"ABŞ ilə İran münasibətləri daha da kəskinləşəcək" - Politoloq rəyi

11-08-2017, 17:00
Oxunub: 93
"Tramp hakimiyyətə gəldiyi ilk gündən etibarən İrana qarşı kəskin mövqe irəli sürürdü"


Bildiyimiz kimi 2015-ci ilin iyulun 14-də İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə saziş imzalanmışdı. Son günlərdə isə Tramp yeni açıqlaması ilə gündəmdədir. Açıqlamasında çox kəskin ifadələr istifadə etməsi bu sazişi pozmaq istədiyinə işarə ola bilərmi?

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Etatist.com-a açıqlamasında D. Trampın sanksiyaları açıq-aşkar sərtləşdirmək xətti tutduğunu bildirib:

"ABŞ ilə İran münasibətləri daha da kəskinləşəcək" - Politoloq rəyi

"Tək o deyil, konqresin özü də İrana qarşı sanksiyaları sərtləşdirir. Vaşinqtonun Barak Obamanın dövründə imzalanmış sazişə yenidən baxması mümkündür, amma bu Amerika və beynəlxalq aləmə daha çox problem yaradacaq. Beynəlxalq sazişdən imtina edilsə, onda İran yenidən nüvə çalışmalarına başlayacaq. Ona görə bütün hallarda Donald Tramp İrana qarşı siyasətini nə qədər sətləşdirsə də, yaxın zamanda həmin o sazişdən imtina edəcəyini düşünmürəm, yəqin ki, müşavirləri bunun təhlükələri haqqında onu məlumatlandıracaqlar. Amma yenə də bütün hallarda D.Tramp bu mənada Barak Obamadan fərqlənir. Obamanın heç olmasa İran prezidenti ilə təması olmuşdu. Trampın isə İran rəsmiləri ilə nə zaman görüşəcəyini ehtimal etmək mümkün deyil. Bu səbəbədən Amerika ilə münasibətləri getdikcə gərginləşəcək." 


Siyasi ekspert, ACSİS araşdırmalar mərkəzinin rəhbəri Pünahi Əsgərli isə D. Trampın çıxışlarındakı sərtliyin İrana qarşı adekvat addım atılacağının göstəricisi olduğunu deyib:

"ABŞ ilə İran münasibətləri daha da kəskinləşəcək" - Politoloq rəyi

"Tramp hakimiyyətə gəldiyi ilk gündən etibarən İrana qarşı kəskin mövqe irəli sürürdü. Çıxışlarındakı bu sərtlik daha sonralar İrana qarşı adekvat addımların atılacağının göstəricisi idi. Barak Obamadan fərqli olaraq Tramp özündən əvvəlki respublikaçılar kimi xarici siyasətdə sərt üslub tərəfdarıdır. İranın Yaxın Şərqdə və ərəb ölkələrində möhkəmlənən mövqesi, əlbəttə ki, ABŞ-ı narahat edir. Donald Trampın bu açıqlamaları, ABŞ Nümayəndələr Palatasında müzakirə olunan sanksiyalar ABŞ-ın İrana qarşı olan qəti mövqeyinin göstəricisidir. Mən düşünürəm ki, Donald Trampın hakimiyyətinin növbəti illərində ona impiçment tətbiq olunmadığı təqdirdə ABŞ ilə İran münasibətləri daha da kəskinləşəcək. Bunun ilk addımlarından biri də ABŞ-ın nüvə sazişindən geri çəkilməsi ola bilər. Prezident Trampın açıqlamaları da bunun ilk işartılarıdır".

Etatist.com
Günay Əliyeva
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti