əslində, məruz qaldığı təcridolunma, basqı və başqalaşdırma sosial sahədə ədalətin təsis edilməməsindən qaynaqlanır. Ədalət isə ortaq sahə olan siyasi və ictimai sahəyə aid qanundur və Arendtə görə, siyasi sahənin mərkəzində yer alır. Arendtin klassik mənada feminizmi haqlı görməməsini bu səbəblərlə əlaqələndirə bilərik.
Xuraman Məmmədova
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti