Dilimizin əsas problemləri nədir? – Müzakirə keçirildi

13-08-2017, 20:11
Oxunub: 2160
“Bizim dilimizdə şeir, yazı yazmaq çox çətindir”


Bu gün Etatizm Akademiyasının təşkilatçılığı ilə Milli Fikir Mərkəzinin ofisində “Dilin fəlsəfəsi” mövzusunda müzakirə keçirilib.

Etatist.com xəbər verir ki, müzakirəni giriş sözü ilə açan Etatizm Akademiyasının direktoru Elvin Əliyev müzakirə haqqında məlumat verib:

“XX əsrə qədər dil filosoflar tərəfindən ünsiyyət vasitəsi kimi təqdim olunurdu, amma sonra dilə daha böyük önəm verməyə başlanıldı və dil fəlsəfənin mərkəzinə çevrildi. Dil həm də xalqın həyata baxışını ifadə edir. Bildiyimiz kimi söz hansısa nəsnəyə işarədir.
Əgər söz bazası zəifdirsə, o zaman bir söz bir neçə şey ifadə etməyə başlayır və bununla da dilin konkretliyi itir. Bizim dilimizin zəif tərəflərindən biri budur ki, söz bazamız zəifdir.
Fikir vermisinizsə dünyanın ən möhtəşəm filosofları, əsərləri dili zəngin olan xalqlardan çıxıb. Hansı dil insanlara geniş imkanlar yaradırsa o dildə böyük əsərlər ortaya çıxmağa başlayır.
Bəs sizcə dilimizin əsas problemlər nədir?”

Müşviq Əsədzadə:
“Türk dili ilə Azərbaycan dilini müqayisə etsək görərik ki, türk dilində olan kitablar bizim üçün daha başa düşüləndir. Adi danışığımızda da məsələn, ingilis dilində hansısa sözün qarşılığını tapa bilmirik. Bu da elmə öz mənfi təsirini göstərir”.

Rəşad Məmmədzadə:
“Milli varlığın qorunması ilk növbədə dilin qorunmasından başlayır. İngilislərin müstəmləkələri daha çox olub. Bu müstəmləkələrdə ingilis dili daha çox istifadə olunduğu üçün dünyada ən geniş istifadə olunan dillərdən biri ingilis dilidir”.

Mirzəyev Turan:
“Dilin qorunması üçün ilk növbədə bunu özümüzə aşılamalıyıq. Məsələn, soyuducuya “xolodelnik” deyənlər var. Həmin sözləri Azərbaycan dilində deməliyik. Məncə dilimiz zəngindir, sadəcə dildən düzgün istifadə etmək lazımdır”.

Elvin Əliyev:
“Azərbaycan dilində 80 min söz var. 80 min söz dünyaya çox cılız çərçivədən baxmaq deməkdir. Bir almanın düşüncəsi ilə bir azərbaycanlının düşüncəsi arasında çox fərq var. Məncə Azərbaycan dilinin zəngin dil olması ilə bağlı fikir yanlışdır”.

Şəhla Nəsibova:
“Bəzi insanlar sözlərin mənasını tam olaraq başa düşmürlər. Bir az fərdi yanaşaraq özündə inkişaf etdiyib, sonra bunu ətrafa əks etdirmək olar”.

İlkay Əliyeva:
“Bizim dialektiklərimizdə qədim türkcədən qalma sözlər çox işlənir. Dilin zənginləşdirilməsi üçün bunlardan istifadə etmək olar”.

Günay Əliyeva:
“Məncə, tərcümələrdə problemlər çox olur. Söz ehtiyatımız çox olsa belə problemlər – tərcümələrdə, gündəlik həyatımızda yaranmaz”.

Günay Quliyeva:
“Yeni yaradılan sözlər çox gülünc səslənir, mənim dilimə yatmır. Ona görə də birinci həmin sözləri araşdırmaq lazımdır ki, insanlar bu sözdən istifadə edəcəkmi?..”

Anar Eyyubov:
“Bizim dilimiz kifayət qədər zəngindir. Heç bir dil təmiz deyil, bizim alınma sözlərdən nə qədər istifadə etməyimiz başqa məsələdir. Yeni sözləri şairlər, yazıçılar gətirə bilər. Fikrimcə müasir dövrdə ən böyük problem söz ehtiyatı deyil, olan söz ehtiyatını bilməməkdir. Şərqlə Qərbin dilində hər zaman fərq olub.
Azərbaycan dilində demək olar ki, fəlsəfi əsər yoxdur”.

Gülzar Novruzova:
“Əslində Azərbaycan dili zəngin dillər qrupuna daxildir. Çünki bizim dilimizdə 9 sait var və bu da zəngin dillərdə olur. Söz ehtiyatına gəlincə, burada problemlər var. Alınma sözlərə gəlincə isə, biz ərəb və farsların əsarətində olmuşuq, ərəb, fars sözlərinin dilimizdə olmasının səbəbi də budur.
Bizdə fəlsəfəsə sahəsi çox inkişaf etsəydi, fəlsəfi terminlər çox olardı”.

Şəhriyar Məcidzadə:
“Bizə elə gəlir ki, biz nəyisə müdafiə etməliyik. Bu kompleksdir: biz deyirik ki, alman dilini keçmişik, dilimiz çox zəngindir.
Dilin inkişaf etməsi zərurət anlayışıdır. Bizim dilimizdə sevgi ilə bağlı sözlər çoxdur. Çünki ədəbiyyatımızın böyük hissəsi sevgi şeirlərindən ibarətdir. Alınma sözlərə gəlincə: Azərbaycan dilinə baxın, elə qurulub ki, biz mütləq ərəb və fars sözlərindən istifadə etməliyik. Dilin fonetik quruluşu belə qurulub. Əgər istəyiriksə ki, düşüncə sərhədlərimiz məhdudlaşmasın, düşünməliyik.
Məsələn rus dili çox konkret dildir. Amma biz buna fikir vermirik.
Təməl hədəfləri olan xalqların dili də inkişaf edir. Hədəfi olmayan xalqın dili niyə inkişaf etsin?!.
Yeni gələn sözləri komplekslə qarşılamamalıyıq. “Facebook”u biz yaratmamışıq ki, adını şəbəkə qoyaq. Bizə elə gəlir ki, hər şey milliləşməlidir.
Düşünməyə başlasaq dili müdafiə etməyə ehtiyacımız olmayacaq, dil özü-özünü müdafiə edəcək.
Vitgenşteyn deyir ki, dil insanın düşüncə sərhədlərini müəyyən edir. Sadə azərbaycanlı gün ərzində orta hesabla 100-150 söz istifadə edir, ingilis isə təxminən 1500...
Türk dilinin əhəmiyyəti türk dili olmasında deyil. Türk dilinin mahiyyəti ondan ibarətdir ki, bu, təbiətin səsləri ilə yaranıb. İkincisi isə sözün kökünün olmasıdır ki, bu kök də nəsə ifadə edir”.

Rüfət Quliyev:
“Məsələn, mən Azərbaycan dilində istədiklərimi ifadə edə bilirəm, çox da çətinlik çəkmirəm. Amma belə düşünürəm ki, o sözləri bizim dilimizə yatmır deyə kənara atmaq yox, bir az da cəhd etmək lazımdır.
Məsələn, türklər kompüterə bilgisayar deyil, bizdə isə kompüter qalıb”.

Həbib Rüstəm:
“Bizim dilimizdə şeir, yazı yazmaq çox çətindir. Bir sözün o qədər az sinonimi var ki, həmin sözü təkrar etməlisən, hamı da deyir ki, pis alınıb. Məsələn, mənim ağlıma bir fikir gəlir, danışmaq üçün həmin fikri sözə çevirmək lazımdır, amma çevirə bilmirəm. Dilin qıtlığı, zəngin olmaması faktdır”.

Ramiz Talıbov:
“Dilə düşüncənin vasitəsi kimi baxmaq lazımdır. Məsələn, insanlar yazı yazmaq istəyiblər, sonra dəftər, qələm yaradıblar. Dil də eynilə... Dil təməldə düşüncənin vasitəsidir. Biz düşünməyə çalışsaq vasitə özü inkişaf etməyə başlayacaq. Biz təfəkkürü inkişaf etdirməyə başladığımız zaman vasitə - dil inkişaf edəcək. Əsas odur ki, dilimizdə olan sözlər fikrimizi ifadə edə bilsin, vacib deyil ki, sözləri mütləq milliləşdirək”.

Elvin Əliyev:
“Bir şeyi də nəzərə almaq lazımdır ki, maddi şeylərdə alınma sözlərdən istifadə etmək olar – kompüteri görürük, onun haqqında anlayışımız olur, amma abstrakt şeylərdə bu alınmır. Çünki bir söz olur və biz o sözün nə mənaya gəldiyini bilmirik.
Bartez deyir ki, sözlər hansısa nəsnənin beynimizdəki intellektual quruluşdur. Dövlət sözü Avropa dillərində şəhər sözü ilə eynidir, vətəndaş – şəhərli sözünü ifadə edir. Dövlət bizim dilimizə ərəb dilindən keçib. Ərəb dilində dövlət – mal-mülk, əldən-ələ keçəndir. Yəni ərəblər üçün dövlət mal-mülkdür. Ona görə də dövləti talayırlar ki, bir azdan başqa adamın əlinə keçəcək”.

Anar Eyyubov:
“Sizin dediyiniz “şəhərli” tarixlə yaranmış bir şeydir. Bizim elə bir tariximiz yoxdur, biz onu sürətlə necə keçə bilərik?”

Şəhriyar Məcidzadə:
“Mən də yaxşı başa düşürəm ki, heç nə qəfildən olmur və bunu heç istəmirəm də. Aydın insanın vəzifəsi sual qoymaqdır. O suala cavab vermək istəyənlər isə növbəti aydınlar olacaq. Biz nəyisə düzəltmək istəyəndə o istiqamətdə fəaliyyət göstərməliyik. Bəlkə bu da bizim tarixi köklərimizlə bağlıdır: məsləhət verən çox olur.
Biz hədəfdən o qədər qorxuruq... Bizim xəyallarımız o qədər kiçikdir ki...
Cəmiyyətə anlatmaq lazımdır ki, ənənəylə - cəmiyyətin sənə diqtə etdiyi normalarla inkişaf etmək olmaz”.

Elvin Əliyev:
“Dili inkişaf etdirmək üçün diskuslar çox olmalıdır. Çünki müzakirə olmasa dil də inkişaf etməyəcək. Bizim müzakirələr keçirməyimizin səbəblərindən biri də budur. Bunu yalnız MFM də etməməlidir. Digər təşkilatlar da belə müzakirələr keçirməlidir”.

Müşviq Əsədzadə:
“Əgər bir insan düşünmürsə, onun məişət avadanlıqlarını ifadə etməkdən əlavə sözə, söz bazasını da artırmağa ehtiyacı olmayacaq. Düşünmədən, əlimizdə olan sözlərlə kifayətlənsək, dil də inkişaf etməyəcək. Həyata başqa bucaq altından baxaraq, düşüncəmizi artıraraq söz bazamızı artıra bilərik”.

Gülzar Novruzova:
“Söz bazasını artırmaq üçün mütaliələr də vacibdir. Tutaq ki, mən kitab oxumuram. Ha düşünüm, düşünüm, söz kəşf eləyə bilməyəcəm. Bugünkü müzakirəyə gəldikdə isə mənim üçün çox maraqlı və yararlı oldu”.

Elvin Əliyev:
“Göz önündə olan insanlar biabırçı dərəcədə kasad insanlardır. Ona görə də çalışan, intellektual gəncləri göz önünə çıxarmaq lazımdır. Azərbaycanda çox insan var ki, düşünməyi bacarır. Belə insanların yenidən gedib fərdi həyatına qayıtması ilə Azərbaycan itirəcək”.

Qeyd edək ki, Etatizm Akademiyasının müzakirələri bərpa olunub və mütəmadi olaraq da keçiriləcək.
Etatist.com
Kamran Həsənli
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti