"Əksər azərbaycanlı tələbələr gecə klublarında əylənirlər" - Çində təhsil

10-08-2017, 15:27
Oxunub: 1038
"Şanxayda bir günlük xərc Bakının 1 həftəliyinə bəs edər"


Azərbaycanlı gənclər təhsil almaq üçün daha çox Qərb ölkələrinə üz tutsalar da Uzaq Şərqə də gedənlər olur. Çində təhsil alan və elə orada da çalışan azərbaycanlı gənc Elmar Ağazadə hesab edir ki, azərbaycanlılar təhsildən daha çox əyləncə axtarışındadırlar.

Etatist.com-a verdiyi müsahibədə o, Çin Xalq Respublikasındakı təhsildən, iş həyatından, insanlarından danışıb.

Sözügedən müsahibəni təqdim edirik:

- Zəhmət olmasa özünüz haqda qısa məlumat verin.
- 23 yaşım var. Azərbaycan Kooperasiya Universitetini bitirmişəm. Hal hazırda Çin Xalq Respublikası, Şanxay şəhəri, “Donghua” universitetində ikinci bakalavr təhsili alıram.

- İxtisasınız nədir?
- İlk bitirdiyim fakültə beynəlxalq iqtisadi münasibətlər (dünya iqtisadiyyatı) idi. Hal hazırda isə “logistics management”...

- Əksər gənclər təhsil üçün daha çox Avropa ölkələrinə getməyə üstünlük verirlər, sizi ora cəlb edən nə oldu?
- Əksər gənclərdən fərqlənmək. Ümumiyyətlə, siz də bilirsiniz ki, bizim toplum daha çox kütləyə meyillidir. Hamı nə edirsə, onlar da onu etməlidirlər. Dediyiniz kimi əksər gənclər Avropaya, Amerikaya (Türkiyə və Rusiya da bura daxildir) üz tuturlar. Səbəb isə hamının gözündə böyütdüyü Qərb təhsilidir. Halbuki təhsilin beşiyi Qərb yox, Şərqdir. Bundan əlavə, xaricdə oxuyan tələbələrimizin əksəriyyəti oxumaq deyil, əylənmək və ya ölkədən hansısa yolla çıxmaq üçün o ölkələri seçirlər.

- Bəs gözlədiyinizi tapdınız? Yəni istədiyiniz təhsili ala bildiz orada?
- Əlbəttə. Mən bu fakültəni Azərbaycanda olarkən seçmişdim. Həmin vaxt fikrimdə ÇXR yox idi. Sadəcə əvvəlcə araşdırmalar apardım. O sahə üzrə dünyaya liderlik edən ÇXR idi. Bir insana təhsil nə qədər önəmlidirsə, təcrübə iki qat önəmlidir. Ona görə Çini seçdim. Həm logistikanın mənbəyində təhsil alacaqdım, həm də heç yerdə əldə edə bilməyəcəyim təcrübəni qazanacaqdım. Hazırda da həm təhsil alır, həm də o sahə üzrə işləyirəm.

- Necə mühitdə çalışırsınız?
- İşlədiyim şirkət Rusiya şirkətidir. Çində beynəlxalq daşıma xidməti həyata keçirir. Mən Çin-Rusiya olan şöbəsində çalışıram. İşçi qüvvəsi, əsasən, çinlilərdən təşkil olunub. İş ab-havası gün ərzində gərgin və yorucu keçsə də, insan sevdiyi işi görəndə bu o qədər də önəm kəsb etmir.

- Dünyanın böyük dövlətlərindən birinin vətəndaşı olmaq necə hissdir, oradakılar bunu necə göstərirlər?
- Mən hələki Çin vətəndaşı statusunu almamışam. Əslində bu mənim üçün çətin deyil, amma belə bir niyyətim yoxdur. Düzdür, vətəndaşlıq almadığım üçün bəzi problemlər və çətinliklərim olur. İstər viza, istərsə də maddi baxımdan, amma yenə də buna özümü hazır hiss etmirəm.

Hər millət kimi çinlilər də öz milli kimliyi ilə fəxr edir, çinli olmağın qürurunu yaşayırlar. Amma heç vaxt özlərini sırf çinli olduqları üçün digər millətlərdən üstün görmürlər. Düzdür, Azərbaycandan fərqli olaraq Çin dövləti öz vətəndaşına xaricidən daha çox dəyər verir. Məsələn, Azərbaycanda bir yerli və  xarici mübahisə etsə, polis daha çox azərbaycanlını sıxacaq. Amma Çin dövləti haqlı olaraq əksini edir. Vətəndaşların çox az qismi xariciləri bəyənmir, amma əksəriyyəti mehriban davranıb, ünsiyyət qurmağa çalışırlar. Amma heç vaxt bir insanı milliyətinə, irqinə, dininə görə alçaltmır, aşağı görmürlər.

"Əksər azərbaycanlı tələbələr gecə klublarında əylənirlər" - Çində təhsil

- Çin vətəndaşı olmaq fikriniz var? 

- Əslində əvvəl bu barədə qəti fikirə sahib idim. Amma indi bir az tərəddüd edirəm və özümü hazır hiss etmədiyimi düşünürəm. Sırf problemlərə görə yox, hər baxımdan.

- Orada nə qədər azərbaycanlı təhsil alır və ümumiyyətlə, azərbaycanlılar nə ilə məşğul olur?
- Çində kifayət qədər azərbaycanlı tələbə təhsil alır. Bu say son illərdə daha da artıb. Çox az sayda tələbə orada olduğu vaxtdan səmərəli istifadə edib nəsə bir iş qurmağa və ya təhsil almağa sərf edir. Əksər tələbələr ya günü-günə calaq edib vaxt keçirirlər, ya da gecə klublarında əylənirlər. Bunu edən daha çox oğlan tələbələrimizdir. Yeri gəlmişkən deyim ki, gecə klublarında içkilər xarici tələbələr üçün pulsuz olduğundan bu fürsəti əldən vermirlər.

- Xaricdəki bir günlə Azərbaycandakı bir günü müqayisə etsəniz, hansını seçərsiniz?
- Maddi cəhətdən Azərbaycandakı bir günü seçərdim, çünki Şanxay həddindən artıq bahalı şəhərdir. Bir günlük xərc Bakının 1 həftəliyinə bəs edər. Amma ümumilikdə Şanxay daha üstündür. Misal göstərim, Bakıda oxuduğum vaxtda da işləyirdim, burada da oxuya-oxuya işləyirəm. Yəni səhər sübh çağı evdən çıxıb, bir də axşam gəlirəm. Qrafik dəmək olar ki, hər iki şəhərdə də eynidir. Amma fərq bundadır ki, səhər evdən çıxıb metroya minəndə Bakıdakı kimi solğun, aqressiv simalar deyil, gülərüz, pozitiv insanlar ilə qarşılaşırsan. Evdən alt paltarında çıxıb dərsə və ya işə getsəniz belə, kimsə yolda, küçədə başını qaldırıb sizə baxmaz. Baxsa belə, bunu maraq üçün, "görəsən, bu geyim tərzi onun milli geyimidir?" sualı ilə edəcək. Bizdəki kimi "qınaq və lağlağı" ilə yox. Birdə ki, işdən çıxdıqdan sonra istirahət üçün seçim imkanları çoxdur. Bakıda isə bu çox məhduddur.

- Çin dili dünyanın ən çətin dillərindəndir. Bu dili öyrənirsiz?
- Çin dili hal hazırda dünyanın ən çətin dili hesab olunur. Ümumilikdə ənənəvi (traditional) Çin dilində 17000-dən çox heroqlif var. 2400-dən çox aşkar olunmamış heroqlif mövcuddur. Bəli, Çin dili üzrə təhsil alıram və orta səviyyədən bir az yüksək bilirəm. Çox maraqlı və ecazkar dildir. Vacibliyi orasındadır ki, çincə dünyada ən çox danışılan dildir. Əlavə olaraq, yaxın gələcəkdə başda Azərbaycan da daxil olmaqla bütün dünyada bu dilə çox böyük təlabat yaranacaq.

- Sizcə, ingilis dilini əvəzləyə bilər?
- Bu bir az çətin prosesdir. Amma dünyada ən çox danışılan, ən çox təlabat olan, ən sürətlə tələbə sayı artan dil olduğunu nəzərə alsaq, yaxın zamanda olmasa da, gələcəkdə mümkündür. Təbii ki, qarşısı alınmasa. Çünki onsuz da ÇXR-nın istəyi bu yöndədir, amma İngiltərə və Amerika da boş durmur.

"Əksər azərbaycanlı tələbələr gecə klublarında əylənirlər" - Çində təhsil

- Çin daha çox kapitalistdir yoxsa kommunist?

- Ölkə rəsmi şəkildə kommunist yönümlü sayılır. Ölkədaxili siyasətində də bunu göstərir, banklar, mədənlər, limanlar, bir çox qurumların hər biri dövlətə məxsusdur. Yəni hər hansı fiziki və ya hüquqi bir şəxs ola bilməz. Amma bütün bunların altında kapitalist ideologiyası daşıyan addımlar, qanunlar və icraedicilər dayanır. Yəni vətəndaşlarına qarşı özünü kommunist kimi göstərir, amma əslində kapitalist mövqe tutur.

- Çində ən çox nəyi sevirsiniz?
- Təbiətini, qədim mədəniyyətini, inanclarını, milli mətbəxini, keçmişlə modern dünyanı özündə birləşdirən dəyərləri, gündüzlər həddən artıq çox olan sıxlıq ilə axşam saat 22-dən sonrakı səssizliyi.

- Orada olan - təhsil və ya başqa bir sahə ilə bağlı hansı məsələni Azərbaycanda tətbiq etmək istərdiniz?
- Əslində çox şeyi tətbiq etmək istəyərdim - təhsildəki güclü praktika sistemini, orada təcrübəyə ayrılan büdcənin burada da ayrılmasını, dövlətin turizm sahəsinə ciddi nəzarətini, nəqliyyat sistemindəki qaydaları və s. 30 milyonluq Şanxay şəhərindəki tıxac Bakıdakının yanında toya getməlidir. Ən əsası sosial aləmdən səmərəli istifadə və bunun üçün lazım olan proqramları Azərbaycanda görmək istərdim.

- Çinlilər kadrlarını seçərkən daha çox nələrə önəm verirlər?
- İşçinin yerli və ya xarici olması vacib deyil. Yəni xarici şəxs yaşayış və işləmək hüququna sahibdirsə, problem yoxdur. Amma idarə, kadrlar şöbəsi heyəti daha çox işçinin dil biliyinə üstünlük verir. Əlbəttə, görəcəyi iş və ya tələb olunan iş üzrə bilgisi olması da önəmlidir.

- Təhsilinizi bitirdikdən sonra Azərbaycana qayıdıb çalışmaq istəyirsiz, yoxsa elə orada qalmaq?
- Bu sualı 1-2 il öncə versəydiniz, qəti şəkildə burada qalıb qayıtmamaq cavabını verərdim. Amma insan yaşa dolduqca bəzi reallıqları görüb, hissi davranmaq məcburiyyətində qalır. Hər nə qədər qayıtmaq istəməsəm də, ailəmin tək oğluyam və nə mən onlardan daimi ayrı qala bilərəm, nə də onlar məndən. Bu səbəbdən bu kimi nüanslar məni düşünməyə vadar edir. Amma yenə də son qərarımı verməmişəm. Bilmək olmaz, bəlkə onları da yanıma gətirə bildim.
İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti