Peşə məktəblərində təhsil almaq üçün 2000-dən çox şagird qeydiyyatdan keçib

5-08-2017, 13:28
Oxunub: 303
Şagirdlər müsahibə komissiyasına ehtiyac duyulmadan dərs ili başlayanda orada təhsil alacaqlar


Avqustun 1-dən 2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna start verilib. 

APA-nın xəbərinə görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili bildirib ki, artıq 2000-dən çox qeydiyyatdan keçən var. 

Onun sözlərinə görə, peşə təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində şəffaflıq və vətəndaşların sənəd qəbulu prosesində rahat müraciət etmə imkanlılığı təmin edilib: “Ötən il yalnız Bakı və Gəncə şəhərləri üzrə 6 min nəfər “ASAN Peşə” layihəsi üzrə sənəd qəbulunda iştirak edib. “ASAN Peşə” layihəsi çərçivəsində qeydiyyatdan keçərək, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul edilmiş şagirdlərin 25 faizinin orta attestat balı 4 və ondan yuxarı olub. Bu il bütün “ASAN xidmət” mərkəzlərində - Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Bərdə, Sabirabad, Masallıdakı mərkəzlərin hər birində peşə seçmək istəyənlər üçün şərait yaradılıb. Həmin mərkəzlərə başqa rayonlarda yaşayanlar da müraciət edə bilər. Bunun üçün məktəbə getmələrinə ehtiyac yoxdur. İxtisaslar barədə nazirliyin saytında da geniş məlumat verilir. Yaxud rayonda bir “ASAN xidmət” mərkəzinə gəlməklə vətəndaş Bakıda birdən-birə 11 təhsil müəssisəsinin ixtisasları haqqında məlumatlar ala bilir və 10 ixtisas üzrə seçim aparır”. 

A.Əlili qeyd edib ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən şagirdlərin orta ixtisas balına görə yerləşdirilməsi aparılacaq və avqustun 23-də nəticələr elan olunaraq saytda yerləşdiriləcək. Onun sözlərinə görə, şagirdlər yerləşdirildikləri ixtisaslar üzrə təhsil müəssisələrinə sənədlərini təqdim edəcək və müsahibə komissiyasına ehtiyac duyulmadan dərs ili başlayanda orada təhsil alacaqlar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti