"Ən böyük problem rüşvət və tanışlıqdır" - Gənc-Gələcək

12-08-2017, 14:11
Oxunub: 2806
"Bizim gənclər çox qapalı, komplekslidirlər"


"Gənc-Gələcək" layihəsi start götürdüyü gündən etibarən müxtəlif sahələrdə fəaliyyət göstərən, çalışan yaradıcı gənclərdən müsahibələr alınıb və oxuculara təqdim olunub. Kənardan çox sadə görünsə də, idman da yaradıcılıq, iradə, əzm tələb edən sahələrdəndir.

Ona görə də qərar verdik ki, bu dəfə həyatını idmana həsr etmiş gənc Cəfər İmaməliyevdən müsahibə alaq. Müsahibənin gedişatından da görünür ki, C.İmaməliyev məşğul olduğu sahə üçün böyük fədakarlıqlar edib. Cəfər İmaməliyev həm də ictimai fəaliyyətlə məşğul olur. Ona görə müsahibə zamanı yalnız idmandan deyil, fərqli sahələrdən söz açdıq.

"GƏNC - GƏLƏCƏK" LAYİHƏSİ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.

Etatist.com "Gənc-Gələcək"
layihəsi çərçivəsində idmançı Cəfər İmaməliyev ilə müsahibəni təqdim edir:

- Cəfər İmaməliyev kimdir? Özünüzü necə təqdim edərdiz?

- Cəfər İmaməliyev - idmanı  sevən biri. Mən həqiqətən istəyirəm ki, Azərbaycan idman ölkəsi olsun. Bəziləri elə olduğunu zənn edir, lakin deyil. İdmanın içində olanlar bunu bilir. Ona görə də çalışıram və əlimdən gələni edirəm ki, gənclərimiz siqaretdən, içkidən daha çox idmana yönəlsinlər. Professional olmasa belə, müntəzəm məşğul olsunlar.

- Bəs sizin fikrinizcə Azərbaycanın idman ölkəsi olması üçün qarşısında duran ən böyük problem nədir?
- Təbii ki, rüşvət, tanışlıq. Bunlar olmasa, həqiqətən çox irəli getmək olardı. Düzdür, elə sahələr var ki, orada normal insanlar qabağa gedə bilirlər. Məsələn, Zabit Səmədov - Azərbaycanın bəlkə də dünyada ən tanınmış idmançısıdır. Zabit Səmədov kikboksla məşğul olmağa başlayanda ona Azərbaycandan heç bir dəstək gəlməmişdi. Bolqarıstanda məşqlərini davam etdirirdi - Bolqarıstan vətəndaşı idi. Artıq beynəlxalq arenaya çıxıb öz sözünü dedi, sonra azərbaycanlılar onu sahiblənməyə başladılar. Niyə belə olmalıdır? Bəlkə də neçə Zabitlər hədər gedib.

- Siz də xaricə gedib məşhurlaşmaq kimi bir yola əl atarsız?
- Niyə də yox?!.

- Yəni sizin məqsədiniz özünüzü idman sahəsində göstərmək və bununla da gənclərə örnək olmaqdır...
- Əlbəttə ki...

- Çox vaxt idmanla məşğul olan insanların incəsənətə, musiqiyə, rəsmə marağı olmur. Bəs sizin necə, bu sahələrə marağınız varmı?
- Əlbəttə ki, var. Düzünü desəm, rəsmə elə də yox, amma musiqiyə marağım çox böyükdür. Yəni hər cür musiqiyə - klassik, rep, meyxana, milli musiqilər, hamısını dinləyirəm.

- Bəs özünüzə nümunə götürdüyünüz hansısa idmançı var?
- Nümunə götürdüyüm İrlandiyalı döyüşçü Konor Makqreqor var. Dövlətinə, bayrağına, millətinə bağlı biridir. Hazırda dünyada ümumi döyüşçülər içində ən güclü döyüşçü odur. Ona bənzədiyimi düşünürəm.

- Bəs tərz olaraq kimə bənzədiyinizi düşünürsüz?
- Tərz olaraq sevməsəm də, Xabib Nurmaqamedovu.

- Niyə sevmirsiniz?
- Çünki çox üzü var o insanın. Bir üzü yoxdu, yəni gündə bir söz deyir. Yalançıdır, döyüşlərdən qorxub qaçır. Özünü çox böyük göstərir.

- Sizin fikinizcə, bu gün Azərbaycan gəncləri idmana maraqlıdırlar, yoxsa yox?
- Məncə, hal hazırda inkişaf var. Bu yaxınlarda Gürcüstana getmişdim. Onların fiziki quruluşlarında, çəkilərində həqiqətən çox inkişaf var. Burada da görürəm ki, məşğul olanlar, can atanlar var. Amma daha çox inkişaf etsə, təbii ki, daha yaxşı olar. Niyə İngiltərə və Amerikadan geri qalaq?

- Yəni deyirsiz ki, Azərbaycan gənclərinin potensialı var, sadəcə bunları üzə çıxarmaq lazımdır.
- Əlbəttə ki, var.

- Məsələn, siz bu sahədə aparıcı şəxslərdən biri olsaydız, idman sahəsində hansı dəyişiklikləri etmək istəyərdiniz?
- Elə uşaqlar var ki, zala getməyə pulları yoxdur, onlar üçün şərait yoxdur. Məsələn, mən Yasamalda qalıram, orada bir stadion var. Əvvəllər turnik kimi alətlər var idi, nəsə etmək olurdu, heç olmasa yayda gəlib işləyirdilər. İndi o da yoxdu. “Street work up” deyirlər, küçə idmanı çox azdır bizdə. O da həqiqətən çox xeyirli bir şeydir. Küçədə camaatın yığışıb məşq etməsi müsbət haldır.

- Sizi idmana cəlb edən onun sağlamlıq tərəfi olub yoxsa hal hazırdakı maddi qazancları?
- Yox, mənim idmana uşaqlıqdan həvəsim olub, amma anam qoymayıb.

- Bəs səbəb nədir? Niyə qoymayıb?
- Düzü, heç özüm də bilmirəm.

- Sonra necə oldu məşğul olduz?
- Əvvəl boksla məşğul olurdum, amma sonra burnum sındı. Burnumdan çox tez-tez qan açılırdı. Sonra əməliyyat olunudum, düzəldi. Ondan sonra lap çox məşq etdim, o da dedi “yox”... Hardasa üç il bundan qabaq onurğamda problem var idi və bu, idmana yenidən başlamağa bəhanə oldu. Onu düzəltdirmək məqsədi ilə üzmək, turnik və s. deyib yola gətirdim.

- Onda siz idman üçün böyük fədakarlıqlar etmisiniz.
- Bəli.

- Bəs özünüzü gələcəkdə harada görürsünüz?
- Məqsədim rus promonşını, yəni köhnə SSRİ ölkələrində MMA üzrə ən güclü promoşın olan “Fight Nights” kluba çıxmaqdır. Özümü tələsdirmirəm. 1-2 ilə yaxşı olacaq. Ora çıxıb kəməri Azərbaycana vermək istəyirəm.

"Ən böyük problem rüşvət və tanışlıqdır" - Gənc-Gələcək

- Bayaq dediz ki, idmanda rüşvət və tapşırıq kmi problemlər var. Siz özünüz Azərbaycanda hansı haqsızlıqlarla qarşılaşmısınız?

- Mən çox qarşılaşmışam, amma elə insanlar da var ki, yalan deyirlər. Məsələn, indi kimə baxırsan əlində siqaret, içki, qəlyanda oturur, amma deyir ki, “mənim adamım olmadı qabağa çəkmədilər”. Əslində o da düzgün deyil. Baxır hansı idman növündə. Yəni bir nöqtə var ki, idmançı əgər orada dözə bilsə, əyləncəyə maraq göstərməsə, dözüb qabağa gedə bilsə, həmin idmançı həqiqətən uğurlu olur.

- Bir az uşaqlığınıza qayıdaq. İdmanla məşğul olan gənclər çox vaxt məktəbdə zəif oxuyurlar. Sizin dərsləriniz necə olub?
- Dərslərim elə də yaxşı deyildi, amma həmişə tarixə, ədəbiyyata marağım olub. İndi də var.

- Özünüzü hansısa tarixi qəhramana bənzədirsiz?
- Bəlkə də Babək ola bilər. Əzmkarlığına görə.

- Bilirsiz də yəqin ki, qədim yunan filosofları həm də idmançı olublar.
- Hə, bilirəm...

- Sokrat, Platon – hamısı... Bəs, sizcə, bir idmançı həm də fikir adamı, düşüncə adamı ola bilər? Bunun qarşısını kəsən əngəllər nədir?
- Açığı, bu, çox çətindir. Yəni siyasi arenada hansısa mövqe tuta bilər, bəlkə, amma fikir adamı olmaq həqiqətən çox çətindir. Çünki o dövrdə səhv etmirəmsə, kimsə olimpia çempionu da olmuşdu. Yəni indi fikirləşək ki, səhər bu adam durub 8-dən 12-ə qədər məşqdə olacaq, sonra evdə yemək-içmək, ailəsi ilə bir yerdə olmaq, daha sonra 6-dan gecəyə kimi zaldadır. Çox çətindir. Özünə vaxt ayırmaq həqiqətən çox ağırdır. Ondan sonra da çox yorğun olursan. Amma belə nümunələr var, məsələn, Kaxa Kaladze - gürcü futbolçudur, Gürcüstanın baş naziri olmuşdu. Kliçko kimi nümunələr var, amma yenə deyirəm, siyasi arenada nəsə edə bilərlər, belə yox.

- İctimai həyatda?..
- Bəlkə də edə bilərlər, amma çətindir.

"Ən böyük problem rüşvət və tanışlıqdır" - Gənc-Gələcək

- Siz həm idmanla, həm də ictimai fəaliyyətlə məşğul olmaq haqqında düşünmüsünüz? 

- Əlbəttə ki, düşünmüşəm. Hər gün düşünürəm.

- Qarşınızda dayanan maneələr nələrdir?
- Vaxt azlığı... Mən intensiv məşq edirəm, amma yenə fikirləşirəm ki, bu da azdır. Daha çox etməliyəm.

- Bəs bir az daha idmandan kənar düşünək, bir idmançı kimi Azərbaycanın ictimai həyatında gənclərin rolunun az olmasının səbəbini nədə görürsünüz?
- Cəmiyyət çox sıxır... Bizim gənclər çox qapalı, komplekslidirlər. Deyib-gülməyi xoşlamırlar. Deyib-gülməkdən əlavə, azad ola, özləri ola bilmirlər. Ona görə də ana, ata, cəmiyyətin fikri ilə gedirlər. Öz fikirləri formalaşsa da, onu həyata keçirə bilmirlər.

- Cəfəri Azərbaycan gəncliyinə örnək gətirmək olar? Ailəsinin fikri ilə razılaşmayıb özünün yolu ilə gedən biri kimi.
- Hələki yox. Örnək gətirilməli bir şəxs olanda mən sizə deyərəm...

- Sonda Azərbaycan gəncləri ilə hansı fikrinizi bölüşmək istəyərdiniz? İdman sahəsi ilə maraqlanan gənclər üçün nə demək istəyərdiniz, ictimai həyatla maraqlanmaları üçün hansı məsləhəti verərdiniz?
- Sevdiyi işləri görsünlər. Məncə, bu bəsdir. Yəni hər insan sevdiyi işi görsə, cəmiyyət daha yaxşı, daha uğurlu olar. Mən bu işi sevə-sevə edirəm, bütün əziyyətləri görsəniz, özününüz başa düşərsiz. Məsələn, Səhər 38-39 dərəcədə durub qaçıram və s. Məsləhətim odur ki, sevdikləri işi görsünlər, irəli getsinlər, ən əsası Azərbaycan üçün çalışsınlar.
İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti