“KİV vasitəsi ilə nazirin qəbuluna düşmək istəyən şəxslərin müraciətlərinə baxılmayacaq”

12-08-2017, 13:46
Oxunub: 57
"Az tanınan bir neçə sayt var ki, sanki məhz bu sahədə ixtisaslaşıblar"


Daxili İşlər Nazirliyi elektron Kütləvi İnformasiya Vasitələrində ayrı-ayrı şəxslərin qəbulla əlaqədar daxili işlər nazirinə ünvanladıqları müraciətlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, bu saytlar vətəndaşları aldatmaqla məşğuldur:

“Belə hallara biz də rast gəlirik. Az tanınan bir neçə sayt var ki, sanki məhz bu sahədə ixtisaslaşıblar. Kiminsə müraciətini ictimailəşdirməklə, vəd verirlər ki, nazir səni dərhal qəbul edib dinləyəcək. Bununla da onlar rəhbərlik etdikləri mətbuat vasitəsini həm öz qanuni vəzifəsindən yayındırmış olurlar, həm də vətəndaşı aldadırlar. Çünki, iş qrafiki daim sıx olan daxili işlər nazirinin KİV-də gedən hər müraciət əsasında qəbullar keçirməsi mümkün deyil. Hamıya məlumdur ki, nazir Ramil Usubov ayda iki dəfə vətəndaşların qəbulunu keçirir. Bunlardan biri, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq respublikanın müxtəlif bölgələrində, ikincisi isə DİN-in inzibati binasında keçirilir. Onu da qeyd edim ki, cənab nazirin ayda iki dəfə olan qəbul günləri barədə əvvəlcədən bütün KİV-də elanlar verilir”.

E. Zahidov qeyd edib ki, bundan əlavə, DİN-in rəsmi veb saytında (www.mia.gov.az) daimi fəaliyyət göstərən onlayn müraciət forması və nazirliyin rəsmi elektron poçt ünvanı (info@mia.gov.az) birbaşa müraciət etmək istəyən vətəndaşların ixtiyarındadır: “Buyurub rəsmi qaydada müraciət etsinlər. Əmin ola bilərlər ki, onların müraciətinə operativ və obyektiv şəkildə baxılacaq və özlərinə də bu barədə məlumat veriləcək. Kim ki, müraciətini KİV-lər vasitəsi ilə ictimailəşdirməklə cənab nazirin qəbuluna düşəcəyinə inanırsa, səhv edir. Bir daha deyirəm ki, belə müraciətlərə baxılmayacaq”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti