İngiltərədə təhsil: "Tələbələrin orda edə biləcəyi çox şey var"

16-08-2017, 15:49
Oxunub: 2379
"İnsanlarda ölkəm haqqında mənfi stereotip yaratmamaq üçün bəzi şeylərə diqqət edirəm"


Xaricdə təhsil alan azərbaycanlı tələbələrlə müsahibələrimiz davam edir. Bu dəfəki müsahibimiz Birləşmiş Krallıqda təhsil alan Nazan Məmmədovadır. O, Oksford şəhərində hazırlıq oxuyub və Portsmut Universitetinə qəbul olub.  

Etatist.com sözügedən müsahibəni təqdim edir:

- Zəhmət olmasa oxucularımız üçün özünüz haqda qısa məlumat verin.
- Adım Nazandır, 19 yaşım var, tələbəyəm.

- Harda təhsil alırsınız?
- Əvvəl İngiltərədə, Oksford şəhərində oxuyurdum. İndi isə Portsmut Universitetindən qəbul almışam. Oxuyacağım sahə isə media və rəqəmsal təcrübə adlanır.

- Ora qəbul olarkən hansı hissləri keçirirdiniz?
- Oksfordda hazırlıq oxumaq üçün gedəndə daha fərqli hisslər keçirmişdim. Çünki Azərbaycandan uzun müddətlik ayrılacaqdım və qarşımda tamam başqa həyat, özümü inkişaf etdirməyim, daha çox öyrənməyim və qazanmağım üçün fərqli imkanlar var idi. Portsmutdan qəbul alanda isə bir il öncə keçirdiyim hisslərin eynisini yaşadım. Məndə o xüsusi hisslər ora qəbul olarkən yox, İngiltərəyə gedərkən yaranmışdı. Çünki dərslərin kənardan gələn biri üçün çox ağır olmasına baxmayaraq hələ hazırlıq oxuyarkən bilirdim ki, Birləşmiş Krallıqda hansısa universitetə qəbul olacam.

- Əvvəlcədən qarşınıza bu məqsədi qoymuşdunuz, yoxsa təsadüfən oldu?
- 16 yaşım olanda Londona 6 aylıq dil kursuna getmişdim. İngiltərəni, hətta özümü ilk dəfə orada tanıdım və başa düşdüm ki, mən orada daha çox qalmaq istəyirəm. Beləliklə, o zamandan qarşıma məqsəd qoydum ki, İngiltərəyə yenidən qayıdım və ali təhsilimi orada davam etdirim. Məqsədim orada qalmaq idi, universitet məni o qədər də maraqlandırmırdı, amma elə də xəfifə almırdım. Təhsil barədə əsas məqsədim Böyük Britaniyada ən böyük 50 universitetdən birində oxumaq idi. Azərbaycandan çıxan biri kimi bu olduqca böyük uğurdur.

- Yəqin ki, bunun üçün çox çalışmısınız.
- Bəli, orada 50 universitetdən birində oxumaq üçün hazırlıq nəticələri çox önəmlidir. Buna görə də, əlbəttə ki, mən də bir tələbə kimi öz üzərimə düşən öhdəlikləri başa düşüb, hər bir imtahan və tapşırıqlara ciddi yanaşmalı və onları uğurla "yola salmalı" idim. Nəticə etibarilə də görünür ki, bunu bacara bilmişəm.

- Burada da universitetdə oxumusunuz?
- Xeyr. 11-ci sinfi bitirdikdən sonra birbaşa ora getmişəm və orada hazırlıq oxumuşam. Hazırlıq İngiltərədə bir növ “pre-university” sayılır. Azərbaycandakı ilk il kimi dil bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulmayıb. Hazırlıq oxumaq üçün müəyyən səviyyədə ingilis dili tələb olunur ki, keçiləcək xüsusi fənlərin, prezentasiya, inşalar və s. kimi imtahana qədər olan tapşırıqları və imtahanların öhdəsindən gələ biləsən. Məsələn, mən “media and communication” (media və əlaqələr) üzrə hazırlıq oxumuşam. Bizim hüquq, psixologiya, media, mədəniyyət və s. kimi dərslərimiz olurdu.

- Elə bir yerdə oxuyursuz ki, orada oxumaq demək olar ki, hamının arzusudur. Amma yenə də bura üçün darıxdığınız, “kaş Azərbaycanda olardım” dediyiniz vaxtlar olur?
- Əlbəttə... Buraların məndə tamam başqa yeri var. Bakı üçün, xüsusən də İçərişəhər üçün daha çox darıxıram. Əlavə olaraq, ailəm üçün, anamın yeməkləri üçün darıxdığım da olur, xüsusən də imtahanlara hazırlaşdığım ərəfələrdə, günlərlə yuxusuz qaldığım zamanlar anamın üç bacı dolması gözümün qarşısından getmir...

- Bəs orada yaşadığınız, qarşılaşdığınız çətinliklər nələrdir?
- Lap əvvəllər imtahanlarla bağlı çətinliklər yaşayırdım. Sistem mənə çox yad və uzaq gəlirdi. İnşa yazmaq, prezentasiya hazırlamaq, imtahana hazırlaşmaq üsulları, universitdən qoyulmuş "deadline"lar və dil! Başım bunlara o qədər qarışmışdı ki, ətrafımdakı çətinlikləri çox görmürdüm, yəni, insanları - fərqli mədəniyyət, fərqli din, dil, irq, mentalitet... Bəzən sənin yaxşı mənada dediyin bir şey, qarşındakı üçün çox pis anlaşıla bilir. Yəni tək qalmamaq üçün ətrafında mütləq insan olmalıdır, amma özünə görə də "dost" seçmək bir az çətin başa gəlir. Bunlar, əsasən, gündəlik həyatda olan çətinliklərim idi.

- İndi bunları həll etmisiniz?
- Artıq təhsil sistemi ilə bağlı elə də problem yaşamıram, bir növ öyrəşmişəm. Məncə, azdan-çoxdan millətlər barədə müəyyən stereotiplər yaranıb. Buna görə də yeni bir insanla tanış olanda necə davranacağımla bağlı müəyyən dərəcədə fikrim olur.

- İlkin tanışlıqda ingilislərlə necə davranırsınız?
- Belə deyim, hər insana uyğun davranış dedikdə mən biri ilə əlaqə saxlayıb-saxlamamağı nəzərdə tuturdum. Yəni əgər bir şəxsə ətrafımdakı hər kəsə göstərdiyim davranışları göstərə bilərəmsə, onunla münasibətə davam edirəm, əgər onunla başqa cür, yəni olmadığım kimi davranmaq lazım gəlirsə, buna vaxtımı ayırmıram və əlaqə qurmuram. Fikirləşirəm ki, elə ingilislərlə də münasibətim pis alınmır.

- Orada oxuyan azərbaycanlı tələbələr, əsasən, nəylə məşğul olurlar?
- Düzü, azərbaycanlılarla çox əlaqə saxlamıram, ona görə də bu sualınıza maraqlı cavabım olmayacaq. Amma ümumiyyətlə, universitetdə qalmaq istəyən hər bir tələbə dərslərə mütləq şəkildə zaman ayırmalı, yəni zamanının bir hissəsini kitablarla, tapşırıqlarla keçirməlidir. Hər tələbə boş vaxtını başqa cür dəyərləndirir. Ya yaxınlıqdakı ölkə və şəhərləri səyahət edirlər, ya təşkil olunmuş universitetdaxili fəaliyyətlərə qoşulurlar, ya da heç nə etmədən zamanlarını otaqda, parkda, şəhərin bir yerində keçirirlər. Yarım gün işləyib pul qazanan tələbələr də olur.

- Bəs, sizcə, nə etməlidirlər?
- Tələbələrin orda edə biləcəyi çox şey var. Hansını edəcəyin sənin özünə bağlıdır. Buna görə də özümə əsaslanaraq, sadəcə məsləhət kimi deyə bilərəm ki, oranın təklif etdiyi bütün gözəllikləri dadmaq lazımdır. Məsələn, mən Oksfordda oxuyanda bir türk qız mənim instagram səhifəmdə Oksforddan paylaşdığım şəkilləri görüb təəccüblü şəkildə "biz belə möhtəşəm şəhərdə oxuyuruq məgər?” deyə mənə sual vermişdi. Yəni o şəxsə 9 ay ərzində yaşadığı yer o qədər də maraqlı gəlməyib və çıxıb şəhəri normal şəkildə gəzməyib, orada heç zaman olmayan biri ilə demək olar ki, heç bir fərqi yox idi. Ona görə də deyə bilərəm ki, anı yaşamaq, hər günü dəyərləndirmək, gəzmək, kəşf etmək, müşahidə etmək və daha çox öyrənmək lazımdır. Yeni insanlarla tanışlıq mənim kimi insanlar üçün çətin olsa da, çalışırdım fərqli mədəniyyətlər öyrənim, beyinlər kəşf edim. Düşünürəm ki, özünü inkişaf etdirmək istəyən hər kəs bunları edə bilər.

- Bir gənc kimi ölkənizə necə fayda verə biləcəyiniz barədə düşünmüsünüz? Nə edə bilərsiniz?
- Əlbəttə. İnsanlarda ölkəm haqqında mənfi stereotip yaratmamaq üçün bəzi şeylərə diqqət edirəm. Məsələn, xoşagəlməz nəsə baş verəndə özümdən çıxmamağa, səbirli olmağa çalışıram. Söhbət zamanı mövzu ölkələr barədə olsa, çoxu kimi mən də öz ölkəmi təmsil etməkdən, haqqında danışmaqdan və şəkillərini göstərməkdən qürur duyuram. Əsasən də insanlar Azərbaycan adını ilk dəfə eşitdiklərini dediklərində... Əslində bu barədə etdiklərimi deməyi xoşlamıram. Çünki bunları öz içimdən gələn böyük bir sevgi ilə edirəm. Yazarkən özümə belə şablon səslənir.

- Yaşadığınız şəhərdə ən çox nəyi sevirsiniz?
- Oksfordda ən çox parkları və günbatımını sevirdim. Keçmiş zamanda danışıram, çünki hazırda Bakıdayam və artıq Oksfordda yox, bu sentyabrdan Portsmutda oxuyacam.

- Gənclərə ora qəbul olmaları üçün nə məsləhət görərdiniz?
- Üzümü tutub oxuculara səslənirəm: Qəbul prosesi uzundur. Əgər ingilis dilini yaxşı bilmirsinizsə, yaxşı olar ki, xaricdə təhsil mərkəzlərininin birinə yaxınlaşıb ətraflı məlumat alasınız. Yox, əgər dili bilir və özünüz də tənbəl deyilsinizsə, o zaman internetdən də qəbul barədə istənilən məlumatı ala bilərsiniz. Ancaq ümumi desək, ora getmək üçün ilk növbədə IELTS şərtdir. Həm viza və oxuyacağınız yerə görə, həm də orada yaşaya bilməyiniz üçün.
İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti